Bakıda Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu keçirilib

Bakıda Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu keçirilib

Bakıda Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən simpoziumun təntənəli açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən film nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu iştirakçılarına ünvanladığı müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev belə böyükmiqyaslı tədbirin keçirilməsinin, xüsusən də onun müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb: “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir”.
Teymur Musayev xatırladıb ki, Azərbaycan səhiyyəsi, əhalinin sağlamlığının qorunması həmişə Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub:
“Ulu Öndərin göstərişi ilə Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirilib. Yeni elmi-tibbi mərkəzlər açılıb, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırılıb. Ümummilli Liderin təşəbbüsü nəticəsində perspektivli gənclər qabaqcıl ali təhsil ocaqlarında oxumağa, gənc alimlər isə tibb müəssisələrində elmi tədqiqatlar aparmaq üçün aspirantura və doktoranturaya göndəriliblər.
Onlardan bir çoxu bu gün də fəaliyyətini davam etdirir, Azərbaycan səhiyyəsinin tərəqqisinə, həkimlərin və tibb alimlərinin yeni nəsillərinin yetişməsinə öz töhfələrini verir”.
Daha sonra nazir öz çıxışında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev milli səhiyyənin tərəqqisini daim diqqət mərkəzində saxlayır: “Dövlət başçısının rəhbərliyi altında vətəndaşların sağlamlığının mühafizəsi üzrə görülən işlər sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da vətəndaşların sağlamlığına daim diqqət və qayğı göstərir. Onun ölkə səhiyyəsinə, tibb işçilərinə qəlbən və əməli himayədarlığı, insanların səhhətinə qayğısı hər bir tibb işçisini qürurlandırır”.
Çıxışının sonunda səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Dünya Azərbaycanlı Təbiblərin I Simpozimunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir: “Simpoziumun ölkəmizdə və ondan kənarda çalışan tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə, tibbin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə, həmvətənilərimiz arasında həmrəylik mühitinin inkişafına töhfələr verəcəyinə əminəm”.
Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığını, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söyləyib: “Bu gün vətəndaşlarımız dəyəri çox yüksək olan cərrahi əməliyyatlardan ödənişsiz faydalanırlar. Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq yerli cərrahlarımız tərəfindən uğurla icra olunur”. Z.Əliyev bildirib ki, tibb müəssisələrində, xüsusən bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində davamlı addımlar atılır. Bu məqsədlə qəbul edilmiş proqrama əsasən, xaricdə təhsil almış, 42-si cərrahi, 24-ü terapevtik profillər üzrə ixtisaslaşmış 66 həkim-mütəxəssis artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Ağdaş və Şəki rayonlarında dövlət tibb müəssisələrində işə qəbul olunublar. Bu yaxınlarda müddəti daha bir il uzadılmış bu proqram, eyni zamanda, xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tətbiqi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir: “Çox yaxşı olardı ki, xaricdən gələn həkimlərimiz Azərbaycandakı həmkarları ilə mütəmadi əlaqədə olsunlar, əməkdaşlıq etsinlər. Hesab edirəm ki, inkişaf etmiş ölkələrin səhiyyə praktikasını Azərbaycanda tətbiq etmək, tibbin ən son yenilikləri, müayinə və müalicə metodları haqqında məlumatları həmkarları ilə bölüşmək faydalı olar”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun son illərdə gördüyü işlərlə bağlı, o cümlədən koronavirus pandemiyası ilə mübarizə tədbirləri, Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkili və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin yüksək səviyyədə qurulması haqqında ətraflı məlumat verib. İlk dəfə keçirilən Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunda dünyanın 14 ölkəsində çalışan 121 azərbaycanlı həkim-mütəxəssisin iştirak etdiyini deyən V.Qurbanov əsas məqsədin dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaq olduğunu söyləyib. Bildirib ki, TƏBİB peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olar.Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev son dövrlərdə Azərbaycanda tibb təhsilində kifayət qədər inkişafın müşahidə edildiyini, burada bir neçə prinsipin önəmli olduğunu deyib: “Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı
artırılmaqdadır. Proqnoz yerlərə olan nisbətdə tibb ixtisaslarına münasibətdə 91 faiz yerlər dövlət sifarişi əsasında maliyyələşir. Yəni həkim olmaq istəyən 100 abituriyentdən 91-nin təhsil haqqı dövlət tərəfindən qarşılanır.
Digər məsələ tibb təhsilinin əhatəliliyidir. Son dövrlərdə bu istiqamətdə bir sıra işlər görülüb. Biz təkcə paytaxtda deyil, regionlarda da ali təhsil müəssisələrində tibb fakültələrinin açılması istiqamətində mərhələli, keyfiyyəti qurban vermədən fəaliyyətimizi davam etdirməliyik. Bu, həm tibb təhsilinə, həm də universitetin inkişafına qarşılıqlı töhfə verir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin sayının 2 minə yaxın olduğunu qeyd edib: “Çox sevindiricidir ki, onlar xaricdə təkcə həkim fəaliyyəti ilə deyil, eyni zamanda, müxtəlif tibb sahələrində inzibati vəzifələrdə də irəli çəkilirlər”.Simpoziumda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibb niversitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək dünyanın müxtəlif ölkələrində çalışan həkimlərlə Azərbaycanda fəaliyyət göstərən həkimləri bir araya gətirən belə böyükmiqyaslı bir tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, tibb üzrə fəlsəfə doktoru, dosent Vüqar Yaqublu çıxışında Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlardan, eləcə də azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi imkanı qazandıqlarından məmnunluğunu ifadə edib.
İstanbul Liv Hospitalının Beynəlxalq Xəstə xidmətləri qrupunun həkimi Tural Xaspolad isə dünyada tibb sahəsində gedən müasir yanaşmalar və tendensiyaların təqdim olunduğu simpoziumun iştirakçısı olduğu üçün təşəkkürünü bildirib.Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislərin iştirak etdiyi simpoziumun açılış mərasimi bədii hissə ilə davam edib.
Dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə ölkəmizdə tibb sahəsindəki yenilikləri paylaşmaq, xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaq, mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək məqsədi daşıyan simpozium altı gün ərzində öz işini davam etdirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova