Türk dövlətləri fəlakətlərə qarşı birgə mübarizə aparacaq

Türk dövlətləri fəlakətlərə qarşı birgə mübarizə aparacaq

Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayıb. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd edən Türkiyə Prezidenti bu Fondun üzv ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Zirvə görüşündə çıxış edib.
Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin bizi olduqca kədərləndirdiyini deyən dövlət başçısı faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub: “Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub, bundan sonra da belə olacaq.
Zirvə görüşündə həmçinin Türk Dövlətləri Təşkilatına sədrlik edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban və başqaları çıxış ediblər. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.
Zirvə görüşünə yekun vuran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə qəbul olunan qərarların ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.
Sonda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova