Azərbaycanda müasir uşaq reanimasiya şöbələrinin yaradılması müzakirə edilib
Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan tanınmış neyrocərrah, İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Neyrocərrahiyyə şöbəsinin rəhbəri Mikki Gideonla görüş keçirilib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın nümunəvi olduğunu deyən nazir Teymur Musayev İsraili yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biri adlandırıb: “Ölkələrimizdə səhiyyə sahəsində yüksək texnologiyalar, virusologiya, mikrobiologiya və digər istiqamətlər üzrə əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətdən məmnunuq. Bundan əlavə, Azərbaycan Tibb Universiteti İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi ilə fəal əməkdaşlıq edir”.
Doktor Gideonun öz karyerası ərzində bir sıra unikal əməliyyatlar həyata keçirdiyini vurğulayan nazir qeyd edib ki, onlardan bəziləri neyrocərrahiyyə sahəsində innovativ əməliyyatlardır. Teymur Musayev İsrailli qonağın 2021-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya səfərini xatırladıb.
Sonda Azərbaycan səhiyyə naziri müştərək elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən doktor Mikki Gideon təmsil etdiyi tibb mərkəzinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Soroka klinikası İsrailin ən böyük müalicə-diaqnostika mərkəzlərindən biridir: “Tibbi mərkəzin müasir avadanlıqları xəstəliklərə ən erkən mərhələdə diaqnoz qoymağa imkan verir ki, bu da öz növbəsində daha dəqiq və effektiv müalicəyə kömək edir”.
Sonda doktor Gideon pediatriya, eləcə də səhiyyənin digər sahələrində multidisiplinar yanaşmanın təmin edilməsi üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı həm pediatriya, həm də digər ixtisaslar üzrə tərəfdaşlığın gücləndirilməsi, Azərbaycanda müasir uşaq reanimasiya şöbələrinin yaradılması, İsraildə azərbaycanlı həkimlər üçün təqaüd proqramları müzakirə olunub. Eyni zamanda, gələcəkdə Azərbaycanın bölgələrində Tədris Simulyasiya Mərkəzinin təşkili, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutu ilə Soroka Tibb Mərkəzi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, pediatriya sahəsində davamlı təhsilin gücləndirilməsi və səhiyyədə rəqəmsallaşma perspektivləri müzakirə edilib.