Ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr tətbiq olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun imzalayıb.
Sənədə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 562-1-ci maddə əlavə edilib:
“Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması
562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
562-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir”.