“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun imzalayıb.
Sənəddə qeyd olunur ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci, 11-ci, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, adıçəkilən məcəllədə və qanunlarda müəyyən dəyişikliklər edilməsini qərara alıb.
O cümlədən, Qanunun 4-cü maddəsinə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bəzi dəyişikliklər edilib. Belə ki, sənədə aşağıdakı məzmunda 15-5.2.3-cü və 15-5.2.4-cü maddələr əlavə olunub:
“15-5.2.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini fərdi qaydada (muzdlu işçi cəlb etmədən) “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək;
15-5.2.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini fərdi qaydada (muzdlu işçi cəlb etmədən) “Fərqlənmə nişanı” almaqla həyata keçirmək”.
Həmçinin 15-11.4-cü maddəyə “sığorta haqqı” sözlərindən sonra “(Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir”.
Dövlət başçısının imzaladığı digər bir sənəd ““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundur.
Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qəbul etdiyi həmin sənədə əsasən, “Tibbi sığorta haqqında” Qanuna aşağıdakı məzmunda 15-21.1-1-ci maddə əlavə edilib:
“15-21.1-1. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur”.
Prezident İlham Əliyev ““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 685-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Fərman verib.
Sənəddə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar müəyyən edilir ki, Qanunun 15-21.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmçinin həmin maddədə “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
Yeni Fərmanla Azərbaycan Respublikası Prezidentinin müvafiq mövzuda 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də müəyyən dəyişikliklər edilib.