Səhiyyə Nazirliyinin dəstəyi ilə I Milli Pediatriya Konqresi keçirilib
Bakıda Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin (AzPC) təşkilati dəstəyi ilə I Milli Pediatriya Konqresi keçirilib.
Beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə keçən ikigünlük konqresdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konqresin təşkil olunmasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, ölkəmizdə ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir: “Azərbaycanda son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub. Bununla belə, pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətli rolu var”.
Konqresdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, pediatriya sahəsində çalışan həkimlərin ixtisas artımı üçün ildə 4 dəfə Azərbaycanın fərqli bölgələrində birgünlük kurs və onlayn formatda seminarlar keçirilməlidir. Həmçinin bildirib ki, ucqar bölgələrdə yaşayan uşaqların müayinə və müalicəsi üçün işçi qrupları yaradılacaq. AzPC-nin həkimlərin ixtisas artımına dəstək üçün bir sıra layihələri olduğunu söyləyən E.Rəhimov bu sahədə ölkədaxili və xarici peşə cəmiyyətləri ilə birgə tədbirlərin təşkilinin vacibliyindən danışıb. Deyib ki, həkimlərin öz peşə bilik və bacarıqlarını artırmasının qarşısında yaranan problemlərdən biri də tibb kitablarının bir çoxunun ana dilimizdə tərcüməsinin olmamasıdır. Bu kitablar tez bir zamanda tərcümə edilməli və həkimlər üçün əlçatan olmalıdır.
Öz çıxışlarında Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris işləri üzrə prorektoru Təyyar Eyvazov, TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, Türk Pediatriya Qurumunun sədri Haluk Çokuğraş, Türk Neonatoloji Dərnəyinin sədri Esin Koç, PAUDER Dərnəyinin sədri Bumin Dündar və digərləri konqresin işini yüksək qiymətləndirib, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
I Milli Pediatriya Konqresi öz işini panel sessiyalarla davam etdirib. Sessiyalarda pediatriya üzrə elmi məruzələr dinlənilib, mövzu ilə bağlı suallar verilib, müzakirələr aparılıb.
Qeyd edək ki, konqres çərçivəsində 7 nəzəri və praktik kurs keçirilib və təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.