Prezident İlham Əliyev yeni alınmış təcili tibbi yardım avtomobilləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
AZƏRTAC-ın yaydığı xəbərə görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.
Prezident İlham Əliyevə FHN tərəfindən alınmış xüsusi təyinatlı avtomobillər təqdim edilib.
Sonra dövlət başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobillərinə baxıb.
İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir. Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan, ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 diferensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.
Bildirilib ki, Bakıda və ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub. İndiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin olunub.
Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.
Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.