Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti Səhiyyə Nazirliyində olub
Səhiyyə Nazirliyində Dünya Bankının Texniki Yardım Missiyasının ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb: “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Nazir bildirib ki, səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir, rəqəmsal texnologiyalardan istifadə isə bu sistemdə aparılan islahatların əsasını təşkil edir.
Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xətlə inkişaf etməsinə təkan verir. Sonda nazir əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dünya Bankının səhiyyə üzrə aparıcı iqtisadçısı Driss Zine-Eddine El-İdrissi təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayaraq, Azərbaycanda səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini deyib.
Qeyd edək ki, Texniki Yardım Missiyasının əsas məqsədləri təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı Dünya Bankının texniki qiymətləndirmələrini və tövsiyələrini Səhiyyə Nazirliyinə və ölkəmizin digər səhiyyə qurumlarına təqdim etmək, eləcə də Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin, həmçinin təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair məlumat mübadiləsi, məlumatlandırma üçün seminar keçirmək və sairdir.