Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Fərman verdi
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 14.3-1-ci bənd əlavə edilsin:
“14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2022-ci il