Talassemiya ilə mübarizəyə dair yeni Dövlət Proqramı qəbul edildi

Talassemiya ilə mübarizəyə dair yeni Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Ölkə başçısının həmin Sərəncamı ilə yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın Giriş hissəsində qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə vardır. Bu ağır irsi qan patologiyasının geniş yayıldığı ölkələrdən olan Azərbaycanda hər il 200-dən artıq uşaq bu xəstəliklə doğulur, Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz və Göyçay rayonlarında ona daha çox rast gəlinir.
Giriş hissəsində həmçinin qeyd edilir ki, son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində görülən mühüm işlər, həyata keçirilən tədbirlər proqramları bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması, orada xəstələrin müalicəsinin müasir səviyyədə təşkili, talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının həyata keçirilməsi və sair sayəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Bununla belə, əhali arasında talassemiyanın profilaktikası istiqamətində kompleks tədbirlər görülməsinə, maarifləndirmə, sosial səfərbərlik tədbirləri, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac vardır. Yeni Dövlət Proqramı məhz profilaktikanın gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Sənəddə bildirilir ki, Dövlət Proqramının məqsədi Azərbaycanda bu xəstəliyin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Bu sahədə profilaktikanın gücləndirilməsi, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi, daşıyıcıları aşkar etmək üçün laboratoriya müayinələrinin genişləndirilməsi, müasir informasiya texnologiyalarından istifadə etməklə talassemiya üzərində nəzarət sisteminin qurulması, daşıyıcılara və xəstələrə həkim məsləhətinin, eləcə də dölün prenatal diaqnostikasının təşkili, əhalinin maarifləndirilməsi və sosial səfərbərliyi qarşıya vəzifə kimi qoyulur.
Dövlət Proqramının reallaşması üçün tələb olunan xərclər müvafiq illər üçün dövlət büdcəsinin “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdiriləcək.
Nəzərdə tutulur ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyəti yüksələcək. Həmçinin nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhəti verilməsi, prenatal diaqnostikanın tətbiqi, talassemiyalı xəstələrin sayının kəskin azalması, əhalinin talassemiya xəstəliyi sahəsində biliklərinin artması Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr sırasındadır.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında təşkilati tədbirlər kimi talassemiya daşıyıcılarının aşkar edilməsi sahəsində normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi (2015) Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinə, nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramın hazırlanması və tətbiq edilməsi (2015) Səhiyyə və Ədliyyə Nazirliklərinə, müasir informasiya texnologiyalarından istifadə etməklə, talassemiya üzərində nəzarət sisteminin təşkili (2015–2016), həmçinin mütəmadi olaraq Dövlət Proqramının icrasına nəzarət, icmal hesabatların hazırlanması Səhiyyə Nazirliyinə həvalə olunub.
Tədbirlər Planının “Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi” bölümündə Respublika Talassemiya Mərkəzində (2015), B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (2015) və Mərkəzi Qan Bankının rayon bölmələrində (2018-2019) talassemiyanın kapillyar elektroforez üsulu ilə müayinəsinin təşkili, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə tibb müəssisələrinin zəruri avadanlıq və reaktivlərlə təmin edilməsi (mütəmadi), Qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün Hematologiya və Transfuziologiya İnstitutunun 10 ədəd avtomobillə təmin edilməsi (2015) nəzərdə tutulur.
Sənəddə talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədi ilə nikaha daxil olmaq istəyən şəxslərin mütəmadi olaraq müayinəsinin aparılması, xəstəlik daşıyıcılığı aşkar olunan cütlüklərə həkim məsləhətinin verilməsi kimi tədbirlər də öz əksini tapıb. Həmçinin dölün prenatal diaqnostikası məqsədilə 2015-ci ildən Respublika Perinatal Mərkəzində və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 2017-2018-ci illərdən etibarən isə həm də regional perinatal mərkəzlərdə talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialının götürülməsi təşkil ediləcək, həmin materialların Respublika Talassemiya Mərkəzində və Hematologiya və Transfuziologiya İnstitutunda molekulyar-genetik müayinəsi aparılacaq.
Tədbirlər Planının “Talassemiyanın müalicəsinin təkmilləşdirilməsi” bölümündə Klinik protokollara uyğun olaraq, talassemiyanın radikal müalicəsinin – sümük iliyi transplantasiyasının həyata keçirilməsi, müasir müalicə üsullarının tətbiqi yolu ilə xəstəliyin fəsadlarının qarşısının alınması, talassemiyanın profilaktikası və müalicəsi üzrə klinik protokolların, metodik vəsaitlərin, təlimatların və elmi ədəbiyyatın hazırlanması nəzərdə tutulur.
Proqramda kadr hazırlığı məsələlərinə də yer ayrılıb. Belə ki, xarici ölkələrdə təhsil də daxil olmaqla, talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması, Azərbaycanın müxtəlif şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanması, həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların, eləcə də ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkili, mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakı planlaşdırılır. Bütün sadalanan tədbirlərin icrası Səhiyyə Nazirliyinə həvalə edilib.
“Əhalinin talassemiyaya dair maarifləndirilməsi” bölümündə isə icraçı orqan kimi müxtəlif qurumların adları sadalanır. Belə ki, Təhsil Nazirliyinə ümumtəhsil müəssisələrində biologiya fənni proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədris edilməsi, Səhiyyə Nazirliyinə talassemiyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi və yayılması, həm bu nazirliklərə, həm də Gənclər və İdman Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi və kütləvi informasiya vasitələrinə talassemiyanın profilaktikasına dair məlumatların KİV vasitəsilə əhaliyə çatdırılması tapşırılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova