Azərbaycan - Türkiyə səhiyyə əməkdaşlığı və birgə layihələri ətrafında səmərəli fikir mübadiləsi aparılıb
Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.
Toplantını giriş sözü ilə açan Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.
Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin may ayında qardaş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik. Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderlərdən biridir”.
COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da mütəmadi xarakter aldığını vurğulayıb.
Teymur Musayev müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edib: “Ölkəmizdə ilk dəfə təşkil olunan Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisi bunun bariz nümunəsidir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam edəcək və bu forum investorlar üçün yeni imkanlar yaradacaq”.
Həmçinin Teymur Musayev birgə biznes forumun ənənəvi olacağına ümidvar olduğunu bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Fahrettin Koca vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir.
Türkiyəli nazir səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcüdluğunu diqqətə çatdırıb. Xatırladıb ki, bu ilin may ayında “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” imzalanıb. Bu sənədin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan Türkiyənin səhiyyə naziri onun ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağına inamını ifadə edib.
Çıxışının sonunda Fahrettin Koca azərbaycanlı həmkarını bu ilin oktyabrında İstanbulda keçiriləcək Türk Tibb Dünyası Konqresinə dəvət edib.