Nazirlər Kabineti orqan transplantasiyası ilə bağlı üç sənəd qəbul edib
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə donorluq və orqan transplantasiyası sahəsində fəaliyyəti tənzimləyən üç sənədi təsdiq edib.
Baş Nazir Əli Əsədov bununla bağlı qərarlar imzalayıb.
Təsdiq edilmiş sənədlərdən biri “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”dır.
Qərar Azərbaycan Respublikasının ərazisində insan orqan və toxumalarının götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.
Qaydaya əsasən canlı donordan donor orqanların götürülməsi cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan, bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.
Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş mütəxəssis tərəfindən aparılır.
Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.
Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edilərsə, utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.
Qəbul olunmuş ikinci sənəd “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”dır.
Bu sənədlə transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydası, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələləri tənzimlənir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formaları müəyyən edilir.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün, siyahısı Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə müəyyən edilmiş tibb müəssisələri həmin donor orqanlar gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qərarın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsə müraciət edirlər. Donor orqanların transplantasiya məqsədilə idxalına icazə alınması üçün ərizəyə müvafiq sənədlər əlavə edilir.
Ərizənin qeydiyyata alındığı gündən 7 (yeddi) iş günü müddətində Koordinasiya Mərkəzi tərəfindən sənədlərə baxılır və bu Qərarın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.
Donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Koordinasiya Mərkəzi tərəfindən transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərar “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsisteminə daxil edilir və dərhal bu barədə məlumat elektron qaydada gömrük orqanına ötürülür.
Nazirlər Kabinetinin təsdiq etdiyi üçüncü sənəd “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi”dir.
Qərar bu bazanın formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını, Vahid dövlət informasiya bazasının strukturunu, bazaya daxil olan məlumatların dairəsini, bazadan istifadə qaydasını müəyyən edir.
Vahid dövlət informasiya bazası orqan donorluğu və transplantasiyanın həyata keçirilməsi zamanı vahid uçotun aparılması, məlumatların elektronlaşdırılması, tibb müəssisələri tərəfindən düzgün informasiyanın daxil edilməsinə nəzarətin həyata keçirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların formalaşdırılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.
Vahid dövlət informasiya bazasının aparılmasını Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxs həyata keçirir.
Vahid dövlət informasiya bazasının strukturu “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemindən, “Hesabatlar” altsistemindən və Qanunun 13-cü maddəsində göstərilən 10 reyestrdən ibarətdir. Bunlar ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri; ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri; canlı donorların reyestri; resipiyentlərin reyestri; sümük iliyi donorluğuna namizədlərin reyestri; süni orqan və material köçürülmüş şəxslərin reyestri; transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestri; donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin reyestri; transplantasiya üzrə koordinatorların reyestri və həkim-transplantoloqların reyestridir.
Vahid dövlət informasiya bazasının formalaşdırılmasının məqsədi orqan donorluğu və transplantasiyasının həyata keçirilməsi zamanı vahid uçotun aparılması, orqan donorluğu və transplantasiyası fəaliyyətinin təmin edilməsidir.