BMT Baş Assambleyasının 77-ci sessiyasında Azərbaycanın səhiyyə üzrə qlobal təşəbbüslərindən danışılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının “Dönüş məqamı: bir-biri ilə əlaqəli çağırışların transformativ həlli yolları” mövzusunda Ümumi Müzakirələri çərçivəsində bəyanatla çıxış edib.
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, nazir öz nitqində başqa mövzularla yanaşı, səhiyyə sahəsində Azərbaycanın həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində qlobal təşəbbüslərindən də söz açıb.
Ceyhun Bayramov qeyd edib ki, dünya COVID-19 pandemiyasının gətirdiyi ciddi problemlərlə üzləşməkdə davam edir. Peyvəndləmənin miqyasının genişləndirilməsi və dünya əhalisinin yeni reallıqlara uyğunlaşmasının COVID-19 pandemiyasından sonrakı dövr üçün ümidlər yaratmasına baxmayaraq, ciddi problemlər hələ də qalmaqdadır: “Pandemiyanın səbəb olduğu bütün təcili və uzunmüddətli çağırışlar qlobal əməkdaşlıq və həmrəylik üçün hərtərəfli çərçivəni təmin edəcək və yüksək səviyyəli siyasi iştirakla dəstəklənən yeni mexanizmləri zəruri edir.
Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olub və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürüb. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü BMT üzvlərinin geniş dəstəyini qazanıb. Həmçinin Qoşulmama Hərəkatı adından Azərbaycan üzv dövlətlərin böyük dəstəyi ilə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında qəbul edilmiş COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələri müzakirəyə çıxarıb”.
Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan ölkə daxilində effektiv peyvəndləmə kampaniyası ilə yanaşı, ehtiyacı olan ölkələrə də əhəmiyyətli miqdarda COVID-19 peyvəndləri bağışlayıb: “Biz pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə beynəlxalq yardım göstərmişik. Pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COVID-19 pandemiyasından sonrakı qlobal bərpa üçün səylərimizin birləşdirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Prezidenti bununla əlaqədar olaraq BMT-nin pandemiyadan sonrakı qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu, yaxın aylarda Bakıda keçiriləcək COVID-19 pandemiyası ilə mübarizə üzrə Qoşulmama Hərəkatının Təmas Qrupunun qarşıdan gələn Zirvə Görüşündə müzakirəyə çıxarılacaq mövzulardan biri olacaq”.
Ceyhun Bayramov bildirib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan uzun bir yol keçərək, öz torpağında təhlükəsizlik çağırışları ilə üzləşmiş bir ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilib. Bu yolda Azərbaycan BMT-nin güclü və etibarlı tərəfdaşı olub, onu qətiyyətlə dəstəkləyib və onun fəaliyyətinə fəal töhfə verib. Ölkəmiz həm milli imkanları, həm də Qoşulmama Hərəkatının hazırkı sədri kimi sülh və təhlükəsizliyə, beynəlxalq hüquqi nizamın möhkəmləndirilməsinə, dialoqun, qlobal həmrəyliyin və çoxtərəfliliyin gücləndirilməsinə töhfə verməyə davam etməkdə maraqlıdır.
Çıxışının sonunda Azərbaycan Respublikasının xarici işlər naziri deyib: “Ərazilərini uzunmüddətli xarici hərbi işğaldan azad edən Azərbaycan onların mümkün olan ən yüksək standartlara uyğun olaraq tam şəkildə yenidən qurulması və yenidən inteqrasiyası istiqamətində səylərini əsirgəməməkdə əzmlidir. Eyni zamanda, ölkəmiz istər qlobal enerji təhlükəsizliyinə töhfə vermək, istər COVID-19 pandemiyasına qarşı mübarizəyə kömək etmək, istərsə də davamlı inkişafı təşviq etmək kimi, bütün müvafiq sahələrdə beynəlxalq birliyin məsul üzvü rolunu oynamağa davam edəcək. Biz inanırıq ki, qloballaşan dünyada heç bir ölkə ada deyil və biz buna uyğun hərəkət edirik”.