“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilib.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, icrasına nəzarət və hesabatlılıq Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti həmçinin Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, orada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin bu Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
“Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” şüarı ilə tərtib olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhalinin sağlamlığının qorunmasına aid bir sıra mühüm məqamlar da yer alır.
Sənəddə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə son 10 ildə əsas nailiyyətlər, qarşıdakı onillik müddətdə qlobal meyillər, çağırışlar və imkanlar şərh olunub. O cümlədən, vurğulanıb ki, beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bildirilib ki, son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb və xarici təsirlərə davamlı olub. 2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratsa da, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşıb. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artıb. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil edib. İqtisadi artımın inklüziv və dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansı gözlənilib. Kəndlərdə də, şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun vacib elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yaradılır.
Strategiyada xüsusi vurğulanıb ki, COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatları üçün səhiyyə, ərzaq təhlükəsizliyi və dayanıqlı məşğulluq çağırışlarını aktuallaşdırmaqdadır: “Rəqəmsal texnologiyaların səhiyyə sisteminə tətbiqi nəticəsində çevik və təmassız tibb xidmətləri genişləndirilir və daha çox insan səhiyyə xidmətlərinə ucuz çıxış əldə edir. Yoluxucu xəstəliklərdən qorunma yalnız güclü səhiyyə sistemi və qabaqlayıcı tədbirlər hesabına mümkün deyil. Eyni zamanda insanların sağlam və adekvat qidalanması və bu əsasda tələb olunan immunitetin formalaşması vacibdir”.
Sənədin “2022─2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış” bölməsində qeyd olunur ki, strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək.
“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”də bildirilir ki, yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaq. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcək. Əhalinin idmanla məşğul olması təşviq olunacaq. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaq. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq. ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcək.
Bildirilib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 17 altməqsədi ilə sıx əlaqələndirilib. “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə nail olmaqla Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi də təmin ediləcək.
Strategiya çərçivəsində ilkin strateji dövrdə təməl şərtlərin geniş fəaliyyət istiqamətləri vasitəsilə işə salınmasını təmin edən tədbirlər planı da hazırlanıb.
Planın "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” Milli Prioritetinin "Davamlı və yüksək iqtisadi artım” məqsədinin 1.1.10-cu fəaliyyət istiqaməti “Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi” adlanır. Bu istiqamətdə bir bənd ölkənin müxtəlif şəhər və rayonlarında dövlət‒özəl tərəfdaşlığı çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm xidməti göstərən tibb müəssisələrinin sayının artırılmasını nəzərdə tutur. 2022‒2026-cı illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Səhiyyə Nazirliyi (SN), digər icraçılar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Dövlət Turizm Agentliyidir. Layihənin icrası zamanı tibbi turizmin inkişafı ilə bağlı təkliflər həyata keçiriləcək. Dövrün sonuna 2 tibb müəssisəsinin “Joint Comission İnternational” akkreditasiyasını əldə etməsi, Azərbaycanın Medical Tourism Index (MTI) üzrə reytinq cədvəlinə daxil olması planlaşdırılır. Nəticədə, tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması gözlənilir.
Tədbirlər Planının 2-ci Milli Prioriteti "Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” adlanır. Onun “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədinin "Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması” fəaliyyət istiqamətinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması, müəssisələrdəki uşaqların ailələrinə qaytarılması, ailə əsaslı alternativ qayğı forması kimi himayədar ailə sisteminin qurulması” tədbirində əsas icraçı orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, SN isə digər icraçılardan biridir.
“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” Milli Prioritetinin “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədinin "Tibb təhsilinin gücləndirilməsi və ömürboyu öyrənmənin (life long learning) tətbiqi” fəaliyyət istiqamətinin bütün bəndləri üzrə Səhiyyə Nazirliyi əsas icraçı qurumdur. 2022‒2026-cı illəri əhatə edən bu tədbirlərdən birincisi ilkin səhiyyə xidməti müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlimlərin keçirilməsini nəzərdə tutur. SN ilə yanaşı, İTSDA-ya da həvalə olunan bu bənddə deyilir ki, 2021-ci ilədək ilkin səhiyyə xidməti müəssisələri heyətinin 50%-i təlimlərdən keçib, ailə həkimləri üçün 1 yeni e-kurs yaradılıb. Layihənin icra müddəti ərzində müvafiq təlimlərin hazırlanması və tətbiqi sayəsində bu kontingentin sayının hər il 5% artması, ailə həkimləri üçün hər il 1 yeni e-kursun təşkil edilməsi planlaşdırılır.
İkinci bənd ali və orta tibb təhsili müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, müasir elektron vasitələrdən də istifadə etməklə təcrübə mübadiləsinin aparılması, birgə tədris və elmi fəaliyyətin həyata keçirilməsi adlanır. Əgər 2021-ci ildə 15 birgə elmi-praktiki tədbir keçirilmişdisə, bu tədbirlərin sayının hər il 2 vahid artması nəzərdə tutulur. Tibb təhsili alanlar və tibbi xidmət göstərən heyət üçün zəngin fiziki və elektron kitabxana resurslarına əlçatanlığın təmin olunması, müasir tibbi kitab, jurnal və protokollarla kitabxana resurslarının zənginləşdirilməsi layihəsi çərçivəsində tibbə dair fiziki və elektron kitabxana resursları yaradılacaq, bu sahədə müsbət dinamikaya nail olunacaq. Hazırda 1 milyon 134 min nəşrdən ibarət ümumi kitabxana fondu dövrün sonuna 1 milyon 200 min nəşrə çatdırılacaq. "Tibb və sağlamlıq sahəsi üzrə beynəlxalq elmi-praktiki tədbirlərin Azərbaycanda keçirilməsinə dəstək göstərilməsi” adlanan 4-cü bənd üzrə hər il ən azı 2 beynəlxalq tədbirə, dövrün sonuna isə 10 beynəlxalq tədbirə elmi-metodiki və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır.
Həmin prioritetin “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin bütün fəaliyyət istiqamətləri üzrə tədbirlər əsasən 2022‒2026-cı illəri əhatə edir və böyük əksəriyyətinin əsas icraçısı Səhiyyə Nazirliyidir. Reproduktiv sağlamlığın təmin edilməsi fəaliyyət istiqaməti üzrə ailə həkimi institutunun potensialının artırılması, ailə həkimlərinin antenatal xidmətə fəal cəlb olunması layihəsində icra müddəti ərzində hər il bu həkimlərin 10%-nin antenatal xidmətə cəlb edilməsi nəzərdə tutulur. Hamilə qadınlara, yenidoğulmuşlara, xüsusən azçəkili körpələrə zəruri tibbi xidmət göstərilməsi üçün kadrların inkişaf etdirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizat sisteminin gücləndirilməsi tədbiri üzrə ana ölümü göstəricisinin 15,8-dən (2020-ci il) müvafiq dövrün sonuna 12,9-dək, körpə ölümü göstəricisinin isə 9,8-dən (2020-ci il) 9,3-dək azalması qarşıya məqsəd qoyulur. Bu istiqamət üzrə daha bir tədbir hamilə qadınların maarifləndirilməsi üçün müxtəlif interaktiv internet səhifələrinin və mobil aplikasiyaların yaradılmasıdır. Layihə müddətində e-forumda iştirakçı sayının 50 nəfərdən 150-yə çatması, mobil tətbiqlər üzrə yükləmə sayının hazırkı 300 yükləməyə nəzərən hər il əlavə 200 vahid artması planlaşdırılır. Fertil yaşlı əhali arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə işinin aparılması tədbiri üzrə layihənin başlanğıcında 70%-lik məlumatlılıq səviyyəsi hər il əlavə 5% artacaq.
Bu məqsədin ikinci istiqaməti uşaqların sağlam böyüməsinin təmin edilməsidir. Bu istiqamət üzrə “Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi” və “Uşaqların yoluxucu xəstəliklərə qarşı planlı peyvəndlənməsinin həyata keçirilməsi üçün kadr potensialının gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizatın yaxşılaşdırılması” layihələri icra ediləcək. Nəticədə, 5 yaşadək uşaqlar arasında ölüm göstəricisinin 11,1-dən (2020-ci il) dövrün sonuna 10,5-ə düşməsi, uşaqların peyvəndlərlə əhatə olunmasının isə 87%-dən 95%-ə qalxması gözlənilir. Bu istiqamətin daha bir tədbiri rəqəmsal texnologiyalardan (mobil aplikasiyalar, video-zəng və s.) istifadə etməklə uşaqların peyvəndlənməsinə dair valideynlər arasında mütəmadi maarifləndirmə işlərinin görülməsidir.
Bu məqsədin bir fəaliyyət istiqaməti də uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqidir. Bu istiqamət üzrə “Uşaqların sağlam böyüməsi üçün həkim və qida mütəxəssisinin məsləhətləri olan mobil aplikasiyaların və ya müxtəlif interaktiv internet səhifələrinin yaradılması”, eləcə də “Məktəblərdə sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi üzrə kadr potensialının gücləndirilməsi və infrastrukturun yaradılması” layihələri icra ediləcək. Bu məqsəd üzrə adı çəkilən bütün tədbirlərin əsas icraçısı SN, digər icraçı İTSDA, sonuncu bənd üzrə əlavə olaraq həm də Təhsil Nazirliyidir.
“Vətəndaşların sağlam həyat tərzi” məqsədinin daha bir fəaliyyət istiqaməti uşaqların psixi sağlamlığının möhkəmləndirilməsidir. Bu istiqamət üzrə "Rəqəmsal texnologiyalardan istifadə etməklə psixoloqların uşaqlarla görüşlərinin keçirilməsi, psixoloji dəstəyə ehtiyacı olan uşaqlar üçün xüsusi müalicə proqramlarının hazırlanması” layihəsi dövrün sonuna psixoloqun uşaqlarla işinin 20%-nin rəqəmsal texnologiyalarla aparılmasını hədəfə alır. "Ağır və xroniki psixi pozuntusu olan uşaq və yeniyetmələrin müalicəsi üçün tibbi mərkəzlərin kadr potensialının gücləndirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi və tibbi təchizat sisteminin yaxşılaşdırılması” tədbiri isə uşaq psixiatriya müəssisələri üzrə çarpayı/günlərin sayının hər il 3%, yekun olaraq 15% azalmasını nəzərdə tutur.
Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artması fəaliyyət istiqamətinin ilk tədbiri əhali arasında öz sağlamlığının qorunmasına, xəstəliklərin erkən əlamətlərinə dair rəqəmsal texnologiyalar tətbiq etməklə maarifləndirici mobil aplikasiyaların və interaktiv internet səhifələrin yaradılmasını ehtiva edir. Nəzərdə tutulur ki, 2021-ci ildə 8 mobil tətbiq var idisə, 2026-cı ildə onların sayı 14-ə çatacaq. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə skrininqlər aparılması bəndində bildirilir ki, 2021-ci ildə onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması 39,4% təşkil edib. Bu tədbir nəticəsində 2026-cı ildə bu rəqəm 45%-ə çatdırılacaq. Layihənin əsas icraçısı İTSDA, digər icraçı isə SN-dir.
Bu istiqamətin üçüncü bəndi tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanması, kliniki protokolların yenilənməsi, tibb müəssisələrinin heyətinin bilik və bacarıqlarının artırılmasıdır. Tibbi xidmətlər üzrə keyfiyyət standartlarının tətbiqini, 2026-cı ilə qədər tibb müəssisələrinin 15%-nin akkreditasiyadan keçməsini nəzərdə tutan tədbir həmçinin həmin dövrə qədər hər il 20 kliniki protokolun yazılmasını və ya indi mövcud olan 91 kliniki protokolun yenilənməsini nəzərdə tutur. Ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması layihəsinə görə, hazırda istehsal olunan 33 adda dərman preparatına əlavə olaraq, hər il 4 adda yeni dərman preparatının istehsalı tibb sənayesinin məhsul buraxılışının artması ilə nəticələnəcək. Bəndin əsas icraçısı SN, digər icraçı isə İqtisadiyyat Nazirliyidir. İTSDA-nın icra edəcəyi İlkin səhiyyə xidməti mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi və diaqnostika imkanlarının genişləndirilməsi bəndi əhalinin ilkin səhiyyə xidməti müəssisələrinə adambaşına düşən müraciətlərinin sayının 2020-ci ildə 3,8-ə nisbətən dövrün sonunda 4,2-yə çatmasını nəzərdə tutur.
Növbəti fəaliyyət istiqaməti “Tibbi xidmətlərin tənzimlənməsi və dayanıqlı maliyyələşməsinin təmin olunması” adlanır. Əsas icraçısı İTSDA, digər icraçı isə SN olan "İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin çeşidinin genişləndirilməsi” tədbiri hazırkı 2550 belə xidmət müqabilində dövrün sonuna bu xidmətlərin sayının 2800-ə çatmasını hədəf götürüb. Əsas icraçısı SN olan, digər aidiyyəti qurumların da iştirak edəcəyi "Səhiyyə sistemində tənzimləmə və idarəetmə funksiyalarının dəqiq müəyyən edilməsi” bəndi bu funksiyalar üzrə meyarların hazırlanmasını və tətbiqini nəzərdə tutur.
Bu məqsədin daha bir fəaliyyət istiqaməti vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir. Əsas icraçısı SN, digər icraçıların İTSDA, Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları olan “Ali və orta təhsil müəssisələrində tələbə-şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması” bəndi dövrün sonuna 10 adda belə maarifləndirmə materialı və 5 adda e-təlimin tətbiqini ehtiva edir. SN, eləcə də Gənclər və İdman, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq “Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyəti üzrə paylanması, aidiyyəti mobil tətbiqlərin istifadəyə verilməsi” bəndi dövrün sonuna videoçarx və poster sayının 50-yə çatmasını planlaşdırır. Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə) bəndi böyüklər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 8% azalmasına yönəlib. Onun əsas icraçısı SN, digər icraçılar İTSDA, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üsrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarıdır. Eyni qurumların icra edəcəyi “Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi” STEPS sorğusunun hazırlanması, aparılması, nəticələrinin geniş kommunikasiyası yolu ilə əhalinin səhiyyə xidmətləri üzrə məmnunluğunun artmasına xidmət edəcək.
Tədbirlər Planının “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlanan 4-cü Milli Prioriteti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində icra ediləcək.
"Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Milli Prioritetin "Yüksəkkeyfiyyətli ekoloji mühit” məqsədinin də bəzi bəndləri Səhiyyə Nazirliyi qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, “Tullantıların səmərəli idarə olunması” fəaliyyət istiqaməti üzrə Tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sisteminin yaradılması; Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi; Təhlükəli tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsi və mərkəzləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqi; eləcə də “Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirilməsi” fəaliyyət istiqaməti üzrə Atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi bəndlərində SN icraçı qurumlardan biridir.