Azərbaycan Tibb Universitetində “Məzun günü” keçirildi

Azərbaycan Tibb Universitetində (ATU) 2021-2022-ci tədris ilinin sonu ilə əlaqədar tələbələrin “Məzun günü” keçirilib.
Tanınmış ictimai-siyasi xadimlərin, səhiyyə işçiləri və digər qonaqların iştirak etdiyi təntənəli mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını bildirib: “Bu gün bizim üçün də əlamətdar gündür. Səhiyyəmiz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq yeni bacarıqlı gənclərlə, yaradıcı qüvvələrlə zənginləşir”.
Nazir Azərbaycan dövlətinin səhiyyə sahəsinə daim xüsusi diqqət yetirdiyini xatırladaraq deyib: “Müasir Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, səhiyyənin də inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində prioritet məsələlərdən biri hesab edirdi. Bu gün Ulu öndərin davamçısı Prezident İlham Əliyev də bu sahəni hər zaman diqqətdə saxlayır. İxtisasca həkim olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tibb təhsilinin inkişafına göstərdiyi diqqət və qayğısı da əvəzsizdir”.
Tibb Universitetində son zamanlar təhsilin səviyyəsi ilə bağlı ciddi işlər görüldüyünü qeyd edən səhiyyə naziri deyib: “Son illərdə ATU-nun xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə beynəlxalq əlaqələri genişlənməkdədir. Bu, Tibb Universitetində yüksək səviyyəli tədris sisteminin tətbiqini, tələbə və müəllim mübadiləsini mümkün edib, eyni zamanda, müəllim və tələbələrin beynəlxalq elmi-təcrübi müzakirələrdə iştirakını genişləndirib. Bütün görülmüş işlərin nəticəsində Azərbaycan səhiyyəsi tarixində ilk dəfə olaraq ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib. Əminəm ki, siz hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız”, - deyə səhiyyə naziri məzunları təbrik edib.
Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyib, ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. “Ulu öndər Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirirdi. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev fərqlənən tələbələrə daim diqqət və qayğı göstərir. Yüksək ballarla Universitetimizə qəbul olunan tələbələrin Prezident təqaüdü ilə mükafatlandırılması bunun bariz nümunəsidir”, - deyə G.Gəraybəyli bildirib.
Rektor tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə də məlumat verib. Qeyd olunub ki, bu il ATU-nu 1231 nəfər bitirir. Onlardan 335 nəfəri I Müalicə-profilaktika, 332-si II Müalicə-profilaktika, 280-i Stomatologiya, 125-i Əczaçılıq, 70-i İctimai səhiyyə, 76 nəfəri isə Hərbi tibb fakültələrini bitirib. Builki məzunlar arasında 13 nəfər hərbi-feldşer də var. Məzunların 319 nəfəri xarici ölkə vətəndaşıdır. Eyni zamanda, 88 məzun ATU-nu fərqlənmə diplomu ilə bitirib. Bu diploma layiq görülən məzunların hamısı Azərbaycan vətəndaşıdır.
Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbirdə təhsilini əla qiymətlərlə başa vuran məzunlara və Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər.
Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onların gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.
Tədbir tanınmış sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin Hərbi tibb fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.