1 nömrəli Bakı Tibb Kollecinin 120 illiyi qeyd olunub

1 nömrəli Bakı Tibb Kollecinin 120 illiyi qeyd olunub

Bakı Konqres Mərkəzində Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Azərbaycan Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev ötən əsrin əvvəllərində – Azərbaycanda tibbi kadrların çatışmadığı bir vaxtda kollecin yaradılmasının tarixindən danışıb: “1 nömrəli Bakı Tibb Kolleci çətin və mürəkkəb, eyni zamanda, uzun və şərəfli bir inkişaf yolu keçib. 120 yaşlı təhsil ocağının on minlərlə məzunu həmin müddətdə Azərbaycanın bütün bölgələrində müxtəlif tibb müəssisələrində çalışıb, əhalinin sağlamlığının keşiyində dayanıb, səhiyyəmizin inkişafına dəyərli töhfələr verib”.
Nazir tibb kollecinin fəaliyyətində bir sıra tanınmış həkim-müəllimlərin, xüsusilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mühüm rol oynadığını qeyd edib: “Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-1969-cu illərdə tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib”.
Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan Teymur Musayev xüsusən pandemiya dövründə tibb bacılarının fəaliyyətinin nə qədər önəmli olduğunu vurğulayıb. Nazir bildirib ki, beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizədə dövlətimizin səyləri və dəstəyi nəticəsində xəstələrin müalicəsinin təşkili operativ qaydada həyata keçirilib. “Təbii ki, xəstəliyin nəzarətdə saxlanılmasında dövlətin dəstəyi ilə yanaşı, tibb işçilərimizin, xüsusən də tibb bacılarının rolu danılmazdır. Pandemiya ilə eyni dövrə təsadüf edən 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarılıb”, - deyə nazir vurğulayıb.
Teymur Musayev onu da qeyd edib ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tibb təhsilinin inkişafına, səhiyyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğısı əvəzsizdir: “Mehriban xanımın tibb müəssisələrinə mütəmadi səfərləri zamanı müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləri ilə maraqlanması əhalinin sağlamlığına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

“İnanıram ki, tanınmış həkim və alimlərimizin iz saldığı zəngin tarixə malik olan 1 nömrəli Bakı Tibb Kolleci bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, cəmiyyətimizə insanların sağlamlığının keşiyində vicdanla dayanan neçə-neçə tibb işçiləri bəxş edəcək”, - deyə nazir fikrini tamamlayıb.
Azərbaycanda təhsil sisteminin tarixindən bəhs edən təhsil naziri Emin Əmrullayev 120 il ərzində kifayət qədər sürətli və uğurlu yol qət edildiyini bildirib. O zamanlar azərbaycanlı həkimlərin sayının az olduğunu qeyd edən təhsil naziri hazırda Azərbaycan Tibb Universitetinin, tibb kolleclərinin peşəkar tibb işçiləri yetişdirdiyini, xarici ölkələrin ali təhsil müəssisələrində ölkəmizi uğurla təmsil edən həkimlərimizin, alimlərimizin olduğunu diqqətə çatdırıb. E.Əmrullayevin sözlərinə görə, 120 il ərzində belə nailiyyətlər əldə etmək bir xalq, millət üçün çox böyük nəticədir.
Tibb kolleclərinin fəaliyyətindən bəhs edən nazir həmin təhsil müəssisələrində tibb bacılarının yetişdirildiyini, bunun isə qızların təhsilə cəlb olunmasında xüsusi rol oynadığını vurğulayıb.
1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva tibb ocağının tarixi və müasir dövrdə fəaliyyəti haqqında ətraflı məlumat verib: “İlk məzunları 5 nəfərdən ibarət olan təhsil müəssisəsinin hazırda 1400-dən çox tələbəsi var. Ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan, 1902-ci ildə yaradılmış, böyük inkişaf yolu keçmiş, müxtəlif adlar altında fəaliyyət göstərmiş 1 nömrəli Bakı Tibb Kolleci hazırda tibb bacısı və qardaşı işi, müalicə işi, mamalıq, əczaçılıq və gözdən əlillər üçün müalicə masajı ixtisasları üzrə orta tibb kadrları yetişdirir. Əlamətdar haldır ki, bugünkü yubiley ərazi bütövlüyümüzün bərpa edildiyi bir şəraitdə keçirilir. Əminik ki, Qarabağımızda yenidənqurma və bərpa işləri uğurla başa çatdırılacaq, biz də öz növbəmizdə yurdumuzun gözəl məkanlarında xalqımıza, millətimizə layiqincə tibb xidməti göstərə biləcək orta ixtisaslı tibb işçiləri yetişdirəcəyik”.
120 illik tarixin bir parçası olmaqdan məmnunluğunu ifadə edən 1 nömrəli Bakı Tibb Kollecinin məzunu və gözdən əlillər üçün müalicəvi masaj üzrə təcrübə müəllimi Səbuhi Məmmədov qeyd edib ki, gözdən əlillər üçün açılmış şöbə 2014-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, kollecdə həmin tələbələrin ixtisasa yiyələnmələri üçün, fiziki durumları nəzərə alınmaqla, hər cür şərait yaradılıb, onlara xüsusi qayğı və həssaslıqla yanaşılır.
Daha sonra kollecin tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx təqdim olunub.
Sonda 1 nömrəli Bakı Tibb Kollecinin bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova