“Qlobal dünya nizamına təhdidlər”

“Qlobal dünya nizamına təhdidlər”

Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda IX Qlobal Bakı Forumunun açılış mərasimində nitq söyləyib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Humanitar Forumu keçirilib.
Dövlətimizin başçısı Forumun açılış mərasimində iştirak edib və nitq söyləyib.
Azərbaycan Prezidenti deyib ki, ötən ilin noyabrına təsadüf edən görüşdən sonra dünyada fundamental dəyişikliklər baş verib və hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur: “Lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir”. Bildirib ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada gündəlikdə duran əsas məsələlərdən biridir, buna görə hər bir ölkə yeni yanaşmaların işlənib hazırlanması prosesinə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Eyni zamanda, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur.
Azərbaycan Prezidenti gündəlikdə duran mövzulardan ərzaq böhranı ilə mübarizə, miqrantların potensial artımı ilə bağlı vəziyyət, 44-günlük müharibədən sonrakı dövrdə Qafqazda regional təhlükəsizliklə əlaqədar yanaşmalar və s. məsələlərə toxunub. Qeyd edib ki, enerji təhlükəsizliyi də qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır.
Çıxışının sonunda Prezident İlham Əliyev Forumun işinə uğurlar arzulayıb.
Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışıb, münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin yaradılan şəraitə görə təşəkkür edib, bildirib ki, Nizami Gəncəvi Mərkəzi fərqli fikirləri dinləmək, təcrübəli və xoşməramlı insanların ideyalarını irəli sürmələri üçün azad məkandır.
Albaniya Prezidenti İlir Meta beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, müharibələrin baş verməməsi üçün dünya güclərini beynəlxalq səylərini artırmağa çağırıb. İlir Meta pandemiya ilə bağlı imkanları birləşdirməyin, beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb.
Forumda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus müzakirələrdə iştirakından məmnunluğunu bildirib. Dünyada peyvəndləmə ilə bağlı xeyli iş görülsə də, bunun hələ də yetərli olmadığını vurğulayan Tedros Gebreyesus beynəlxalq səhiyyə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi zərurətini vurğulayaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatı olaraq, pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilməlidir. Mən Azərbaycanda yoluxma və ölüm sayının pandemiyanın əvvəlindən bu yana ən aşağı həddə olduğunu görməyə çox şadam”.
ÜST-nin Baş direktoru müharibələrin ağır nəticələrinin dünya səhiyyəsinə də mənfi təsirlər göstərdiyini qeyd edib. Bildirib ki, bu baxımdan konkret tədbirlər həyata keçirilməlidir.
BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya dünyanı narahat edən məsələlərin müzakirəsinə xüsusi həssaslıqla yanaşdığı üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər bu kimi məsələlərin müzakirəsi üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Pandemiyanın dünyadakı sosial bərabərsizliyi daha qabarıq üzə çıxardığını və bu problemin uğurla həlli üçün beynəlxalq ictimaiyyətin səylərini gücləndirməsinin vacibliyini qeyd edən Tatyana Valovaya bu istiqamətdə BMT-nin üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün görülən işlərdən danışıb. O, COVID-19-un planetdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görüləcək bir çox işlərin olduğunu bildirib.
Forumda həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Ərəb Liqasının səkkizinci baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt çıxış edərək, qlobal gündəlikdə duran aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Sonra Forum işini panel iclaslarla davam etdirib.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova