Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri zamanı rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.
Layihənin birinci mərhələsi üzrə açılış mərasimində dövlət başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksində fəvvarəni işə salıblar. Sonra kənd meydanında Dövlət Xidmətləri Mərkəzi, kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) və digər obyektlərlə tanış olublar.
Ailə Sağlamlıq Mərkəzi (tibb məntəqəsi) ilə tanışlıq zamanı məlumat verilib ki, burada hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi və laborator xidmət otaqları və stomatoloji kabinet fəaliyyət göstərəcək.
Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilyator, EKQ cihazı, sterilizator, portativ lampa, ekspres laborator test cihazları, aspiratorla təchiz olunub. Eyni zamanda, səhiyyə ocağı stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop və kiçik cərrahi əməliyyat dəstləri, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin edilib.
Azərbaycanda ilk dəfə olaraq yaradılmış Teletibb otağının təqdimatı zamanı bildirilib ki, bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə ölkəmizdə və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir. Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, teletibb sistemi vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqliserid və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, LOR (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər.
Danimarkada yaşayan həkim Məsud Aşina Azərbaycan Prezidentini və Mehriban xanımı öz adından və həmkarları adından salamlayıb: “Mən Bakıda anadan olmuşam, 33 ildir Danimarkada yaşayıram, nevrologiya üzrə professoram. Bakıdan olan travmatoloq Siyamak Nani beş ildir İsveçdə yaşayır. Mənim kiçik qardaşım Harvarddan, Bostondan Sait Aşina da bizimlə bir yerdədir. O da Bakıda anadan olub, amma Tibb Universitetini Danimarkada bitirib. Həkim Cavid Baloğlanov da bizimlə bir yerdədir, “Salam Doktor”u təmsil edirik. Fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istəyirəm ki, belə bir imkan yaradılıb. Biz bu texnologiyadan istifadə edəcəyik. Əsas məqsəd ondan ibarətdir ki, seminarlar, konsultasiyalar, konsiliumlar keçirək, teletibb imkanından maksimum istifadə edib hər zaman Qarabağ zonasında, bizim Zəngəzurda olaq. Sizə təşəkkürümü bildirmək istəyirəm, çox sağ olun”.
“Salam Doktor” şirkətinin tibbi direktoru Cavid Baloğlanov vurğulayıb ki, “Salam Doktor” platforması Azərbaycanda ilk milli platformadır, onun proqram təminatı da milli mütəxəssislər tərəfindən istehsal olunub.
Prezident İlham Əliyev bu təşəbbüsə qoşulan həmvətənlərə minnətdarlığını bildirib: “Mən çox şadam ki, xaricdə yaşayan azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar, işləyirlər. Bu platformanın həyata keçirilməsində, əlbəttə ki, xaricdə yaşayan soydaşlarımız da mühüm rol oynayıblar. Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlılarının Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib, burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.
Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.
Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.
Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”.
Həkim Məsud Aşina buna hər zaman hazır olduqlarını deyib: “Mən özüm də Şuşa Qurultayında iştirak etdim. Mənim üçün çox qürurlu gün idi. Mən sonuncu dəfə 1984-cü ildə Şuşada olmuşdum. Artıq bu il Şuşaya gəlmişdim. Çox böyük həyəcan keçirdim. Biz hər zaman orada olmalıyıq, həmişə bir yumruq kimi Sizin yanınızda olmalıyıq”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə də görüşüblər.
Görüşdə çıxış edən dövlət başçısı Ağalı sakinlərini Müstəqillik Günü münasibətilə təbrik edib, bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıb. Prezident İlham Əliyev bölgədə münaqişənin tarixindən danışıb, müstəqilliyimizin möhkəmlənməsində Ulu Öndərin rolunu vurğulayıb. Birinci pilot layihənin məhz Zəngilanda Ağalı kəndində icra edildiyini vurğulayan Azərbaycan Prezidenti söyləyib ki, bir il bundan əvvəl inşaat işləri başlanan ərazidə indi 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində yaşayan ailələrin sayının 200-dən çox olduğunu nəzərə alaraq yeni layihə təqdim edilib: “Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək.
Mən sizi tarixi hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.





May 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova