Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə sahəsində bir sıra qanun və fərmanlar imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə sahəsində bir sıra qanun və fərmanlar imzaladı

Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratsın.
2. 2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsinlər və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirsinlər.
3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissədə “88” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci bəndindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər” sözləri çıxarılsın və həmin bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.3-cü bənd, 3.1.11-1-ci və 3.1.11-2-ci yarımbəndlər ləğv edilsin;
4.2. 3.1.24-5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.24-5. bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsindəki, fiziki inkişafındakı və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqində iştirak etmək;”;
4.3. 4.5.11-ci yarımbənd üzrə:
4.3.1. 1-ci və 3-cü abzaslardan “, habelə TƏBİB-in” sözləri çıxarılsın;
4.3.2. 2-ci abzasdan “, habelə TƏBİB-də” sözləri çıxarılsın;
4.4. 4.7.14-cü bənddən “və TƏBİB-də” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissədən “və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin” sözləri çıxarılsın;
5.2. 2-ci hissəyə “Məhkəmə Psixiatrik” sözlərindən əvvəl “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi,” sözləri əlavə edilsin;
5.3. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Müəyyən edilsin ki:
3.1. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır;
3.3. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirir;
3.4. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir;
3.5. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;
3.6. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;
3.7. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.”;
5.4. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3-1.1. Azərbaycan Respublikasının Prezidentinə:
3-1.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
3-1.1.2. TƏBİB-in yenidən təşkili və ləğvi;
3-1.1.3. TƏBİB-in idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3-1.1.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
3-1.2. TƏBİB-ə:
3-1.2.1. bu Fərmanın 3-1.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”.
6. “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 895 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
6.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. 2023-cü il yanvarın 1-dən bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Mərkəz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.”;
6.2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.”;
6.3. 3.3-cü bənd ləğv edilsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. əczaçılıq sahəsində dövlət siyasətinin, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatı və qiymətlərinin müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə rəqəmsallaşdırılmanın təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
8.1. 2022-ci il dekabrın 31-dək:
8.1.1. TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını təmin etsin;
8.1.2. dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin etsin;
8.1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB ilə razılaşdırmaqla TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
9. TƏBİB:
9.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
11. Bu Fərmanın 5.2-ci, 6.2-ci və 6.3-cü bəndləri 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il


***

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanununun tətbiqi və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanununun 2022-ci il iyulun 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasında “və 24.3-cü” sözləri “, 24.3-cü və 24.4-cü” sözləri ilə əvəz edilsin.
3. Bu Fərmanın 2-ci hissəsi 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2022-ci il



***


“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 24.3-cü maddəyə “məşğul olan şəxslər” sözlərindən sonra “(bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 24.4-cü maddə əlavə edilsin:
“24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2022-ci il





May 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova