Səhiyyə Nazirliyində ÜST Avropa regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST Avropa regional direktoru ilə görüş keçirilib

Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klügenin başçılıq etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyində səhiyyə naziri Teymur Musayevlə və digər rəsmilərlə görüşüb.
Tədbirdə ölkəmizin digər səhiyyə qurumlarının rəhbərləri – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bu nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən başlanan sıx əməkdaşlığı yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya Səhiyyə Təşkilatı olub”.
Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardımları və irəli sürdüyü təşəbbüsləri qeyd edib: “Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Gebreyesus tərəfindən də yüksək qiymətləndirilib”.
Öz çıxışında Teymur Musayev həmçinin milli səhiyyənin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərdə ÜST-nin ölkə nümayəndəliyinin fəallığını xüsusi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Klüge qlobal səhiyyə hədəflərinə nail olmaq üçün ilkin səhiyyə xidmətlərinin prioritet təşkil etməsinin əhəmiyyətini vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.
Ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirən Hans Klüge təmsil etdiyi qurumun Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.
İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında potensial əməkdaşlıq sahələri üzrə geniş müzakirələr aparıblar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova