“Nurlu ömrün işığı”

“Nurlu ömrün işığı”

Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş konfrans keçirilib

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Nurlu ömrün işığı” adlı konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Tədbirdə öncə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Konfransda giriş nitqi ilə çıxış edən YAP sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb.
Səhiyyə naziri Teymur Musayevçıxışında vurğulayıb ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq səhifəsidir.Onunfitri istedadı, nadir biliyi və peşəkar bacarıqları, eyni zamanda, insani keyfiyyətləri, qayğıkeşliyi və nəcibliyi gələcək nəsillər üçün nümunə və örnəkdir: “Azərbaycanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçib. Müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. “İnsan öz biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır”, - deyən Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub.
Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir. Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alan, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə Əliyevanın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Zərifə xanımın beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib.
Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə xanım malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan pedaqoq-alim, professor Əziz Əliyevin yolunu özünə örnək götürərək, oftalmologiya elminə böyük töhfələr verib”.
“Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Prezident İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır, insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var”, - deyə səhiyyə naziri vurğulayıb.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Zərifə Əliyevanın əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olduğu barədə elmi və ictimai mənbələrdə kifayət qədər rəy və mövqe mövcuddur. Gözəl ana, qayğıkeş həyat yoldaşı kimi dəyəri isə ulu öndər Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin kövrək xatirələrində əksini tapır: “Zərifə xanım Əliyeva bütün şəraitlərdə nəciblik, mərhəmət, sədaqət və fədakarlıq kimi keyfiyyətləri öz simasında birləşdirməyi bacaran bir insan kimi xatırlanmaqdadır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir, ixtisaslı gənc həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. Akademik Əhliman Əmiraslanov dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabların məhz akademik Zərifə Əliyevaya məxsus olduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elmi konfrans


Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımov Azərbaycan oftalmologiyasının inkişafının məhz akademik Zərifə Əliyevanın adı ilə bağlı olduğunu, onun həyat yolu, elmi istiqamətləri, pasiyentlərə, gənc həkimlərə davranışının hər kəs üçün örnək olduğunu bildirib.Görkəmli oftalmoloq-alimin ən böyük arzusunun Milli Oftalmologiya Mərkəzinin tikintisi ilə bağlı olduğunu deyən Elmar Qasımov həmin arzunun həyata keçdiyini, mərkəzin 12 ilə yaxındır yeni binada fəaliyyət göstərdiyini diqqətə çatdırıb.Gənc oftalmoloqların inkişafı üçün MOM-da hər bir şəraitin yaradıldığını vurğulayan direktor konfransın onlar üçün faydalı olacağına əminliyini ifadə edib.
MOM-un elmi işlər üzrə direktor müavini Hicran Namazovaakademik Zərifə Əliyevanın elmi araşdırmaları, oftalmologiya elminin inkişafında onun müstəsna xidmətləri barədə məruzə edib.
Konfransa onlayn qoşulan Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman “Akademik Zərifə Əliyevanın işıqlı yolunda dünəndən bu günə və sabaha” mövzusunda məruzə söyləyib. O, akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıb, Azərbaycan oftalmologiyasının bugünkü inkişafı naminə göstərdiyi müstəsna xidmətlərə görə ona böyük heyranlıq duyduğunu bildirib.
Konfrans elmi məruzələrlə davam edib.
Türkiyənin Retina Oftalmoloji Araşdırma Mərkəzinin əməkdaşı professor Süleyman Kaynak “Quru tip makula degenerasiyasında oksidatif stres və mikronutrisyon”, MOM əməkdaşları Nigar Həsənova “Uşaqlarda ikincili qlaukoma”, Lalə Axundova “Vitreoretinal cərrahiyyədə rast gəlinən bəzi problemlər”, Rəvanə Həsənova “Azərbaycanda anadangəlmə kataraktın rast gəlinmə tezliyi və xüsusiyyətləri”, Xalid Əliyev “Torlu qişa xəstəliklərinin diaqnostikasında OKT angioqrafiya müayinəsi”, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya kafedrasının əməkdaşı Gülnar Əliyeva “Optikonevromielit (Devik xəstəliyi) - klinik praktikada müşahidə”, Şirvan Müalicə Diaqnostika Mərkəzinin oftalmoloqu Günel Sayılova “Psevdoeksfoliativ sindromla müşayiət olunan katarakt cərrahiyyəsi zamanı dar bəbəklərin genişləndirilmə üsulları”, Mərkəzi Neftçilər Xəstəxanasının oftalmoloqu İmran Carullazadə “Cərrahi əməliyyatdan sonra yaranan blefaroptozlara dair” mövzularında və başqaları müxtəlif təqdimatlarla çıxış ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.





Aprel 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova