UNICEF: Uşaqların vaksinasiyası məktəblərdə əyani dərslərin yenidən başlanması üçün məcburi şərt olmamalıdır

COVID-19 virusunun, xüsusilə də onun “omikron” ştamının sürətli yayılmasına baxmayaraq, dünya üzrə bütün məktəblər açıq saxlanılmalıdır. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) təhsil sahəsində böhranın labüd nəticələri ilə bağlı xəbərdarlıq edərək bildirib.
UNICEF-in rəhbəri Henriyetta For söyləyib: “COVID-19-un “omikron” variantı dünyada yayılmaqda davam edir. Bu vəziyyətdə biz hökumətləri uşaqların təhsil prosesinin fasiləsiz olması üçün əllərindən gələni etməyə çağırırıq”. O vurğulayıb ki, təhsil sahəsində böhrandan çıxmaq üçün uşaqları əyani təhsilə qaytarmaq lazımdır. Bunun üçün məktəbləri açıq saxlamaq, müəllimləri və digər məktəb personalını vaksinasiya ilə təmin etmək, imkan daxilində şagirdləri peyvənd etmək lazımdır, lakin vaksinasiya onların məktəblərə qayıtmağının məcburi şərti olmamalıdır.
“Biz UNICEF olaraq vaksinlər mövcud olduğu yerlərdə uşaqların vaksinasiyası zərurətini dəstəkləyirik. Lakin biz vaksinasiyanın əyani təhsilin məcburi şərti olmasının əleyhinəyik”, – deyə Henriyetta For bildirib. O əlavə edib ki, əyani təhsilə qayıdış zamanı uşaqların məcburi vaksinasiyası tələbi qeyri-bərabərliyin artmasına gətirəcək, çünki bu gün hər kəs vaksinlərə çıxışa malik deyil.
Bəyanatda deyilir ki, UNICEF hökumətləri ÜST-nin tövsiyələrinə uyğun olaraq məktəbləri açıq saxlamağa, peyvənd olunmayanlar da daxil olmaqla, bütün uşaqların və yeniyetmələrin təhsildə və ictimai həyatın digər sahələrində iştirakına kömək etməyə çağırır.
Fond əmindir ki, məktəblərin istənilən davamlı bağlanması təhsil sahəsində itkiləri daha da artıracaq və ən neqativ şəkildə uşaqların psixoloji vəziyyətinə təsir edəcək.
Bildirilir ki, bu gün dünyada təxminən 616 milyon uşaq və yeniyetmə məktəblərin tam və ya qismən bağlanması səbəbindən bu və ya digər dərəcədə əziyyət çəkir. Artıq iki ilə yaxındır ki, COVID-19 səbəbindən qlobal təhsil sistemində fasilələr baş verir, bu da dünya üzrə milyonlarla uşağın əsas biliklərdən məhrum olmalarına gətirib çıxarır. UNICEF-in məlumatlarına görə, gəliri aşağı və orta səviyyədə olan ölkələrdə təhsildə fasilələr üzündən on yaşlı uşaqların 70 faizinə qədəri üzdən oxuya bilmir və ya sadə mətni anlaya bilmir. Pandemiyadan əvvəl bu göstərici 53 faiz təşkil edirdi.
BMT-nin Uşaq Fondu hesab edir ki, məktəblərin bağlanması uşaqların ruhi sağlamlığına da təsir edib. Tibb işçiləri qeyd edirlər ki, COVID-19 uşaqlar və gənclər arasında narahatçılıq və depressiya hallarının artmasına səbəb olub. Üstəlik, yoxsul ölkələrdən və yoxsul ailələrdən 370 milyondan çox şagird pulsuz məktəb naharından məhrum olub.
UNICEF təhsil sahəsində itkilərin miqyasının “praktiki olaraq qarşısı alınmayan” xarakter daşıdığından ehtiyat edir, dünya üzrə hər yerdə təcili olaraq məktəbləri açmağa və uşaqların təhlükəsiz əyani təhsilini təmin etməyə çağırır.
Xəbəri paylaş