Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 125 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 125 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ADHTİ-nin professor-müəllim heyəti, həkim-müdavimlər və rezidentlər iştirak ediblər.
İnstitutun rektoru, professor Nazim Qasımov konfransı giriş sözü ilə açaraq qeyd edib ki, xalqımız Vətəninə, xalqına sadiq olan şəxsləri böyük hörmət və həssaslıqla yada şalır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var. Əziz Əliyev Xalq Komissarlığının Müalicə şöbəsinin rəhbəri, Bakı Şəhər Səhiyyə Şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən bilik və bacarığını, istedad və enerjisini səhiyyənin güclənməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə və tibb elminin inkişafına yönəldib. Əziz Əliyevin 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyini və ömrünün sonuna qədər həmin vəzifədə işlədiyini bildirən Nazim Qasımov vurğulayıb ki, institut tarixinin bir çox şərəfli səhifələri məhz onun adı ilə bağlıdır. Məhz həmin dövrdə Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olunub, institut öz fəaliyyətini genişləndirərək, tək Azərbaycanın yox, bütün sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak edib, yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı yaxşılaşdırılıb. Əziz Əliyevin redaktor kimi rəhbərliyi altında əməkdaşların elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunub. İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlığı həyata keçirilib, yüksək kateqoriyalı tibb alimləri yetişdirilib, institut əhəmiyyətli elmi-tibbi mərkəzə çevrilib. Əsas kafedraların Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi elmlə praktikanın vəhdətini təmin edib.
Professorun elmi fəaliyyətindən bəhs edən rektor bildirib ki, Əziz Əliyevin 87 elmi əsərinin 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə həsr olunub. O, bu sahədəki fəaliyyətinə görə SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. 1962-ci il sentyabrın 27-dən institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmmədkərim oğlu Əliyevin adı verilib. İnstitutun əməkdaşları bunu dərin minnətdarlıq hissi ilə, Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi qarşılayıblar.
Çıxışının sonunda professor N.Qasımov qeyd edib ki, Əziz Əliyevin əsasını qoyduğu ənənələr bu gün də davam etdirilir. ADHTİ durmadan yenilənir, inkişaf edir. İnstitutda elmi-pedaqoji və müalicə ilə məşğul olan kadrların yetişdirilməsi daim diqqət mərkəzindədir, bu sahədə uğurlar ilbəil artır.
Konfransda ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasından Cavid Əhmədbəyli, Fəridə Ələsgərova, Nevrologiya və klinik neyrofiziologiya kafedrasından Aygün Quliyeva, Fatimə Əliyeva, Terapiya kafedrasından Sevil İsmayılova, Aygün Əliyeva, Pediatriya kafedrasından Vəfa Nəcəfova, Ümumi və plastik cərrahiyyə kafedrasından İsmayıl Əsgərov təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər və mövzular ətrafında diskussiyalar aparılıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova