Prezident İlham Əliyev: “Azərbaycan çətin sınaqdan şərəflə çıxır”

Prezident İlham Əliyev: “Azərbaycan çətin sınaqdan şərəflə çıxır”

Dövlət başçısı yerli televiziya kanallarına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərək, Azərbaycan Televiziyasından Rüfət Həmzəyevin, “ARB 24” kanalından Rasim Şərifovun, İctimai Televiziyadan Murad Hüseynovun, Real TV-dən Səbinə Ağayevanın, CBC telekanalından Elmira Musazadənin ölkəmizdə 2021-ci ildə iqtisadi və sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurmaya, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Dövlət başçısı müsahibədə səhiyyəyə aid bəzi məsələlərə də toxunub.
Jurnalistlərdən biri müharibədən sonrakı dövrdə Qarabağda bərpa-yenidənqurma üzrə bir çox planların həyata keçirildiyini deyib, soruşub ki, ötənilki fəaliyyətin davamı olaraq, işğaldan azad edilmiş ərazilərdə bu il hansı işlərin görülməsi nəzərdə tutulur?
Prezident İlham Əliyev azad olunan torpaqlarda indiyədək görülən işlərə toxunub, bildirib ki, bu il artıq infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb”. Prezident deyib ki, Şuşada artıq yaşayış kompleksinin təməli qoyulub, inşasına start verilib. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana tikiləcək.
Digər bir jurnalist xatırladıb ki, bu gün Azərbaycan görünməz bir düşmənlə – koronavirusla da mübarizə aparır. İki il bundan öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir. Ölkəmizdə artıq “omikron”a yoluxma hallarının təsdiqləndiyini təəssüflə qeyd edən jurnalist Prezidentdən soruşub ki, bu bəladan az zərərlə çıxmaq üçün bundan sonra hansı tədbirlər görüləcək?
Dövlət başçısı bildirib ki, görülmüş tədbirlər öz səmərəliliyini göstərir: “Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm, bu çətin sınaqdan şərəflə çıxır. Halbuki itkilərimiz də az deyil və hər ölən vətəndaş, əlbəttə ki, bizim vətəndaşdır. Bütün ölənlərin yaxınlarına bir daha başsağlığı vermək istəyirəm. Biz əvvəlcədən bu məsələ ilə bağlı ciddi məşğul olmağa başlamışıq. Yəqin, xatırlayırsınız, MDB məkanında birinci ölkə idik ki, vaksinasiyaya start verdik. Dəqiq xatırlayıram, keçən ilin yanvarın 18-də artıq biz vaksinləri əldə etdik. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə biz “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur.
Biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. Bildiyiniz kimi, ölkəmizə modul tipli xəstəxanalar gətirildi, “Yeni Klinika”nı – ən gözəl xəstəxananı COVID xəstələrinin sərəncamına verdik və bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Hesab edirəm ki, bu sahədə nəticələr pis deyil”.
Prezident qeyd edib ki, vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin təxminən 64 faizi artıq iki dozanı alıb, ümumi əhali arasında isə bu faiz daha azdır: “Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm.
Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz, demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq.
İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tətbiq edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən “omikron”a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, “omikron” daha zəif virusdur. Mən, düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır. Amma bunu da heç kim bilmir. Bunu, əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ – özümüzü, hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum? Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – “buster” dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda, ümumiyyətlə, heç bir fəsad olmayıb. Çünki həm “Sinovac”, həm “Pfizer”, görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə hər kəsə məsləhətim budur, əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik”.
Azərbaycanın beynəlxalq arenada artmış rolu, regionda gedən proseslərin gündəliyini diktə etməsi, bunun təməlində duran amillər və ölkənin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bütün bunların necə əks olunması barədə suala cavab verərkən dövlət başçısı deyib ki, bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bildirib ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün yeni roldur. Ölkəmiz təşkilatın yeni üzvü olsa da, dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bilib: “Pandemiya vaxtı bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur”.
Prezident bildirib ki, Azərbaycan COVID pandemiyasına qədər də üzv ölkələrə humanitar proqramlar çərçivəsində, Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə kömək edib: “Pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazım olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə, əslində, heç nə qalmır. Axı, bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir. Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyanı öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda, - sadəcə, orada statistika aparılmır, - öz əhalisini artıq üç doza ilə təmin edəndə özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik. Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər”.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova