Səhiyyə Nazirliyində ilin son kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində ilin son kollegiya iclası keçirilib

Teymur Musayev: “Səhiyyə Nazirliyinin qapısı hər bir Azərbaycan vətəndaşının, hər bir tibb işçisinin üzünə açıqdır”



Dekabrın 30-da Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbirdə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev çıxış edərək, yola saldığımız ildə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə söhbət açıb.
Öncə daşıdığı bu məsul vəzifədə ilk gündən ona dəstək olduğu üçün Səhiyyə Nazirliyinin kollektivinə təşəkkürünü bildirən Teymur Musayev bundan sonra da belə olacağına əminliyini vurğulayıb.
Səhiyyə nazirinin birinci müavini nazirliyin beynəlxalq əlaqələri barədə danışıb, bu sahədə kifayət qədər intensiv görüşlərin keçirildiyini, müxtəlif beynəlxalq təşkilatlarla sazişlərin imzalandığını qeyd edib. Bildirib ki, Səhiyyə Nazirliyi bir çox beynəlxalq layihələrdə aktiv iştirak edir, Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF və digər beynəlxalq qurumlarla müntəzəm əməkdaşlıq edir.
Teymur Musayev deyib ki, ötən il kadr, elm və təhsil sahəsində xeyli mühüm işlər görülüb, bundan sonra da bu işlər davam etdiriləcək: “Yeni ildə bu sahədə bir sıra maraqlı dəyişikliklər olacaq. Bunun təməli öncəki illərdə qoyulub, yeni proqramlar işlənilib və onların tətbiqinə başlanılıb.
Bilirsiniz ki, Azərbaycan səhiyyəsində rəqəmsallaşma ilə bağlı yeni yanaşmalar artıq reallaşmaqdadır. Müasir dövrdə rəqəmsallaşmaya nail olmadan hər hansı inkişafdan söhbət gedə bilməz. İqtisadiyyatın bütün sahələrində bu necə baş veribsə, səhiyyədə də müvafiq surətdə tətbiq ediləcək. Yeni ildən bizim nazirlik sənəd dövriyyəsi yalnız elektron qaydada həyata keçirilən ilk üç nazirlikdən biri olacaq. İlkin mərhələdə müəyyən problemlər, səhvlər, anlaşılmazlıqlar ola bilər, belə hallarda təlimatlandırılmış məsul şəxslər sizə kömək edəcəklər. Xatırladım ki, rəqəmsal səhiyyənin bizdə 2005-ci ildən etibarən tətbiq olunan elektron səhiyyə nümunəsi var. Bu sahədə aparılan əsaslı islahatlar hazırda da uğurla davam etdirilir. Hətta Dünya Bankının işçi qrupu ilə istər əyani, istərsə də videoformatda keçirdiyimiz çoxsaylı görüşlər zamanı onlar dönə-dönə qeyd edirlər ki, Azərbaycan səhiyyəsində bu sahədə, doğrudan da, böyük işlər görülüb. Bu isə onu deməyə əsas verir ki, səhiyyəmizin tam rəqəmsallaşmaya keçməsi o qədər də çətin olmayacaq və yeni ildən səhiyyədə elektron sənəd dövriyyəsi tam tətbiq ediləcək”.
Səhiyyə nazirinin vəzifələrini icra edən Teymur Musayev elektron resept məsələsinə də toxunub: “Keçən il elektron reseptlə bağlı kifayət qədər böyük işlər görüldü. Artıq narkotik və psixotrop dərmanların dövriyyəsinə nəzarəti gücləndirmək məqsədi ilə elektron reseptdən istifadəyə başlanılıb. Yeni ildən etibarən isə bu, Azərbaycan Respublikası ərazisində bütün dərman vasitələrinə şamil olunacaq.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə xüsusi bir komissiya yaradılıb. Komissiyanın fəaliyyəti birbaşa Azərbaycanda əczaçılıq sektorunda müəyyən islahatların hazırlanması və həyata keçirilməsi ilə bağlıdır. Burada ən böyük məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Ümumiyyətlə, son zamanlar əczaçılıq sektorunda ümumi fəaliyyətin müəyyən qədər sürətlənməsi onunla bağlıdır ki, rəqəmsallaşma bu sektora da daxil olub. Bu da dərman vasitələrinin ölkəyə idxalına, yoxlanılmasına, qeydiyyata alınmasına, pərakəndə satışına nəzarət edilməsinə öz müsbət təsirini göstərməkdədir. Bu sahədə də rəqəmsallaşma getdikcə daha geniş şəkildə tətbiq olunacaq”.
Səhiyyə Nazirliyinin yeni veb-saytının fəaliyyətə başladığını nəzərə çatdıran nazir müavini onun əvvəlkindən bir qədər fərqli olduğunu deyib: “Veb-sayt əvvəllər ancaq məlumat funksiyası daşıyırdısa, hazırda interaktiv şəkildə vətəndaşların Səhiyyə Nazirliyinə müraciəti pəncərəsi rolunu oynayır. Onun vətəndaşlar üçün, tibb işçiləri üçün, təhsillə bağlı və sair müxtəlif bölmələri var”. O, hər bir əməkdaşdan bu işə dəstək verməyi xahiş edib.
Teymur Musayev xüsusi olaraq vurğulayıb ki, yola saldığımız il ərzində görülən ən mühüm işlərdən biri də şəhid ailələri və qazilərə göstərilən qayğıdır: “Səhiyyə Nazirliyinin Reabilitasiya Mərkəzində şəhid ailələri və qazilərə lazımi xidmətlər göstərilib, onlar bundan çox məmnun qaldıqlarını bildirirlər. Fürsətdən istifadə edərək, bu işi təşkil edən, öz vəzifələrinin öhdəsindən layiqincə gələn əməkdaşlarımızın hər birinə öz minnətdarlığımı bildirirəm. Bütün işlər, həqiqətən də, yüksək səviyyədə görülüb. Şəhidlərin övladları, həyat yoldaşları, valideynləri, eləcə də qazilərlə bağlı xüsusi proqramlar hazırlanıb. Yeni ildə də yeni təkliflərimiz olacaq. Bir sözlə, bu iş əvvəldən necə uğurla başlanılıbsa, o cür də davam etdirilməlidir. Bu, olduqca vacib məsələdir. Xalqımıza bu möhtəşəm zəfəri qazandıran şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə qayğımızı əsirgəməməliyik. Ona görə də xahiş edirəm, səlahiyyətli şəxslər bu istiqamətdə çox diqqətli olsunlar, nə lazımdırsa, etsinlər. Bizim uşaqlarla bağlı digər sanatoriya müəssisələrimiz də var, bu istiqamətdə də işimizi daha da gücləndirməliyik. Elə yeni ilin ilk ayında bununla bağlı təkliflərinizi görmək istərdik”.
Digər mühüm bir məsələnin yeni növ koronavirusla (COVİD-19) mübarizə olduğunu deyən Teymur Musayev qeyd edib ki, Səhiyyə Nazirliyi pandemiyanın yayıldığı ilk gündən bu istiqamətdə öz fəaliyyətini səmərəli şəkildə davam etdirir: “Bu sahədə görülməsi vacib olan bütün məsələlərlə yanaşı, vaksinasiya prosesi də tam nəzarətdədir. Hər şey yüksək səviyyədə, heç bir şikayət olmadan həyata keçirilir. Bilirsiniz ki, artıq əhalinin əksər hissəsinə vaksin vurulub. Bu sahəyə məsul olan bütün səlahiyyətli şəxslərə də təşəkkürümü bildirirəm”.
Teymur Musayev daha sonra digər məsələlərlə bağlı öz fikirlərini bölüşüb: “Səhiyyə Nazirliyinin ölkə səhiyyəsində müəyyən etdiyi siyasəti nəzərə alaraq, yeni ildə göstərilən xidmətlərin daha da yüksəldilməsi üçün təkliflərinizi gözləyirik. Bütün sahələrdə xidmətin səviyyəsini daha da yüksəltməyə çalışmalıyıq. Məlumdur ki, ölkəmiz iqtisadi zonalara bölünüb. Xidmətlər də buna uyğun təşkil olunmalı, əhali bölgüsü nəzərə alınmaqla kadr siyasətinə xususi diqqət yetirilməlidir.
Yola saldığımız ildə tikinti və bərpa istiqamətində də xeyli iş görülüb, təbii ki, 2022-ci ildə də davam etdiriləcək. Lakin yeni obyektlərin layihələndirilməsi, inşası və yaxud bərpası göstərilən xidmətlərə uyğun formalaşdırılmalıdır. Məsələn, bir xəstəxanada təmir-tikinti işlərinə ehtiyac varsa, onun hansı həcmdə, hansı istiqamətdə aparılacağı, həmin tibb müəssisəsində hansı xidmətlərin göstəriləcəyi mütləq nəzərə alınmalıdır.
Təcili tibbi yardım və sanitar aviasiya ilə bağlı bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Bu sahədə artıq müəyyən işlər görülür, ölkə üzrə sözügedən istiqamətdə siyasətin formalaşması, standartların müəyyənləşməsi, kadrların hazırlanması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı nə tələb olunursa, bir proqram kimi hazırlanıb icra olunacaq.
Mətbuatla bağlı fəaliyyətimiz bir qədər çevik getməlidir. Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin imicinin formalaşması üçün konkret addımlar atılmalıdır. Bu sahəyə məsul əməkdaşlarımız əhali və tibb müəssisələri ilə daha sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidirlər. Ümumiyyətlə, Səhiyyə Nazirliyinin qapısı istər elektron platforma üzərindən, istərsə də əyani şəkildə hər bir Azərbaycan vətəndaşının, hər bir tibb işçisinin üzünə açıqdır. Ona görə də əhali ilə görüşlər, qəbul məsələsi çox şəffaf, çevik olmalıdır. Buna mən də daxil olmaqla bütün rəhbər işçilər hamısı hazırdır və həmişə də belə olmalıdır.
Digər məsələ Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti” ilə bağlıdır. İstərdim ki, qəzetimizin həm çap, həm də elektron forması dizayn baxımından yeni üslubda oxuculara təqdim olunsun.
Yeri gəlmişkən, təhsil məsələsinə də toxunmaq istərdim. Qeyd edim ki, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, kolleclərimizin rəhbərliyi ilə yeni ildə ayrıca bir görüşümüz də olacaq. Bu sahədə də fərqli yanaşmamız olmalıdır. Doğrudur, kifayət qədər böyük işlər görülüb, amma, məncə, bu, ictimaiyyətə yetərincə çatdırılmır, əhali məlumatsızdır. Bu il rezidentura və doktorantura ilə əlaqədar müraciətlər olub. Bu istiqamətdə siyasəti formalaşdırmağa, məncə, fərqli yanaşmalar olmalıdır. Mən demirəm, elmi sahədə biz hansısa böyük bir zirvəni fəth etməliyik, amma ən azı Azərbaycan reallıqlarına əsaslanaraq və mövcud olan maddi-texniki bazanı nəzərə alaraq, keyfiyyətli elmi araşdırmalar aparıla bilər.
Beynəlxalq aləmdə elm sahəsində kifayət qədər dəstəyimiz də var. Vaksinlərlə bağlı qardaş Türkiyə tərəfindən ölkəmizdə ilk kliniki sınaqlar keçirilib. Sadəcə olaraq, biz bu nəticələrin sahibi olmadığımız üçün bunu o qədər də vurğulaya bilmirik. Amma texniki cəhətdən bu sınaqlar tam qüsursuz həyata keçirilib. Bu, ilk təcrübə olsa da, kliniki sınaq olaraq çox məsuliyyətli bir iş idi. Vaksindən müştərək istifadə etmək üçün onu qeydiyyatdan keçirmişik. Lakin növbəti kliniki sınaqları biz Türkiyənin Səhiyyə Nazirliyi ilə birgə həyata keçirəcəyik və bu, artıq hər iki nazirliyin məsuliyyəti olacaq. Bu, böyük bir uğur olacaq. Bunun üçün bütün infrastruktur artıq hazırdır.
Onu da qeyd edim ki, Səhiyyə Nazirliyi olaraq digər nazirliklərlə, ümumiyyətlə, bütün dövlət qurumları ilə əlaqələrimizin daha da sıx olması üçün hər birimiz əlimizdən gələni etməliyik”.
Daha sonra səhiyyə nazirinin müavinləri Elsevər Ağayev, Nigar Əliyeva və Viktor Qasımov çıxış edərək, ötən il görülən və növbəti ildə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə ümumi məlumat veriblər.
Sonda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, səhiyyə nazirinin birinci müavini Teymur Musayev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün tibb işçilərini təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb.

Q.NURİYEV





Aprel 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova