Teymur Musayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu iştirakçılarının bir qrupu ilə görüşüb

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu ərəfəsində tədbir iştirakçılarının bir qrupu ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə Teymur Musayev Prezident İlham Əliyevin uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, qeyd edib ki, onların hüquqlarının qorunması və müdafiəsi Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Səhiyyə nazirinin birinci müavini dövlət başçısının Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsini və həmin ildən etibarən artıq beşinci dəfə Ümumrespublika Uşaq Forumunun keçirilməsini xatırladıb, bu tədbirin uşaqların həyatında əhəmiyyətli hadisə kimi qalacağına, eyni zamanda, onların gələcək inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. Onun sözlərinə görə, forum dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir və uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxt, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.
Sonra Teymur Musayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə keçirilib.
Xəbəri paylaş