Valyuta.com

Prezident İlham Əliyev: “Azərbaycan pandemiyanın təhdidlərinə vaxtında və adekvat cavab üçün ciddi səylər göstərib”

Prezident İlham Əliyev: “Azərbaycan pandemiyanın təhdidlərinə vaxtında və adekvat cavab üçün ciddi səylər göstərib”

Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantı keçirilib

Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.
60 illik yubileyini qeyd edən Qoşulmama Hərəkatı Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformadır. Beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən bu mühüm təşkilatın Azərbaycanın sədrliyi dövründə qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Açılış mərasimində əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıları Qoşulmama Hərəkatının sədri, Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan bu görüşün ev sahibi qismində salamlayıb.
Toplantının gündəliyi qəbul olunduqdan sonra dövlətimizin başçısı videoformatda çıxış edib.
İlk növbədə, Serbiya Prezidenti Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev vurğulayıb ki, BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edən, fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsidir. Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olduğunu xatırladan dövlət rəhbəri ölkəmizin qısa müddətdə hərəkat üzvləri arasında böyük etimad və hörmət qazanmasından, 2016-cı ildə yekdil qərarla 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçilməsindən danışıb. Bildirib ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında qurur, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edir. Ölkəmiz tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.
Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatına sədrlik müddətində pandemiya ilə bağlı fəaliyyətdən də danışıb: “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini alıb, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Azərbaycan həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.
Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır.
Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul olunub. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq”.
Azərbaycan Prezidenti təəssüflə bildirib ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Dövlət başçısı münaqişənin tarixindən və bugünkü vəziyyətdən danışıb.
Prezident İlham Əliyev bildirib ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar veriblər: “Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.
Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı”.
Sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tədbirin ev sahiblərindən biri kimi iştirakçılara müraciət edib.
Toplantıda BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid çıxış edərək Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının əhəmiyyətindən danışıb: “Bu səylər 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən irəli sürülmüş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyası zamanı çox yaxşı nümayiş etdirilmişdi. Xüsusi sessiyada pandemiyaya qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinin görülməsi üçün güclü çağırış edildi və təcrübəni paylaşmaq üçün nadir bir imkan təmin olundu. Qoşulmama Hərəkatının COVID-19-a qarşı çoxtərəfli yanaşmaya dəstəyi BMT Baş Assambleyasının 76-cı sessiyası ilə bağlı mənim baxışımla üst-üstə düşür”.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş toplantı iştirakçılarına videomüraciətində qeyd edib ki, BMT-yə üzv ölkələrin üçdəikisini birləşdirən Qoşulmama Hərəkatı dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bütün ölkələrin əhalisinin təcili olaraq peyvəndlənməsinin əhəmiyyətini vurğuyan Baş katib xüsusilə “Böyük İyirmilik” ölkələrinin səyləri səfərbər edərək Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvəndləmə strategiyasını həyata keçirməli olduğunu bildirib.
Sonra Qoşulmama Hərəkatının ilk sammitindən bəhs edən qısa film nümayiş olunub.
Qoşulmama Hərəkatının təsisçilərindən biri olan Qana Respublikasının Prezidenti Nana Addo Dankva Akufo-Addo ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətindən danışıb. O, pandemiyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd edib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilmiş son toplantısından ötən müddətdə dünyanın ən böyük böhranlardan biri - koronavirus pandemiyası ilə üz-üzə qaldığını deyib, pandemiya zamanı yoxsul ölkələrin problemlərinin unudulduğunu bildirib. O, hərbi münaqişələr, iqlim dəyişikliyi, miqrasiya böhranı, iqtisadi bərabərsizlik, terrorizm, ekstremizm kimi problemlərdən narahatlığını ifadə edib.
Toplantıda həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymen Benabderrahmane, bu il Qoşulmama Hərəkatında müşahidəçi ölkə statusu verilən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, yubiley tədbirində yeganə xüsusi qonaq ölkə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.
шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova