Valyuta.com

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov: «Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var»

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov: «Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var»

Hazırda ölkəmizdə COVID-19-la bağlı karantin rejimində hər hansı əlavə sərtləşdirməyə, məhdudiyyətlərə getməyə ehtiyac yoxdur. Bu, ilk növbədə, bu gün səhiyyə sistemimizin kifayət qədər xəstəni qəbul və müalicə etmək iqtidarında olması ilə bağlıdır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
“Təbii ki, bu gün təzyiq hiss olunur. Həkimlərimiz də yorulur. Onlar 2 ilə yaxındır ki, məzuniyyətə də çıxmayıblar. Əlbəttə ki, bu, onlar üçün də ağırdır. Lakin biz görsək ki, xəstəxanalarda yerləşmə əmsalı çox yüksəkdir, o zaman Operativ Qərargah da növbəti addımlarda məhdudiyyətlərin tətbiqini müzakirə edə bilər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Şahmar Mövsümov bildirib ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı dörd vaksin tətbiq olunur. Vaksin seçimi vətəndaşlar tərəfindən edilir.
Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatının olduğunu söyləyən Prezidentin köməkçisi bildirib ki, bu ehtiyat ilin sonuna kimi kifayət edəcək. Hazırda növbəti il üçün vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.
Şahmar Mövsümov qeyd edib ki, hər bir vətəndaş atdığı addımlara məsuliyyətlə yanaşsa, vaksinasiya prosesində uğur əldə ediləcək. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiqin olmamasına səbəb peyvəndlənmədir. “Hazırda ölkəmizdə peyvəndlənmə səviyyəsi 24 faizdir. Biz bunu 60 faizə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə hər kəsi peyvəndlənməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, artıq ölkəmizdə 6 milyona yaxın doza vaksin vurulub və hər hansı bir fəsad yoxdur. Heç kimdə vaksinə görə hər hansı xəstəlik, problem meydana gəlməyib. Peyvənd effektivdir, bunu rəqəmlərdə də görmək olur.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün peyvəndin təhlükəsiz və effektiv olması barədə tam ətraflı məlumat verilir: “Biz peyvəndlənmə prosesinə başlayanda, təbii ki, elmi məqalələrə, elmi işlərə əsaslanmışıq. Bütün dünya ölkələri də bunu edirdi. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil, elmi məqalə deyil, konkret faktlardır. Görünən odur ki, koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayan insanlardır. Vaksin olunanlar arasında yoluxanlar cəmi 0,6 faizdir. Vaksinin effektiv və təhlükəsiz olması artıq heç kəsdə şübhə doğurmamalıdır. Artıq bu, nəzəriyyə deyil, faktdır”, - deyə Şahmar Mövsümov əlavə edib.
Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva məlumat verib ki, 2021-ci il avqustun 20-nə olan statistikaya əsasən, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı 210 milyon, xəstəlikdən vəfat edənlərin sayı isə təxminən 4 milyondur. Dünya üzrə gündəlik yoluxma sayı 722 minə yaxındır. Ən çox yoluxma qeydə alınan ölkələr arasında ABŞ, Hindistan və Braziliyanın adları çəkilir.
O bildirib ki, Azərbaycanda da son günlər COVID-19-a yoluxmada kəskin artım müşahidə edilir: “Artım dinamikasında önəmli olan yoluxma əmsalıdır. Əgər avqustun əvvəlində ölkədə koronavirusa yoluxma əmsalı 7 faizə yaxın idisə, indi bu göstərici 23 faizdir. Bu, son 20 gün ərzində ciddi artımın olduğuna işarədir”.
Y.Qarayeva qeyd edib ki, hazırda ölkədə 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: “Onların 11-i Bakı, Abşeron və Sumqayıtda, 7-si isə regionlarda yerləşir. Bundan başqa, ehtiyat tibb müəssisələri mövcuddur. İstənilən halda, biz bütün qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi arxayın etməməlidir. Həmin tibb müəssisələrinin əksəriyyəti rayon mərkəzi xəstəxanalarıdır. Əgər həmin xəstəxanalarda yalnız COVID xəstələri qəbul edilərsə, əhalinin normal tibbi ehtiyaclarını ödəməkdə çətinlik yaranar”.
TƏBİB-in departament müdiri deyib ki, hazırda Azərbaycanda sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştamıdır. Məlumata əsasən, indi Azərbaycanda koronavirus infeksiyası ilə xəstələnənlərin 94 faizi bu ştamla yoluxub. O bildirib ki, “delta” ilə yoluxma zamanı digər ştamlarla müqayisədə xüsusi kliniki fərqlər müşahidə edilmir.
Y.Qarayeva həmçinin peyvəndlər barədə danışıb: “Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 növ peyvənddən istifadə edilir. Hər bir vaksin preparatının effektivliyi istehsalçı şirkətlərin həmin peyvəndləri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim etdiyi vaxtdan məlumdur. Yəni vaksinlərin səmərəliliyi ilə əlaqədar göstəricilər ictimaiyyətə açıqlanıb, bu rəqəmlər heç vaxt gizli saxlanılmayıb. Ümumiyyətlə, tarix boyu istifadə edilən vaksinlərin heç birinin effektivliyi 100 faiz olmayıb. Əsas odur ki, bu gün COVID-19 əleyhinə vurulan peyvəndlərin effektivlik faizi ÜST tərəfindən qoyulan tələblərə uyğundur”.
TƏBİB rəsmisi deyib ki, COVID-19 əleyhinə vaksinasiya olunanların xəstəliyi ağır keçirməsinə səbəb onlarda yanaşı xroniki xəstəliklərin və ya onkoloji xəstəliklərin mövcudluğudur. Ümumiyyətlə, immunitetin yaranması fərdi prosesdir. Peyvənd olunan xəstələr arasında baş verən ağırlaşmaların səbəbləri ciddi şəkildə araşdırılır.
O bildirib ki, bir sıra ölkələrdə 3-cü doza vaksinasiya təcrübəsi var: “3-cü doza peyvənd orqanizmin xəstəliyə qarşı əldə etdiyi immuniteti gücləndirir. Xüsusən yaşlı insanlar və tibb işçilərinin vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçdikdən sonra əlavə 1 doza da peyvənd vurdurmaları məsləhətdir”.
Y.Qarayeva həmçinin deyib ki, bu ilin mart ayından etibarən COVID-19 infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır. Həmçinin süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksinasiyadan keçməyənlərdir. COVID-19 xəstəliyindən həyatını itirənlərin 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb.
Bildirilib ki, Azərbaycanda infeksiyaya yoluxanlar arasında təkrar yoluxma faktı az hallarda qeydə alınır. Bu günə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında yalnız 0,6 faiz yoluxma faktı aşkarlanıb. Təkrar yoluxmalar mütləq şəkildə qeydiyyata alınır.
Məlumat verilib ki, bütün dünyada koronavirusa qarşı cəmi 788 milyon doza vaksin vurulub. ABŞ, İsrail, Almaniya, digər Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür. Bu isə o deməkdir ki, ölkə əhalisinin 24 faizi peyvəndlənib.
Azərbaycanda COVID-19 infeksiyası əleyhinə istifadə edilən, Çinin “SinoVac” şirkətinin istehsalı olan “Coronavac” peyvəndi təhlükəsiz və effektivdir. Bu barədə danışan Yaqut Qarayeva bildirib ki, Azərbaycan “SinoVac” vaksinindən kütləvi şəkildə istifadə edir. Üçüncü doza üçün eyni, yaxud fərqli vaksin seçimi sərbəstdir. Peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar heç bir narahatlığa əsas yoxdur. Vaksinasiya zamanı təlimatlara riayət edilir. Vaksinasiya prosesində iştirak edən tibb işçiləri yalnız təlimatlandırıldıqdan sonra işə cəlb olunurlar.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova