Azərbaycan Prezidenti İlham Əliyevin ÜST Baş direktoru ilə videogörüşü olub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onunla videokonfrans formatında görüşüb.
Görüşdə ÜST Avropa Regional Bürosunun sədri Hans Klüge və təşkilatın digər rəhbər nümayəndələri iştirak ediblər.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə yardımını, o cümlədən 10 milyon dollar həcmində maliyyə ianəsini yüksək qiymətləndirib, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.
Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunduğunu vurğulayıb.
Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq, peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzilərinin isə ciddi problemlərlə üzləşdiyini bildirib. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrı-seçkiliyin məyusluq yaratdığını deyib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini söyləyib. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirib.
Xəbəri paylaş