Prezident İlham Əliyev:"Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir"

Prezident İlham Əliyev:"Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir"

Biz pandemiyanın lap əvvəlindən vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn, pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq. Həmçinin, son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiyanın TASS agentliyinin sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Azərbaycan peyvəndləməyə yanvarın 18-də, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra başlayıb.
“Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən COVAX layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib. Sessiyanın ötən ilin dekabr ayında keçirildiyini xatırladan Azərbaycan Prezidenti deyib: “Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün, Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”, -deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: “Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.


Xəbəri paylaş




Avqust 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova