Prezident İlham Əliyev:"Səhiyyə sistemimizin tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron RMX-nın yeni binasının açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) yeni inşa edilən binasının açılışında iştirak ediblər.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının, onun nəzdində olan Abşeron Rayon Poliklinikasının, Abşeron Rayon Uşaq Poliklinikasının, eləcə də Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.
Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Açılışını etdiyi səhiyyə ocağı ilə bağlı təəssüratları barədə suala cavabında dövlət başçısı deyib: “Təəssüratlar çox müsbətdir. Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.
Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək.
Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir”.
Ölkə rəhbərinin təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində ən müasir standartlara uyğun xəstəxanaların tikildiyini xatırladan jurnalist soruşub ki, bundan sonrakı mərhələdə bu proqramın icrası davam etdiriləcəkmi?
Prezidenti İlham Əliyev bütövlükdə bu işin artıq başa çatmaq üzrə olduğunu, ölkəmizin bütün bölgələrində yeni xəstəxanaların fəaliyyət göstərdiyini söyləyib: “Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu, demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sistemini təkmilləşdirmək və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq.
Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, - bəlkə də daha çox, indi hamısını xatırlamıram, - xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədən keçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı – ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb.
Eyni zamanda, bildiyiniz kimi, biz indi icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır”.
Xəstəxananın məhz qlobal pandemiya dövründə açılmasının xüsusi əhəmiyyətini vurğulayan jurnalist dövlət başçısından indiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətləndirdiyini soruşub.
Prezidenti İlham Əliyev deyib: “Bəli, əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma, təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada, əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Bu, çox böyük rəqəmdir.
Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu”.
Azərbaycan Televiziyasının müxbiri xatırladıb ki, ölkəmizdə həyata keçirilən həm preventiv, həm də xəstəliklə mübarizə tədbirləri beynəlxalq səviyyədə, müxtəlif aparıcı beynəlxalq qurumlar tərəfindən çox yüksək qiymətləndirilib, hətta mübarizədə “Azərbaycan modeli” ifadəsindən də bəzi hallarda istifadə olunub. Bu barədə fikirlərini bildirən Prezidenti İlham Əliyev deyib ki, bu bizi çox sevindirir: “Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq, bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə, həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır”.
Bu müddət ərzində Azərbaycanın xarici ölkələrə yardımı ilə bağlı suala cavab olaraq dövlət başçısı bildirib ki, biz bunu bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik: “Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir.
Bundan əlavə, biz beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs, yəqin ki, onların fikirlərinə görə, gərək, daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni Ermənistanda azərbaycanofobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.
BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”.
Söhbət zamanı vaksinasiya, vaksinlərin ədalətli bölgüsü, bu sahədə müəyyən ölkələr arasında yaranan gərginlik məsələlərinə toxunulub. Prezident deyib ki, bu gərginliyin səbəbi ədalətsizlik, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Bildirib ki, çoxəsrlik tellərlə bir-birinə bağlı olan Avropa İttifaqı ilə Böyük Britaniya arasında vaksinlə bağlı qalmaqal özlüyündə çox narahatedici faktdır: “Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir... Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları – bəs, onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm.
Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər”.
Azərbaycanda artıq başlanmış vaksinləmə prosesi ilə bağlı görülən işləri müsbət qiymətləndirən dövlət başçısı deyib ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib: “Yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAX təşəbbüsünün üzvüyük və COVAX xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doza vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar. Əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür.
Onu da bildirməliyəm ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. İndi siz Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir”. Dövlət başçısı qeyd edib ki, “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Belə yanaşma isə kasıb ölkələrin vətəndaşlarını virus qarşısında müdafiəsiz qoyur. Əhalisi 38 milyon olan Kanada öz əhalisindən dörd dəfə çox – 154 milyon əhali üçün vaksinlər sifariş edib. Bu isə o deməkdir ki, başqa ölkələrin 120 milyon əhalisinə bu vaksin çatmayacaq. Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür.
Prezident vurğulayıb ki, bu, tək bu xəstəliklə bağlı olan məsələ deyil: “Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan – Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.
Prezident İlham Əliyev həmçinin erməni işğalından azad edilən torpaqlarla bağlı təəssüratlarını bölüşüb, müxtəlif dövlət qurumlarının Şuşada nümayəndəlik açmaq istəyinə münasibət bildirib.
Xəbəri paylaş