Valyuta.com

Prezident İlham Əliyev: “Bilin ki, biz sizi sağaldacağıq”

Prezident İlham Əliyev: “Bilin ki, biz sizi sağaldacağıq”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edərək deyib: “Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu. İşğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan bütün addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb”.
Azərbaycan Prezidenti bildirib ki, düşmən hərbi cinayətlər törədib. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq, həm ayrı-ayrı insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə görə cavab verəcəklər.
Dövlət başçısı deyib ki, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırdıq. Ancaq son bir il ərzində sülh prosesi iflic vəziyyətə düşmüşdü. Ermənistanın rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə danışıqlar prosesini məhv etmişdi. Məsələ sülh yolu ilə həll olunmadığına görə, bunu hərbi yolla etdik. Düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər. Artıq birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Biz bir daha gücümüzü, xalqımızın birliyini göstərdik: “Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.
Prezident İlham Əliyev məcburi köçkünlərə müraciət edərək deyib: “Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə, demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acığını mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik”.
İndi həyatımızda yeni dövrün başladığını söyləyən dövlət başçısı bildirib ki, bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək: “Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq.
Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini, demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.
Azərbaycan Prezidenti deyib ki, döyüş meydanında və arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə verilmək üçün Azərbaycanda yeni ordenlər və medallar təsis olunacaq. Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək nümayiş etdiriləcək: “Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Baş leytenant Mail Əsgərov keçdiyi hərbi yoldan danışıb, Füzuli rayonu istiqamətində vuruşduğunu, orada yaralandığını deyib: “Çox fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq qoymadılar, qələbə çaldılar. Yaralanandan sonra müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm. Siz son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Bu dəmir yumruq xalqımızın birliyi, ordumuzun gücü və xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova