Valyuta.com

Prezident İlham Əliyev: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq!”

Prezident İlham Əliyev: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da televiziya ilə xalqa müraciət edərək deyib:
“Əziz həmvətənlər! Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Dövlət başçısı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanatın mətnini təqdim edib.
Prezident İlham Əliyev vurğulayıb ki, videokonfrans şəklində imzalanmış bu bəyanatın tarixi əhəmiyyəti var. Faktiki olaraq, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ermənistan baş naziri bunu öz xoşu ilə imzalamır. Biz onu dəmir yumruğun hesabına məcbur etdik: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! ...Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.
Dövlət başçısı qeyd edib ki, məcburi köçkünlər üçün yaxşı şərait yaradılsa da, onların problemləri həll olunsa da, onların əsas arzusu doğma torpaqlara qayıtmaq idi, gözlərində nisgil, həsrət görünürdü: “Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!”
Azərbaycan Prezidenti bildirib ki, biz məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. Şəhidlərin ruhu qarşısında baş əydiyini söyləyən ölkə rəhbəri deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik, düşməni torpaqlarımızdan qovacağıq!”
Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan atəşkəsə əməl etsə, biz dayanırıq: “Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq”.
Dövlət başçısı bildirib ki, döyüş meydanında qazanılmış bu qələbədə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr azad edilib. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıtsın. Bu, Ermənistan tərəfinin xoş niyyəti deyil, onlar sadəcə buna məcbur olublar.
Sənəddə yeni nəzarət mexanizmi məsələsinə toxunan ölkə rəhbəri bildirib ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq və orada Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcəklər. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinın məsələnin sülh yolu ilə həll olunması üçün səylərini yüksək qiymətləndirib, münaqişənin dayandırılmasında bu iki liderin müsbət rol oynadığını vurğulayıb.
Dövlət başçısı sənəddə təsbit edilən digər önəmli məsələni - Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini xüsusi qeyd edib. Bütün kommunikasiyaların, yolların açılması, gələcəkdə yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması məsələlərinin bəyanata salınmasını “tarixi addım” adlandıran ölkə rəhbəri bu münasibətlə naxçıvanlıları təbrik edib.
Azərbaycan Prezidenti deyib: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. ...Bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi. Bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər”.
Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də olmadığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, buna görə bu sənədin çox böyük mənası var. Bu böyük siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayıb. Həmçinin son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu bu qələbəmizi şərtləndirdi: “Bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun”.
Dövlət başçısı vurğulayıb ki, biz döyüş meydanında, siyasi müstəvidə gücümüzü və müstəqilliyimizi göstərmişik. Çox böyük sınaqlardan çıxdıq, gündəlik rejimdə böyük təzyiqlərə məruz qaldıq. Amma dayanmadıq: “Biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
“Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq qələbəmizin rəmzi olduğunu söyləyən Prezident İlham Əliyev deyib: “Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova