Prezident İlham Əliyev: “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır”

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı qatarla Pirşağı stansiyasından Görədil dayanacağına, oradan Novxanı dayanacağına gəlib.
Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsib.
Dəmiryolçularla görüşən dövlət başçısı qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik edib. Bakı şəhərinin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xəttin insanlar üçün gözəl imkanlar, rahat şərait yaratdığını deyib.
Prezident İlham Əliyev öz çıxışında bu gün gündəmdə olan aktual məsələlərə də toxunub: “İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.
Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Xəbəri paylaş