Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Birinci vitse-prezident Mehriban Əliyeva şənlikdə iştirak edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd edib.
Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa edib.
Sonra Mehriban xanım Əliyeva uşaqlarla birgə tort bişirib, onlarla söhbət edib.
Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov və digər uşaqlar pianoda müxtəlif musiqi nömrələri ifa ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da musiqi ifa edib.
Daha sonra Birinci vitse-prezident və autizmli uşaqlar birgə bişirdikləri tortla çay süfrəsi ətrafında toplaşıblar.
İctimai Birliyin sədri Aytən Eynalova bildirib ki, hazırda bu Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır. Burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçmiş mütəxəssislər məşğul olurlar.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin kollektivini, burada müalicə alan uşaqları və ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Xəbəri paylaş