Səhiyyə naziri qripə qarşı profilaktik tədbirlər barədə əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci illərin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
Sənəddə 2019-2020-ci illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə nazirliyin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Əmrdə əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusilə uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə etməsinin təmini göstərişləri öz əksini tapıb.
Eyni zamanda, sənəddə profilaktik dezinfeksiya işlərinin aparılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması, şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinin gücləndirilməsi sahəsində də göstərişlər verilib.
Xəbəri paylaş