Ölkə başçısı həkimləri Cümhuriyyət medalı ilə təltif etdi

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunanlar arasında həkimlər də var.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) əməkdaşları – İnstitutun Mikrobiologiya və epidemiologiya kafedrasının professoru, Əməkdar elm xadimi Fərxəndə Sadıxova və Hematologiya kafedrasının müdiri, dosent, Əməkdar müəllim Elmira Qədimova da həmin medala layiq görülüblər.
Professor Fərxəndə Sadıxova poliomielit üzrə qlobal proqramın iştirakçısı kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qızıl medalla təltif edilib. O, poliovirusların təbii ştamlarının yayılmasının qarşısının alınması üzrə milli əlaqələndirici, Taun Əleyhinə Stansiyanın Virusoloji laboratoriyasının rəhbər-məsləhətçisidir.
1990-cı ildən ADHTİ-də kafedra müdiri vəzifəsində çalışan Elmira Qədimova həm də Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəridir. O, 20-dən çox xarici ölkədə hematologiya və transfuziologiya sahəsi üzrə elmi konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib.
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərov da 65 il ərzində tibb kadrlarının hazırlanmasında göstərdiyi yüksək xidmətlərə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Medal professor Rafiq Əsgərova kafedranın müdiri, professor Vaqif Şadlinski və universitetin Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov tərəfindən təqdim edilib.
Xəbəri paylaş