Prezident İlham Əliyev tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin sərhəd-mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunun və mülki işçisinin mükafatlandırılması ilə bağlı iki sərəncam imzalayıb. Təltif olunanlar arasında tibb işçiləri də var.
Birinci sənədə - “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tibb xidməti polkovnik-leytenantı Fariz Nurəddin oğlu Məmmədov və tibb xidməti mayoru Rahil Fəyaz oğlu Abasov uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Əməkdar həkim” fəxri adı alıblar.
Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd-mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə orden və medallarla təltif edilənlər arasında da tibb işçisi var. Belə ki, tibb xidməti polkovniki Zərifə Əli qızı Əliyeva “Vətən uğrunda” medalı ilə mükafatlandırılıb.
Dövlət başçısı həmçinin “Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” da Sərəncam imzalayıb. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə mükafatlandırılanlar arasında tibb xidməti mayoru Mübariz Aslan oğlu Bayramov da var. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Xəbəri paylaş