Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində dövlət başçısı İstisu və Sağlamlıq Mərkəzində olub.
Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan bu müasir mehmanxana və sağlamlıq kompleksinin bölgədə səhiyyə turizminin inkişafına böyük təkan verəcəyi gözlənilir. Azərbaycanın iqtisadi potensialını nümayiş etdirən mərkəzdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran İstisu və Sağlamlıq Mərkəzində görülən işlərlə tanış olublar.
Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Lənkəran İstisu Sanatoriyası üçün 1974-cü ildə dördmərtəbəli sanatoriya binası tikilib. 2016-cı ilin noyabrında burada yeni Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına başlanılıb. Mərkəzin doqquz mərtəbəli, 182 nömrəlik otel binası yüksək standartlara uyğun inşa olunub, digər xidmət sahələrinin tikintisi davam etdirilir.
Prezident İlham Əliyev və xanımı oteldə yaradılan şəraitlə tanış olublar.
Kompleksin ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib, burada laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılıb, həmçinin elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonoterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Tibbi mərkəzdə masaj və palçıq applikasiya otaqları, aptek də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev istisu vannaları ilə tanış olub.
Bildirilib ki, hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq qruplaşdırılıb. Burada yerin təkindən çıxan sular müalicəvi-mineral və mineral sular qruplarına aid edilir.
Mərkəzdə qan dövranı, sinir, sümük-əzələ, tənəffüs, həzm və sidik-cinsiyyət sistemləri, birləşdirici toxuma, dəri və dərialtı toxuma xəstəliklərinin, maddələr mübadiləsi və qidalanma pozuntularının sanator müalicəsi nəzərdə tutulub.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edərək, yeni mərkəzlə tanışlığın gözəl təəssürat bağışladığını söyləyib: “Şadam ki, yeni tikilən otel, istirahət və müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada … qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər”.
Azərbaycan Prezidenti ölkəmizdə turizmin inkişafını şərtləndirən amillərdən danışıb. Qeyd edib ki, İstisu Sağlamlıq Mərkəzinin yaradılması müalicəvi turizmin inkişafı istiqamətində önəmli addımdır: “Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə edilir. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək”.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş