Rasim Balayev: “Mən hələ şah əsərimi yaratmamışam”
O, Azərbaycan kino sənətinə oynadığı bənzərsiz rollarla adını yazmış istedadlı aktyordur. Qabiliyyəti, əzmkarlığı, əməksevərliyi ilə işinin peşəkarına çevrilən incəsənət xadimi, Dövlət Mükafatı laureatıdır. Yaratdığı obrazlarla cəmi 30 yaşında şöhrətin zirvəsinə çatmağı bacaran, yaraşığı ilə bir zamanlar gənc qızların sevimlisinə çevrilən, 34 yaşında Xalq artisti adına layiq görülən sənətkardır. Bir sözlə, bu dəfəki həmsöhbətim Rasim Balayevdir.
- Necəsiniz, Rasim müəllim? Əhvalınız, səhhətiniz necədir?
- İndi babatam. Bir neçə il əvvələ qədər mənim heç vaxt sağlamlığımdan şikayətim olmayıb. Amma bir müddət öncə işimdə müəyyən problemlərin yaranması əsəblərimin pozulmasına, depressiyaya düşməyimə səbəb olmuşdu. Təsəvvür edin ki, hər zaman aktiv, yaradıcı iş həyatı olan bir insan idim, birdən-birə, heç bir günahım olmadığı halda işimi itirdim. Eyni zamanda, son illər rollara da az çəkilirəm. Mən də hər şeyi ürəyimə salan adamam. Ona görə də baş verənlər, fəaliyyətimdəki durğunluq, sükut sağlamlığıma mənfi təsir etdi. Hətta stress vəziyyəti mədəmdə ciddi problemlərin yaranmasına səbəb olmuşdu və buna görə xeyli müalicə aldım. İndi şəkərə meyilliliyim, təzyiqim var. Onları da dərmanların köməyi ilə tənzimləyirəm. Şükür ki, artıq səhhətim normal vəziyyətdədir.
- Rasim müəllim, necə oldu ki, aktyor olmağa qərar verdiniz? Ailənizdə bu sənətdə olan kimsə var idi?
- Təxminən 7-8-ci sinfə qədər aktyor olmaq barədə qətiyyən fikirləşmirdim. Məktəbdə yaxşı oxuyurdum. Sonradan ədəbiyyata, tarixə marağım artdı və dərnəklərə getməyə başladım. Aktyorluğa həvəsim yarandı. Əvvəl elə bilirdim ki, bu, ötəri hissdir, keçib gedəcək. Amma məktəbi qurtaran il qərara gəldim ki, aktyor olacağam. Evdə bu niyyətim barədə danışanda valideynlərim çox təəccübləndilər. Qətiyyən razı olmurdular. Onlar məni həkim və ya tarixçi görmək istəyirdilər. Aktyorluğu qeyri-ciddi iş kimi qəbul edirdilər. Bizim ailədə, qohumlarda heç kim aktyor olmayıb. Odur ki, bu sənət onlar üçün qaranlıq bir şey idi. Düzdür, rayona arabir Bakıdan aktyorlar gələrdi, tamaşalar qoyardılar. Biz də gedib baxardıq, sadəcə, maraq xətrinə… Evdə mənim nə vaxtsa aktyor olacağımı təsəvvür belə etmirdilər.
- Heç peşman olduğunuz, valideynlərinizi haqlı bildiyiniz zamanlar oldumu?
- Belə şey olur. Elə anlar olub ki, ya mənim, ya da bir başqasının, məsələn, dramaturqun səhvindən nə isə alınmayıb, yaxud çəkiliş meydançasında problemlər yaranıb, çox əsəbiləşmişəm, hətta roldan imtina etmək istəmişəm. Öz-özümə düşünmüşəm ki, gərək başqa sənət seçəydim. Təbii ki, sonra işin nəticəsi yaxşı olanda bu hallar yaddan çıxırdı, pis olanda isə lap çox təsir edirdi.
- Böyük ekrana ilk dəfə Nəsimi rolu ilə gəlmisiniz. 25 yaşda bu qəfil məşhurluq, qızların sevimlisi olmaq necə hissdir?
- Əlbəttə ki, yaxşı hissdir. “Nəsimi” taleyimi həll etdi. Böyük səhnədə ilk rolum idi. Bunu yoxlama kimi qəbul edirdim. Əgər uğursuz olsaydı, yəqin sənətdən gedərdim. Xoşbəxtlikdən, film çox gözəl alındı. Nəsimi obrazı sənət yolumda yaşıl işıq oldu. O vaxta qədər müraciətlərimə, cəhdlərimə baxmayaraq, məni aktyor kimi heç bir rola qəbul etmirdilər. Dəvət olunduğum bütün sınaqlar uğursuzluqla nəticələnirdi, hətta az qala təsdiq edildiyim rola da sonda başqasını çəkirdilər. Fikirləşirdim ki, bu nə işdir belə, əgər istedadsız idimsə, niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi? Əgər bacarıramsa, niyə bacarıqsız kimi kənarda qalıram? Bu suallar mənə rahatlıq vermirdi. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatdı ki, depressiyadan xəstəxanaya düşdüm.
Həmin dövrdə İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi rolu üçün aktyor axtarırmış və bir gün H.Seyidbəyli məni xatırlayır. Tapşırır ki, “Nəsimi” filminin ssenarisi mənə verilsin. Bu filmin ssenarisi ilə xəstəxanada tanış oldum, müalicə ala-ala məşqlərə başladım. “Nəsimi” filmindən sonra isə artıq məni rollara yoxlamadan qəbul edirdilər.
Ümumiyyətlə, bu sahədə uğur qazanmaq üçün ilk növbədə istedad lazımdır. İkincisi, zəhmətkeş olmalısan, daim oxumalı, öyrənməlisən. Üçüncüsü isə, bəxt amili böyük rol oynayır. Bunların üçü bir arada olarsa, sənət adamı parlayır. Bu şərtlər bir-birini tamamlamalıdır.
Bir də aktyor gərək hansısa uğurlu filmdən, dediyiniz məşhurluqdan, çox sevilməkdən başgicəllənməsi yaşamasın, arxayın olmasın. Hər yeni filmə çəkilməyə başlayanda gərək ondan əvvəlki işləri unudasan.
- Siz bunu bacardınız?
- Bəli. Mən həmişə, elə indi də bir filmə çəkiləndə sıfırdan başlayıram, əvvəlki işlərimi, çəkildiyim bütün filmləri unuduram. İşə bu cür yanaşmaq lazımdır. Yoxsa deyim ki, dünənki uşaq məni niyə öyrədir?! Belə yanaşma doğru deyil. Təəssüf ki, hər kəs belə düşünmür.
- İstər Nəsimi olsun, istər Babək, Beyrək kimi qəhrəmanlar, istər Cavid əfəndi, istər fırıldaqçı Davud – tamaşaçı üçün Rasim Balayevin ifası həmişə ideal ifadır. Bəs, siz özünüz necə, elə bir rolunuz olubmu ki, sonradan “Kaş bu rolu oynamayaydım” deyəsiniz?
- Bəli, elə rollar olub ki, sonradan baxıb demişəm ki, çox nahaq çəkilmişəm bu filmə. Oynadığım rollardan bəzisi alınıb, bəzisi o qədər də alınmayıb. Amma mən hamısına eyni məsuliyyətlə yanaşmışam.
- Aktyorun çəkildiyi rollar onun xasiyyətinə təsir edirmi?
- Yox, deməzdim. Mən hər cür rol oynaya bilərəm. Bunlar hamısı obrazlardır. Bəzən mənə deyirdilər ki, Davud rolunu nahaq yerə oynadın. Cavab verirdim ki, o, Davuddur, mən deyiləm. Filmlərdə çox qəhrəman obrazları canlandırdığım üçün bəzən məni qəhrəman sayırlar. Amma bu belə deyil. Doğrudur, mən sözümü deyən adamam, kiminsə yanında gözüm kölgəli deyil. Amma igid deyiləm, Babək, Nəsimi deyiləm. Özümü xarakterik aktyor sayıram. Müxtəlif obrazlar oynamaq, hər dəfə başqalaşmaq, yeni ştrixlər tapmaq məcburiyyətində qalmaq aktyor üçün çox yaxşıdır.
- Deyirlər rolun uğurlu alınması üçün onu oynamaq yox, yaşamaq lazımdır. Dərinizi də soyublar, zindana da salıblar, xəyanət də görmüsünüz, zəmanənin ədalətsizliyini də... Çəkiliş zamanı özünüzü obrazdan ayıra bilirsiniz, ya onunla bərabər bu stressləri yaşayırsınız?
- Mən həmişə obrazı yaşamışam, onun hisslərini, duyğularını, sevincini, əziyyətini, zülmünü tamaşaçıya inandırıcı şəkildə çatdırmağa çalışmışam. Ona görə məni, bayaq da qeyd etdiyim kimi, çox zaman yaratdığım obrazlardan ayırıb, özüm kimi qəbul edə bilmirlər.
Sizə bununla bağlı olmuş bir hadisə də danışım. Bir uşaq “Nəsimi” filminə baxarkən həqiqətən dərimin soyulduğuna inanmışdı və bu ona psixoloji cəhətdən çox pis təsir etmişdi. Həkim uşağın valideynlərinə məsləhət görmüşdü ki, onu mənimlə görüşdürsünlər, başa düşsün ki, bu, sadəcə, bir filmdir. Həmin uşaqla görüşdüm, hətta mənə inansın deyə, ayağımın dərisini də göstərdim.
- Bu gün hansı rolları oynamaq, necə obrazlar yaratmaq istərdiniz?
- Mən özümə bu sahədə heç bir sərhəd qoymamışam. İnanın, mənim içimdə tragikomik rol oynamaq istəyi də olub. Amma əsl komediya, loru dillə desək, hırhırdan, meymunçuluqdan ibarət komediya yox. Azərbaycanda bu gün komediya filmləri sıfır səviyyəsindədir, intellektual yumor yoxdur, təkrarçılıq davam edir. Çox təəssüf... Səhnədə şitlik etmək, səviyyəsiz sözlər demək komediya deyil axı. Adamı güldürmək ağlatmaqdan daha çətindir. Ona görə də bu, çətin janrdır.
Əslində, komediya elə ciddiyyətdən doğur. “O olmasın, bu olsun” filmində olduğu kimi, ciddi problemlər qaldırılır, amma gülüş doğurur. Biz Məşədi İbada gülürük, amma onun həyatı özü üçün faciədir.
Mən iddia etmirəm ki, hər rolu oynayaram. Çünki insanın individual tərəfləri, sifət quruluşu, yaşı və s. məqamlar var ki, bunlarla aktyorun hansısa rola uyğun olub-olmaması müəyyənləşdirilir...
- Niyə sizi sevənləri yeni rollarla sevindirmirsiniz?
- Doğrusu, məni çox filmlərə, seriallara dəvət edirlər, amma o təklifləri qəbul etmirəm. Düşünürəm ki, o cür rolları oynamaqdansa, evdə oturmaq yaxşıdır. Son illər, hələ ki, istədiyim, arzuladığım kimi, güclü ssenarisi olan filmlərə dəvət almamışam.
- 2003-cü ildə baş rollardan birinə çəkildiyiniz “Bəyaz həyat” çoxseriyalı filmi ekrana çıxanda hadisəyə çevrildi, geniş tamaşaçı auditoriyası topladı, mahnısı dillər əzbəri oldu. Hazırda dövlət teleserialların maliyyələşdirilməsi üçün külli miqdarda vəsait ayıranda isə ortalığa əsasən bayağı məhsullar qoyulur. Nə idi o uğurun səbəbi? Rejissormu, ssenaristmi, aktyorlarmı, yaxud tamaşaçıların indikindən fərqli münasibətimi?
- Bunun səbəbləri haqqında geniş danışmaq olar. Mən fikrimi qısa şəkildə ifadə etməyə çalışacağam.
Kino kollektiv sənətdir. Kollektivdə isə hər kəs eyni istiqamətə gedəndə, bir amala qulluq edəndə iş uğurlu alınır. Yaxşı aktyor ansamblı olan çox filmlər çəkilib ki, rejissor işi zəif olduğuna görə alınmayıb. Dramaturqun da, rejissorun da, ssenaristin də, aktyorun da işi bir-birini tamamlamalıdır. Bu gün ssenarist çatışmazlığı var. Yaxşı əsərlər, yaxşı kino ssenariləri yoxdur. Təsəvvür edin ki, 55 bölümlük seriala dəvət edilirəm, maraqlananda görürəm ki, əllərində bir seriyanın ssenarisi ya var, ya yoxdur. Bu yolla ortaya keyfiyyətli iş qoymaq olmaz. Biz buna loru dildə “xaltura” deyirik.
Bu gün çəkilən filmlərin, ola bilər ki, müqayisədə biri digərindən yaxşıdır, amma ümumilikdə, onların heç biri zamanın tələb etdiyi səviyyədə deyil. Biz SSRİ-nin tərkibində olanda filmlərimizin taleyini Moskva həll edirdi. Buna baxmayaraq, o dövrdə, dünyada olmasa da, SSRİ məkanında, Orta Asiyada tanınırdıq, sevilirdik. Ən zəif filmlərimiz belə öz xərcini 5-10 qat çıxarırdı.
İndi isə müstəqil ölkəyik və gərək elə keyfiyyətli filmlər çəkək ki, beynəlxalq standartlara uyğun gəlsin. Onlara beynəlxalq festivallarda baxılsın, qiymət verilsin, hətta alınsın. Amma biz öz tamaşaçılarımızı da qaçırmışıq.
Mən 1994-cü ildə Türkiyədə iki filmə çəkilmişəm. Həmin dövrlərdə və ondan əvvəlki vaxtlarda onlarda yaxşı filmlər, demək olar ki, yox idi. Amma bu gün türk filmləri, serialları əksər ölkələrdə sevilə-sevilə izlənir, o cümlədən də ölkəmizdə. Onlar yaxşı sənətkarları qabağa çəkirlər, ona görə də ortaya səviyyəli iş çıxır. Onlar üzgörənliklə aktyor seçmirlər. Bu gün bizdə filmə sponsorluq edənlər deyir ki, filan qızı və ya oğlanı baş rola çək. Məcbur olub çəkirlər, çünki əks halda pul vermir axı. Və ya başqası tapşırır ki, “filankəs xalam oğludur, ona rol ver”. Bu, sənət deyil.
Eyni zamanda, türklər təhsilin də keyfiyyətini yüksəltdilər, hətta gənclər gedib xarici ölkələrdə biliklərini artırdılar. Bunlar önəmli faktorlardır.
Qeyd edim ki, bu gün İncəsənət Universitetində lazımi səviyyədə kadrlar hazırlanmır, buna həm də seçimin düzgün aparılmaması təsir edir. Hazırda aktyor, rejissor sinfinə gələn gənclər, əksər hallarda, başqa fakültələrə hazırlaşıb qəbul ola bilməyən, az bal toplayanlardır. Hətta bəlkə də bəziləri əsgərliyə getməmək üçün gəlib orada günlərini keçirirlər. Bu fikirlərimi bölüşəndə məni doğru anlamayanlar olur. Amma bunları ölkəmizdə yaxşı aktyorların yetişməsini istədiyim üçün deyirəm, başqa heç bir iddiam yoxdur.
Bizim dövrümüzdə birinci qabiliyyət imtahanları keçirilirdi. Həmin imtahanlarda da, təbii ki, ancaq sənətə gəlmək istəyənlər iştirak edirdi. Orada yüksək bal toplayanlara bəzən bilik imtahanında hörmət olunurdu. Çünki aktyorluq qabiliyyəti olana sonradan ədəbiyyat, tarix öyrətmək mümkündür, amma əksini etmək olmur.
Gənclərə məsləhətim budur ki, yalnız sənəti sevənlər bu sahəyə gəlsinlər, ona ciddi yanaşsınlar. Bu sənətlə hörmət qazanmaq çox çətindir. Məqsədləri sənət olmalıdır. Sonra sənət onlara arzuladıqları həyatı verəcək.
- Sizcə, yaxşı aktyor olmaq üçün mütləq ali təhsil lazımdır, yoxsa tək istedad da yetərlidir?
- Əlbəttə ki, təhsil olmalıdır. Bəli, əsas fitri istedaddır. Allah fitri istedadı verir, amma onu rəndələmək, üzə çıxarmaq lazımdır. Bunun elmi yolları, sistemi var və onları bilmədən tamaşaçını ələ almaq olmaz. İndiki dövrdə tamaşaçıları qane etmək də çətindir. Onlar artıq 30-40 il əvvəlki insanlar da deyil, çox məlumatlıdırlar, daha tələbkardırlar. Bu gün hər kəsin əlinin altında internet var və istədiyi filmi izləyə bilir. Ona görə elə professional olmaq lazımdır ki, sənə də baxmaq istəsinlər. Bunun üçün də qabiliyyətlə yanaşı, zəhmət və, təbii ki, oxumaq, elm, sənətin yolların bilmək, istedadı istiqamətləndirmək də zəruridir.
Bununla belə, onu da qeyd edim ki, mən hələ ümidimi itirməmişəm. İnanıram ki, bizdə də yavaş-yavaş pis film çəkməkdən yorulub, yaxşı filmlər çəkəcəklər. Hər bir sənət sahəsində tənəzzül və inkişaf dövrü olur. Bu da bir tənəzzül dövrüdür. Amma bu proses uzun davam edə bilməz. Onu da anlayıram ki, hər şeyin birdən-birə düzəlməsi də mümkün deyil, zamana ehtiyac var. Yəqin ki, 3-5 il sonra biz də ətrafımıza baxıb, keyfiyyətli işlər ortaya qoyacağıq.
- Hollivudda film çəkilişlərinə böyük məbləğdə vəsait ayrılır. Bəlkə o qədər maliyyə imkanlarımız olmadığına görə keyfiyyətli iş ortaya qoyulmur?
- Bilirsiniz, sənətkar, yaxşı ssenari olmasa, lap bir milyard pul ayırsan da, nəticə olmayacaq. Məsələn, yadımdadır, sovet vaxtı 400 minə çəkdikləri “İstintaq” filmi Düşənbədə birinci yer tutdu. “Nəsimi” filminin çəkilişinə 600 min büdcə ayrılmışdı. Bu filmi Daşkənd festivalında 30-35 ölkə aldı. Yəni çəkə bilən az məbləğlə də bunu bacarır. Düzdür, xarici filmlərin büdcəsi çoxdur. Təbii ki, məbləğ nə qədər çox olsa, o qədər yaxşıdır. Amma iş bacarıqlı əllərdə olmalıdır. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
- Hansı rolunuzu yaradıcılığınızın zirvəsi adlandırardınız?
- Düşünürəm ki, mən hələ əsl sözümü deməmişəm. 15-20 ildir ki, arzusunda olduğum, içimdən gələn, var gücümlə potensialımı ortaya qoya biləcəyim obraz oynamamışam. Doğrudur, yaxşı rollarım olub. Cavidi, Axundovu canlandırmışam. Amma hər bir aktyorun işində bir pik nöqtə olur. Mənə elə gəlir ki, şah əsərimi hələ yaratmamışam, o pik nöqtəyə çatmamışam. Yaradıcılığın sonu yoxdur.
- Həm ailə, həm iş həyatının uğurlu olması, hər sahədə şanslı olmaq mümkündürmü?
- Çətindir, amma mənim bu baxımdan bəxtim gətirib. Əslində, bu, bir çox amildən asılıdır. Ola bilər ki, sən yaxşı insan, sənətkar olasan, amma deyingən, qudurğan və s. qadına rast gələsən. Məndə bunlar kompleks şəkildə yaxşıdır. Arxa cəbhə yaxşı olub ki, çəkilişlərdə ürəklə işləmişəm, fikir çəkməmişəm. Özüm də evin kişisi kimi əlimdən gələni etmişəm. Uşaqların tərbiyəsi ilə daim maraqlanmışam. Ən ağır çəkilişlərdə belə, mobil telefonların olmadığı dövrdə, daim evlə əlaqə saxlamışam, uşaqlarla, digər problemlərlə maraqlanmışam. Bunlara vaxtında nəzarət etdikdə, sonra rahat yaşayırsan. İndi övladlarım özləri ailə başçısıdır və nəyi necə etmək lazım olduğunu çox gözəl bilirlər.
Amma vaxtında nəzarət etməyən sənət adamları da gözümün qarşısında olub. Deyirdilər “uşaqla maraqlanmağa vaxtım hardadır?” Amma sonra problemlər olanda heç kim özünü günahkar bilmir.
- Övladlarınızdan sənətinizi davam etdirən varmı?
- İki oğlum var və heç biri bu sahəni seçməyib. Uşaqlar mənim nə qədər əziyyət çəkdiyimi bilirlər. Tozun-torpağın içində, əsəbi halda evə gəlməyimi tamaşaçılar yox, uşaqlar görürdülər. “Babək” filmində düz bir ay axşam saat 6-da işə gedib, səhər saat 5-də qayıtmışam. Gecə ilə gündüzü səhv salırdıq. Əsəbi olurdum. Yəqin bütün bunlar, eyni zamanda, daxildə marağın, xüsusi həvəsin olmaması onları başqa istiqamətlərə yönəltdi.
- Belə anladıq ki, valideyn kimi ciddi olmusunuz. Bəs, eyni ciddiliklə baba ola bilirsiniz?
- Yox, baba kimi o ciddiyyəti qorumaq çətindir. Mənim iki qız nəvəm var. Onların qarşısında uşaq oluram. Nəvə başqa şeydir.
- Bu gün cəmiyyətdə sizi daha çox nə narahat edir?
- Problemlər çoxdur, mən də bu cəmiyyətin içindəyəmsə, o problemlər məni narahat etməyə bilməz. İnsanlar maddi cəhətdən əziyyət çəkir. Devalvasiyadan sonra bu problem daha da dərinləşdi. Mən prezident təqaüdü alıram. Mən təsəvvür edə bilmirəm ki, onu almasaydım, necə dolanardım, taleyim necə olardı? Görürəm ki, əksəriyyət üçün çətindir.
Bəzən elə düşünürlər ki, həmişə filmlərə çəkilən, baş rollar ifa edən aktyorun yəqin heç bir maddi çətinliyi olmaz. Ancaq bizdə kino sahəsində qonorar o qədər də böyük məbləğ olmayıb. “Nəsimi” filmi üçün cəmi 1600 manat almışdım, “Babək” filminə görə 5000 manat. “Qatır Məmməd” filminə isə lap havayı çəkilmişəm. Xarici aktyorlara belə rollara görə 5-10 milyon dollar verilir.
- Ölümdən qorxursunuz?
- Yox. Amma yaşamaq istəyirəm.
Keçirdiyim depressiya vaxtı məndə intihar haqqında fikirlər, düşkünlük, həvəssizlik yaranmışdı, heç nədən ləzzət ala bilmirdim. Düşünürdüm ki, niyə yaşayıram, bəlkə hansısa bir yolla özümü öldürüm?! Yaxşı ki, o hisslər keçdi.
Bəzən insan elə vəziyyətə düşür ki, çıxış yolu tapa bilmir. Amma təbii ki, intihar çıxış yolu deyil. İnsanı həmin an düşdüyü psixoloji durumdan çıxarmaq lazımdır.
- Bağışlamağı bacarırsınız?
- Elə şeylər var ki, onları bağışlamaq olar, bəzi şeyləri isə yox.
- Nəyi bağışlamaq olmaz?
- Riyakarlığı, yaltaqlığı, kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyənləri, namussuz insanları... Çox şeylər var ki, bağışlanması mümkün deyil.
- Siz bağışlanması mümkün olmayan səhvlər etmisiniz?
- Hər kəs səhv edir. Əlbəttə ki, mənim də çoxlu səhvlərim olub. Amma onları təhlil edəndə görürəm ki, bağışlanması mümkün olmayan səhvlər deyil.
Mən sülhsevər insanam. İnsanları sevirəm, əksər hallarda onlara inanıram. Bəzən hansısa naqis hərəkətdən dilxor olsam da, yaxşıların daha çox olduğunu düşünüb, bunu unuduram.
Mən hər gecə yatanda özümə davranışlarımın hesabatını verirəm, nələr etdiyimi xatırlamağa çalışıram. Bəzən kimisə incitdiyimi, kiminsə xətrinə dəydiyimi düşünəndə səhər zəng edib bağışlamasını rica edirəm.
- Bu, ailədaxili münasibətlərdə də belədir?
- Bəli.
- Sizi nə özünüzdən çıxara bilər?
- Haqsızlıq, ədalətsizlik.
- Dindarsınız?
- Mən Allaha, dinə inanan insanam. Qurani-Kərimi 3 dəfə oxumuşam. Maşınımda tək bircə disk var, o da öz oxuduğum Qurani-Kərimdir. Düzdür, Həcc ziyarətinə hələ getməmişəm. Amma qismət olsa, gedəcəyəm.
- Həkimlərə nə arzulayardınız?
- Mən həmişə həkim dostlarıma zarafatyana deyirdim ki, sizi görüm bekar qalasınız. Amma, təbii ki, bu, mümkün deyil. Bizim hər zaman həkimlərə ehtiyacımız olub və olacaq. Sadəcə, arzu edirəm ki, Azərbaycan təbabəti elə inkişaf etsin ki, vətəndaşlarımız İsrailə, İngiltərəyə, Almaniyaya, Türkiyəyə, İrana müalicəyə getməsinlər. Bu cür gözəl klinikalarımız var ikən, niyə başqa yerlərə gedək?! Hesab edirəm ki, bu sahədə axsamalar da təhsil sahəsindəki problemlərdən yaranır.
Mən ölkəmizdə yaxşı həkimləri çox görmüşəm, indi də var. Amma onların sayı nə qədər çox olsa, bizim, dövlətimizin, xalqımızın xeyrinədir.
Ü.FƏRZƏLİYEVA