Kistalar, adətən, xoşxassəli olur və əksər hallarda cərrahi yolla müalicə edilir
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev mətbuat xidmətinin qida borusu xəstəlikləri, diafraqma yırtıqlarının erkən aşkarlanma yolları, qida borusu xərçəngi ilə bağlı suallarını cavablandırıb.
- Arif müəllim, torakal cərrahiyyə əməliyyatı nədir və necə icra olunur?
- Torakal cərrahiyyə döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus vəzi, süd vəzi və qalxanvari (tiroid) vəzin bəzi xəstəlikləri, mediastinum dediyimiz divararalığı orqanların xəstəlikləri ilə məşğul olur.
Ən çox rast gəlinən ağciyərin infeksion xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər absesləri), plevrit (plevraya maye toplanması) və empiemalar, traxeya və bronxların xoş və bəd xassəli daralmaları - stenozları, yad cisimləri, ağciyər qanaxmalarıdır.
Döş qəfəsi divarının xəstəlikləri arasında döş qəfəsi deformasiyaları, qabırğa və döş sümüyü sınıqları, törəmələri (şişləri), perikardın xoşxassəli (kistalar) və bədxassəli törəmələri, diafraqma yırtıqları, süd vəzinin törəmələri, mastitlər daha çox rast gəlinir.
Mediastinum orqanları arasında daha çox mediastinal törəmələr - timomalar, mediatinal kistalar, qalxanvari vəzinin xoş və bəd xassəli törəmələri, iltihabi-infeksion vəstəliklər – mediastinitlər və limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan xəstəliklər (limfoma, sarkoidoz, limfadenitlər), miasteniya qravis xəstəliyi, sinir mənşəli törəmələr daha çox qeydə alınır.
- Qida borusu xəstəlikləri az bilinən xəstəliklərdir. Sizcə, bunun səbəbi nədir?
- Qida borusu xəstəlikləri rastgəlmə sıxlığına görə daha çox rast gəlinsə də, bu xəstəliklər barədə fikirlər çox mürəkkəbdir. Qida borusunun xəstəlikləri müxtəlif qruplara bölündüyü üçün terapevtlər, qastroenteroloqlar, ümumi cərrahlar və torakal cərrahlar tərəfindən diaqnostika və müalicə olunur.
Ən çox rast gəlinən xəstəlikləri qida borusu yad cisimləri, deşilmələri, reflüks xəstəliyi, axalaziya xəstəliyi, qida borusunun iltihabi xəstəlikləri, divertikulları, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar), xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli və mürəkkəbliyi ilə seçilir.
- Qida borusu xərçəngləri hansı hallarda cərrahi əməliyyat olunur?
- Bu orqanın bədxassəli şişləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında 8-ci yeri tutur. Xərçəngdən ölüm səbəbinə görə isə onun 5-ci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.
Adətən, əlamətləri özünü qida qəbulun çətinləşməsi şəklində büruzə verir və bu artıq xəstəliyin irəlilədiyini göstərir. Xəstələrin müayinələrə olan qorxusu və həkimlərə gec müraciət etməsi isə xəstəliyin erkən aşkarlanmasına mane olan əsas amillərdən hesab olunur. Diaqnozun qoyulması əslində çox çətinlik törətmir, adətən, diaqnostika sadə endoskopik müayinə (qastroskopiya) ilə mümkün olur. Lakin qida borusu xərçənginin müalicəsi nisbətən mürəkkəbdir və mütəxəssislərdən müasir bilik və peşəkarlıq tələb edir.
- Bəs qida borusu xərçənglərinin yaranma səbəbləri və risk amilləri hansılardır?
- Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərin mütəmadi intensiv istifadəsi, tütün məmulatlarından, əsasən siqaretdən, eləcə də qıcıqlandırıcı və kəskin qidalardan istifadə, qaynar qidaların daimi və intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas amillər hesab edilir.
- Uşaqlarda qida borusu xəstəlikləri və onların müalicə yolları hansılardır?
- Uşaqlarda belə xəstəliklər, adətən, anadangəlmə qüsurlarla əlaqəli olur. Lakin yad cisimlər və təsadüfi kimyəvi yanıq törədən məhlulların istifadəsində yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də uşaq və yenidoğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir.
- Uşaqlarda və yetkin insanlarda hansı ağciyər kistaları müşahidə olunur?
- Torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb. Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsurlarına bağlı olduğundan, adətən, erkən yeni doğulmuş dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar, adətən, pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır.
Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar, adətən, xoşxassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə həyata keçirilir.
Qeyd edim ki, əksər əməliyyatlar mini-invaziv endoskopik üsullarla icra edilir və ölkəmizdə bu sahədə mütəxəssislər mövcuddur.
- Uşaqlarda diafraqma yırtıqlarının erkən aşkarlanma yolları hansılardır və hansı ağırlaşmalar baş verə bilər?
- Uşaq və yenidoğulmuşlarda diafraqma yırtıqları xüsusilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur. Bətndaxili dövrdə ilkin ultrasəs müayinəsi ilə erkən diaqnostika mümkündür, lakin bəzən çətinliklərlə qarşılaşmaq olur. Bətndaxili dövrdə aşkarlanarsa, körpə dünyaya gələndə artıq cərrahi əməliyyat hazırlıqları görülməsi və erkən əməliyyat olunması ilə sonrakı ağırlaşmaları minimuma endirmək mümkündür. Baş verə biləcək ağırlaşmaları - tənəffüs çatışmazlığı və buna bağlı süni tənəffüs aparatına qoşulma riskləri ilə yanaşı, boğulmuş yırtıqlar həyat üçün təhlükəli hesab edilir.