Düzgün seçilmiş reabilitasiya kompleksi həyat keyfiyyətini yüksəldir
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova nazirliyin sosial şəbəkələrdəki hesablarına tibbi reabilitasiya ilə bağlı gələn sualları cavablandırıb.
- Sədaqət xanım, tibbi reabilitasiya nədir və hansı xəstəliklərdən sonra tövsiyə olunur?
- Tibbi reabilitasiya xəstələrin müxtəlif xəstəliklərdən sonra itirilmiş funksiyalarının maksimal bərpasına yönəlmiş kompleks müalicə və profilaktika tədbirləridir. Bu gün tibbi reabilitasiya, sadəcə olaraq, pasiyent xəstəxanadan evə yazıldıqdan sonra ona tövsiyə olunan hansısa idman hərəkəti və ya fizioterapiya kursundan ibarət deyil, müxtəlif ixtisas həkimlərinin – fizioterapevt, masajçı, əmək terapevti, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə aparılan bütöv bir tədbirlər kompleksidir.
Bərpa tədbirləri bir çox nevroloji, neyrocərrahi, travmatoloji, artroloji xəstəliklərdən, xüsusən də neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə itirilmiş funksiya və vərdişlərin bərpasında çox mühüm əhəmiyyət kəsb edir. Reabilitasiya həmçinin xəstənin əzələ gücünün bərpasına, təkrar xəstələnmə və fəsadların qarşısının alınmasına yönəlir.
Müasir dövrdə bu tədbirlər kompleksinin istifadə sahəsi çox genişdir və bir çox xəstəlikləri əhatə edir: insult, kəllə-beyin travması, onurğa beyni xəstəliyi və travma, dağınıq skleroz, Parkinson xəstəliyi, periferik sinir sistemi xəstəliyi və zədələnmələr, serebral iflic, revmatik xəstəliklər, idman travma və yaralanmaları, neyrocərrahi, artroloji və kardioloji əməliyyatlardan sonrakı vəziyyətlər, skolioz və s. Qeyd etmək lazımdır ki, son illərdə əl reabilitasiyası, amputasiyadan sonrakı reabilitasiya, xroniki ağrı sindromunun reabilitasiyası kimi istiqamətlər də inkişaf edib.
- Tibbi reabilitasiya zamanı hansı metodlardan istifadə olunur?
- Reabilitasiyada fiziki məşqlər mühüm rol oynayır. Belə ki, insult, travma, neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə çox zamanı hərəkət pozuntuları müşahidə olunur. Nitq pozuntuları olduqda onların reabilitasiyası ilə loqoped məşğul olur. Bu zaman xəstə sanki yenidən danışmağı öyrənir. Yaxud pasiyentin xəstəlik nəticəsində itirilmiş əmək qabiliyyətinin bərpasına və ya yenisinin əldə olunmasına əmək terapevti kömək edir. Nəticədə, məhz kompleks reabilitasiya tədbirlərinin aparılması şəxsin sağalmasına səbəb olur.
Reabilitasiya müalicəsinin uğuru həm düzgün qoyulmuş diaqnozdan, həm də bərpa tədbirlərinin optimal seçilməsindən, düzgün və vaxtında yerinə yetirilməsindən asılı olur.
Ümumiyyətlə, tibbi reabilitasiyanın əsas metod və alətlərinə fiziki məşqlər, kineziterapiya, masaj, fizioterevtik üsullar, manual terapiya, müxtəlif elektrostimulyasiya üsulları, krioterapiya, iynəbatırma üsulları, sosial, psixoloji və loqopedik yardım, robototexnika və müxtəlif virtual proqramlar kimi üsullar daxildir.
İstənilən reabilitasiyanın əsas tərkib hissəsini itirilmiş hərəki funksiyaların bərpasına, əzələlərin stimullaşdırılmasına, toxuma və orqanlarda reparativ proseslərin, qan dövranının sürətlənməsinə təkan verən fizioterapiya üsulları təşkil edir.
Düzgün seçilmiş reabilitasiya kompleksi xəstələrin daha erkən bərpasına, həyat keyfiyyətinin yüksəlməsinə və əlilliyin azalmasına kömək edir.
- Müalicə ilə reabilitasiya arasında fərq nədən ibarətdir?
- Geniş aspektdən yanaşdıqda həm müalicə, həm də reabilitasiya xəstəlik və travmaların nəticələrinin aradan qaldırılmasına, xəstələrin əməyə və cəmiyyətə qaytarılmasına yönəldilmiş, bir-birinə bənzər vəzifələri icra edir. Bir çox hallarda reabilitasiyaya müalicənin və ya bərpa müalicəsinin davamı, yaxud da müalicəni, profilaktikanı və dispanserizasiyanı əhatə edən bir proses kimi baxılır.
Buna baxmayaraq, tibbi reabilitasiya yalnız özünə məxsus olan xüsusiyyətlərə malikdir ki, o da bu iki məfhumu bir-birindən fərqləndirməyə imkan verir. Belə ki, müalicə xəstəliklə mübarizəyə, xəstəliyin səbəblərinə və mahiyyətinin aradan qaldırılmasına istiqamətlənir. Reabilitasiya isə hər şeydən əvvəl orqanizmin müdafiə mexanizmlərinin mobilizasiyasına yönəlmiş olur.
Müalicə həmişə xəstəliyin əlamətlərinə istiqamətləndiyi halda, reabilitasiya xəstəliyin qalıqlarının aradan qaldırılmasına yönəlir. Belə demək mümkünsə, müalicə orqanizmin bugünkü vəziyyətinə, reabilitasiya isə daha çox şəxsiyyətin gələcəyinə ünvanlanan tədbirlər kompleksidir.
Reabilitasiyada daim xəstəliyin proqnozu, reabilitasion potensial, əmək proqnozu müəyyənləşdirilir. Müalicə isə konkret olaraq xəstəliyin ləğv olunmasına və kompensasiyaya yönəlir. Müalicə, müəyyən mənada, xəstənin iştirakı olmadan aparılan passiv metod olduğu halda, reabilitasiya prosesində xəstənin aktiv iştirakı tələb olunur.
Müalicə və reabilitasiya müxtəlif istiqamətli proqnozlara əsaslanır. Belə ki, müalicə xəstəlik və onun simptomlarına (əlamətlərinə) əsaslandığı halda, reabilitasiya funksional diaqnoza dayanır.
- Müasir tibdə reabilitasiyanın əhəmiyyəti nədən ibarətdir?
- ÜST-nin təbirincə desək, reabilitasiya sağlamlıq imkanları məhdud insanların optimal həyat və əmək imkanları əldə etmək üçün sosial, tibbi, pedaqoji və professional tədbirlərin kombinə və koordinasiya olunmuş istifadəsidir. Geniş anlamda reabilitasiya insanların həyat keyfiyyətinə böyük təsir göstərə bilir, insanların dolğun həyata qaytarılmasına xidmət edir. Xəstə insan sadəcə olaraq mövcud olmamalı, insanlıq ləyaqətini itirmədən tam keyfiyyətli həyat yaşamalıdır.
Sağlamlıq imkanları məhdud insanların hərəki sferada əldə etdikləri ən kiçik bərpa onlar tərəfindən uğur kimi qəbul edilir. Reabilitasiya özünün rəngarəng metodları ilə həmişə insan şəxsiyyətinə dayanır, insanın xəstəliklə pozulmuş funksiyalarının və onun sosial əlaqələrinin bərpasına kömək edir.
- Hansı yaş uşaq və yeniyetmələrin sümük sağlamlığı üçün önəmlidir və bu dövrdə qidalanmada nəyə diqqət edilməlidir?
- Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir. Əgər bu dövrdə möhkəm sümüklər formalaşırsa, insan sonra osteoporoza az meyilli olur. Bizim sümüklərimizin təxminən yarısı yeniyetməlik dövründə yaranır. Sümüyün pik mineral sərtliyinin 80 faizi genetik faktorlarla müəyyənləşir, ancaq qidalanma və fiziki aktivlik kimi amillər də sümük kütləsinin artmasına əhəmiyyətli təsir göstərir. Sümüklərdə kalsiumun maksimum toplanması oğlanlarda 14 yaşa, qızlarda isə 12,5 yaşa təsadüf edir.
Sümüklərin sağlamlığı üçün kalsium, vitamin D və zülallar mühüm əhəmiyyət daşıyır. Kalsium sümüklərin möhkəmliyi üçün çox vacibdir. Belə ki, orqanizmdə olan 1 kq kalsiumun 99 faizi sümüklərdə toplanır. Sümüklərdə kalsium ehtiyatlarının toplanması hesabına qanda onun səviyyəsi stabil saxlanılır ki, bu da sinir sistemi və əzələlərin fəaliyyəti üçün çox mühümdür.
Kalsiumun ən yaxşı mənbəyi süd və süd məhsullarıdır. Lakin yaşıl tərəvəzlər, balıq, qoz və digər məhsullar da kalsium ilə zəngindir. Bizim istifadə etməli olduğumuz kalsiumun miqdarı yaşdan asılı olaraq dəyişir. Ehtiyac olan kalsiumun istifadəsi haqqındakı tövsiyələr müxtəlif ölkələrdə fərqlidir, lakin əsas mahiyyət ondan ibarətdir ki, insanlar yetərli miqdarda kalsium qəbul etməlidirlər.
Qida ilə kalsium qəbulu yetərsiz olduqda o, qida əlavələri şəklində, vitamin D ilə birlikdə istifadə edilir (sutkada 500-600 mq). Vitamin D skeletin inkişafında və sümük sağlamlığının saxlanmasında mühüm rol oynayır: bağırsaqda kalsiumun sorulmasına yardımçı olur və sümüklərin mineralizasiyasını təmin edir. O, dəridə günəşin ultrabənövşəyi B dalğalarının təsiri altında yaranır. Bunu nəzərə alaraq, hər gün 10-20 dəqiqə açıq havada günəş altında olmaq tövsiyə edilir.