Professor Tamerlan Əliyevin 100 illik yubileyi qeyd olunub
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin 100 illik yubileyi münasibətilə “Təbabətin aktual problemləri – 2021” elmi-praktik konqresi keçirilib.
Açılış mərasimindən öncə tədbir iştirakçıları Fəxri xiyabanda alimin məzarını ziyarət edib, gül dəstələri qoyub, xatirəsini anıblar.
Azərbaycan Tibb Universitetində keçirilən, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Cəmil Əliyevin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konqresi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev açıb.
Giriş nitqində qonaqları salamlayan Teymur Musayev Azərbaycan səhiyyə və tibb elmi tarixində silinməz izlər qoymuş, bütün həyatı boyu öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etmiş, ömrünün son günlərinədək öz prinsiplərinə, xalqın rifahı naminə fədakar əməyə sadiq qalmış Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi zəngin həyatının, onun keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün mənəviyyat dərsi, müdriklik məktəbi olduğunu deyib. Bu ali keyfiyyətlərin ona atasından – görkəmli dövlət xadimi və alim, taleyin əfsanəvi həyat yaşatdığı Əziz Əliyevdən keçdiyini söyləyən səhiyyə nazirinin birinci müavini vurğulayıb ki, ata ilə oğulu tibb elminin hədsiz cazibəsi və öyrənmək istəyi birləşdirirdi. Buna görə də o, görkəmli alimin 100 illik yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi doğma ali məktəbin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib: “Artıq 20 ildən çoxdur ki, Tamerlan müəllim aramızda yoxdur. Ancaq onun işıqlı xatirəsi ölkəmizdə səhiyyə sahəsində çalışan hər kəsin qəlbində yaşayır. Bu, xalqımızın sağlamlığının qorunmasında, tibb elmimizin inkişafında onun ölçüyəgəlməz rolunun göstəricisidir”.
Teymur Musayev diqqətə çatdırıb ki, atasının yolunu davam etdirən Tamerlan Əliyev böyük entuziazmla əvvəlcə tələbə vaxtı Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq, sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasında kliniki ordinator, assistent, dosent, professor və nəhayət, kafedra müdiri vəzifələrində çalışıb: “O, gənc yaşlarından ömrünün sonunadək həmişə çətinliklərdən çəkinmədən səhiyyənin ən mürəkkəb problemlərinin həllinə can atırdı. Bu fəaliyyətin nəticəsi kimi, Azərbaycan təbabət elminin inkişafında Tamerlan Əliyevin müstəsna xidmətləri var. Çoxsaylı elmi əsərlərin, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, metodik tövsiyələrin, səmərələşdirici təkliflərin və kəşflərin, eləcə də elmi, ictimai məqalələrin müəllifi olan professor Tamerlan Əliyev elmi nailiyyətlərinə, çoxillik elmi-tədqiqat fəaliyyətinə görə SSRİ-nin Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyətinin idarə heyətinin üzvü seçilmişdi. 1989-cu ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin Bakıda səyyar elmi sessiyasının keçirilməsində onun qazandığı uğur Azərbaycan səhiyyəsində böyük tarixi hadisə olmuşdu. Ümumittifaq mükafatların müttəfiq respublikalardan olan alimlərə nadir hallarda verildiyi bir vaxtda Tamerlan Əliyevin “Kliniki-diaqnostik laborator tədqiqat metodları” monoqrafiyası elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı və Azərbaycan Respublikasının dövlət mükafatı ilə təltif olunmuşdu.
Hələ 1950-ci illərin əvvəllərində Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi. Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistemi xəstəliklərinin patogenezinin, klinikasının və müalicə metodlarının öyrənilməsi, patoloji şəraitdə qanın laxtalanması, durulması və fibrinoliz sistemində baş verən dəyişikliklər və onların korreksiyası metodları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edirdi. Həkimlik fəaliyyətinin ilk illərində T.Əliyev naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf etmişdi. Hələ 70 il əvvəl Tamerlan Əliyev zamanı qabaqlayaraq, “Naftalan neftinin təsiri ilə heyvanların orqanizmində immun reaktivliyinin dəyişmə xarakteristikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Alimin istedadı elə ondadır ki, o, zamanı qabaqlayaraq, Azərbaycanın bu gün dünya şöhrəti qazanmış balneoloji kurortlarının böyük gələcəyi olduğunu hələ o vaxt görmüşdü.
Tamerlan Əliyev həmçinin “Müxtəlif tipli şəkərli diabet xəstələrində periferik damarların vəziyyəti; metabolizm və qan laxtalanması üzrə bəzi göstəricilər” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdı.
Professor T.Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin inkişafına da böyük əmək sərf etmişdi. Onun novator qabiliyyətləri praktikada da tətbiqini tapırdı. Alimin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Daxili xəstəliklər kafedrası nəzdində intensiv kardioloji yardım şöbəsi, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika bölməsi yaradılmış, Bakı şəhər Klinik Xəstəxanası nəzdində Endokrinoloji şöbənin əsası qoyulmuşdu. Keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Bakıda 4 nömrəli Klinik Xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabet xəstələrinə distansion diaqnostika, təxirəsalınmaz yardım və intensiv terapiya təşkil olunmuşdu ki, bunun nəticəsində Azərbaycanda bu xəstəliklərdən ölüm göstəricisi aşağı düşmüşdü.
Professor Tamerlan Əliyevin Azərbaycan səhiyyəsi tarixinə qızıl hərflərlə yazılan müstəsna xidmətlərindən biri də onun təşəbbüsü və təşkilatçılığı ilə yaradılan, onun əsəri sayılan C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutudur”.
Teymur Musayev vurğulayıb ki, Tamerlan müəllim özünə qarşı tələbkar, öz işinə sadiq, dəqiq insan idi, sənətinə son dərəcə məsuliyyətlə yanaşırdı: “Professional keyfiyyətləri ilə yanaşı, çox sadə, təvazökar, obyektiv, alicənab, insansevər, təmənnasız, kövrək ürəkli və yüksək mədəniyyətə sahib bu insan başqalarının uğurlarına sevinir, uğursuzluqlarından məyus olurdu. O, insanlar arasında xeyirxah və işıqlı duyğular yayır, onları pozitivə, xoş əhvala kökləyir, birləşdirməyə çalışır, qəlbinin səsi ilə xeyriyyəçiliklə məşğul olurdu. Biliklərə böyük hərisliklə yanaşan Tamerlan müəllim vəzifələrə, adlara biganə idi”.
Ölkəmiz üçün yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında professor Tamerlan Əliyevin çox böyük xidmətləri olduğunu deyən səhiyyə nazirinin birinci müavini diqqətə çatdırıb ki, uzun illər boyu qazandığı bilikləri gənc həkimlərə ötürən Tamerlan Əliyevin təbabət sahəsində kitabları və digər əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır, həkimlər və tələbələr tərəfindən istifadə olunur: “Onun rəhbərliyi altında bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub. Alimin hazırladığı, Azərbaycandan kənarda uğurla çalışan kadrlar öz müəllimlərinə şöhrət gətiriblər. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları tək bizim ölkəmizdə deyil, önun hüdudlarından kənarda da böyük hörmətlə çəkilir.
Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, onun dünya səviyyəsinə qalxmasında, tibb elmi üzrə tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin çox böyük xidmətləri olub. O, bir alim, həkim, pedaqoq kimi, çox dolğun, mənalı ömür yaşayıb, öz həyatını Azərbaycan tibb elminə və səhiyyənin tərəqqisinə həsr edib. Öz çoxsaylı elmi-tədqiqat əsərləri ilə Tamerlan müəllim elmimizə böyük töhfələr verib. Səhiyyə, təhsil və elm sahəsində nailiyyətlərinə görə görkəmli alim bir sıra fəxri adlara layiq görülüb, dövlət orden və medalları ilə təltif olunub.
Öz valideynlərinin layiqli övladı olan Tamerlan Əliyev atasından ona xas olan mərdlik, alicənablıq, fədakarlıq, yüksək mədəniyyət kimi xüsusiyyətləri əxz etmişdi. Bütün ömrü boyu o öz gücünü və qabiliyyətini doğma xalqına xidmətə sərf etmişdi və son günədək bu nəcib ideyaya sadiq qalmışdı”.
Teymur Musayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin professor Tamerlan Əliyevlə vida mərasimindəki nitqini xatırladıb. Həmin çıxışında ulu öndər deyib: “Tamerlan Əliyev şərəfli həyat yaşayıbdır, öz işi ilə, xalqına, millətinə, respublikasına göstərdiyi xidməti ilə, qazandığı yüksək adı ilə bizim qəlbimizdə, tələbələrinin, onu tanıyanların, onunla bir yerdə işləyənlərin qəlbində böyük iz buraxıbdır. Ona görə də Tamerlan Əliyevin xatirəsi heç vaxt unudulmayacaq, şəxsən mənim qəlbimdə daim yaşayacaqdır. Güman edirəm ki, onu yaxından tanıyanların, onunla təmasda olanların da qəlbində daim yaşayacaqdır.
...Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır. Azərbaycanda belə insanların içərisində Tamerlan Əliyevin xüsusi yeri olubdur. O, doğrudan da, Azərbaycanda tibb elminin inkişafına öz töhfələrini verib, xidmətlərini göstərib, minlərlə, on minlərlə insanı müalicə edib, onların ömrünü uzadıbdır. ...Tamerlan Əliyev seçdiyi peşəni daim sevib və bu sevgi ilə, məhəbbətlə peşəsinə, insanlara xidmət edib və cəmiyyətdə özünə layiq yer tutubdur”.
Çıxışının sonunda Teymur Musayev söyləyib ki, Azərbaycana Əziz Əliyev, Zərifə Əliyeva, Cəmil Əliyev kimi həkimlər bəxş etmiş bir nəslin nümayəndəsi olan Tamerlan Əliyevin zəngin elmi irsi, tədqiqatları, nailiyyətləri, fundamental əsərləri, gənclərin elmə marağını artıran mütərəqqi ideyaları Azərbaycan tibb elminin parlaq səhifələridir: “Əminliklə deyə bilərəm ki, Tamerlan Əliyev şəxsiyyəti Azərbaycan həkimlərinin bir çox nəsilləri üçün nümunə və məktəb olacaq. Görkəmli alim Tamerlan Əliyevin xatirəsini anmağın ən gözəl yolu olan beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıram. Əminəm ki, təbabətin aktual problemlərinin çözülməsinə həsr olunan bu mötəbər elmi toplantı tibb elmimizin və səhiyyəmizin tərəqqisinə dəyərli töhfələr verəcək”.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli görkəmli alimin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində böyük dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Hələ uşaqlıq illərindən alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb.
Tamerlan Əliyevin müharibə illərində hərbi hospitalda işlədiyini xatırladan G.Gəraybəyli görkəmli alimin endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, Tamerlan Əliyev respublikamızda endokrinologiya və kardiologiya elminin inkişafına təkan verib, on ilə yaxın müddət ərzində Respublika Endokrinologiya Cəmiyyətinin sədri olub. Onun rəhbərliyi ilə 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanıb, hazırda onlar endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir, uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətirirlər.
Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çox sayda elmi-kütləvi məqalələrin müəllifidir.
Professor Tamerlan Əliyevin Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanındığını, bir çox beynəlxalq miqyaslı konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil etdiyini söyləyən rektor onun insani xüsusiyyətlərindən də danışıb: “Tamerlan müəllim olduqca sadə, müdrik, qayğıkeş və xoşxasiyyətli insan idi. Ona müraciət edənləri səbirlə dinləyər, ehtiyacı olanlara təmənnasız yardım edərdi. Son dərəcə təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyev gəncləri daim elmə həvəsləndirərdi”.
Professor Gəray Gəraybəyli əmin olduğunu bildirib ki, Tamerlan Əliyevin elmi irsi, xeyirxah əməlləri bundan sonra da yaşayacaq, əsərləri bundan sonra da tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq, yeni uğurların bünövrəsi olacaq.
Sonra professor Tamerlan Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov Tamerlan Əliyevlə bağlı xatirələrini bölüşüb, onun səmimi, təvazökar, sədaqətli insan olduğunu qeyd edib, tibb elminin müxtəlif sahələrində tədqiqatlar apardığını, ölkəmizdə və onun hüdudlarından kənarda tədqiqatçı alim kimi tanındığını diqqətə çatdırıblar. Çıxış edənlər professorun pedaqoq kimi auditoriyalarda maraqlı mühazirələr oxuduğunu, xəstələrə diqqətlə və qayğı ilə yanaşdığını bildiriblər.
Sonra Türkiyə Qazi Universitetinin rektoru, professor Musa Yıldız və Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Martınovun konqresə videomüraciətləri dinlənilib.
Professor Tamerlan Əliyevin ailə üzvləri adından çıxış edən akademik Cəmil Əliyev bütün natiqlərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Açılış mərasimindən sonra ATU-nun III Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun dünya şöhrətli alimin xatirəsinə həsr olunmuş “Ləyaqət timsalı” kitabı konqres iştirakçılarına paylanılıb.
On bir beynəlxalq universitet və cəmiyyətdən nümayəndələrin qatıldığı “Təbabətin aktual problemləri – 2021” elmi-praktik konqresinin işi üç gün müddətində təbabət sahəsində aktual problemləri əhatə edən simpoziumlarla davam edib.
Professor Tamerlan Əliyevin anadan olmasının 100 illiyi Azərbaycan Tibb Universitetində daha bir tədbirlə də qeyd olunub. ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində bu münasibətlə görkəmli alimin barelyefinin açılışı olub.
Açılış mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Tamerlan Əliyevi Azərbaycanın tibb elminin və səhiyyəsinin öndər nümayəndəsi adlandırıb, görkəmli elm xadiminin tibb elminin inkişafında danılmaz xidmətlərindən, yüksək insani keyfiyyətlərindən, Azərbaycan üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə misilsiz töhfələrindən danışıb. Bildirib ki, fəaliyyətinin müəyyən dövrü Tibb Universiteti ilə bağlı olan Tamerlan Əliyevin 100 illik yubileyi bu ali məktəbdə geniş qeyd edilir. ATU-da bu yubileylə bağlı silsilə tədbirlər təşkil olunub, o cümlədən gənc alim və tələbələrin konfransı keçirilib.
Görkəmli alim Tamerlan Əliyevin qızı Tamfira Əliyeva atasının xatirəsinə diqqətə görə minnətdarlığını bildirib. Atası haqqında xatirələrini bölüşən Tamfira Əliyeva onun iş həyatında Tibb Universitetinin mühüm rol oynadığını da qeyd edib.
Sonra barelyefin açılışı olub. Mərasimdə ATU-nun əməkdaşları, Tamerlan Əliyevin ailə üzvləri və yaxınları iştirak ediblər.