Vətən müharibəsi qazilərinə bir ildə 250-dən çox əməliyyat edilib

Vətən müharibəsi qazilərinə bir ildə 250-dən çox əməliyyat edilib

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov məlumat verib

Ötən il 27 sentyabrdan başlanan, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Ancaq həkimlər, xüsusən də ortopedlər üçün o davam edir və təəssüf ki, uzun illər davam edəcək. Sümük toxuması əksər hallarda unikal bir qabiliyyətə - öz-özünə bərpa qabiliyyətinə malikdir. Ancaq, eyni zamanda, sümük toxumasının bərpasına çox vaxt lazımdır. Buna görə də, ortopediya iqtisadi baxımdan maliyyə, eyni zamanda, həm xəstədən, həm də həkimdən səbir tələb edən tibb sahəsidir.

Bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımova məxsusdur. O, müharibə dövründə və ondan sonra yaralılara göstərilən cərrahi xidmət haqqında məlumat verib.
- Bu gün ortopedlərdən ibarət briqadamız YAŞAT Fondu ilə birlikdə fəal şəkildə işini davam etdirir. Belə ki, Vətən müharibəsində ağır yaralanan qazilərimizə bu il ərzində 250-dən çox əməliyyat həyata keçirilib. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Bəzən bir əməliyyatın qərarını vermək üçün həkimlərin bir dəqiqədən artıq zamanı olmur. Biz bunları yaşamışıq. Bir gün ərzində 20-dən çox əməliyyat etmişik və cəmi 2 saat yuxu ilə. Çox çətin günlər idi. Vətən uğrunda yaralanmış qazilər üçün bütün qüvvəmizlə çalışırdıq.
Bundan əlavə, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq ki, üzərində səylə çalışırıq, onlara kömək edirik və bundan sonra da kömək edəcəyik.

- Müharibələrə hər an hazırlıqlı olmaq üçün travmatologiya sahəsində hansı addımlar atmaq lazımdır? Müharibə yaralanmalarının digər zədələrdən fərqi nədir?
- Müasir silahların insan bədəninə vura biləcəyi zərər qarşısında insanların edə biləcəyi çox şey yoxdur. Qeyri-döyüş yaralanmaları ilə döyüş travmaları arasında dərin fərqlər var. Müharibə yaralarında görülən zərər hər gün görülə bilən sadə yumşaq toxuma zədələri kimi bir şey deyil. Bundan əlavə, müharibə zamanı iş şəraiti çox fərqlidir. Təcili müdaxilələrdə həkimlər və tibb bacıları məhdud imkanların və vaxt çatışmazlığının həlli yollarını tapmaq və ən uyğun müalicə qərarını vermək üçün xüsusi təlim keçməli və böhran zamanlarında sakit davranmağı öyrənməlidirlər.
Müharibə yaraları mülki praktikada görülən travmalardan fərqli olaraq, demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbi ilə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz.
Silahların quruluşu, qoruyucu bədən zirehləri və nəqliyyatda hər hansı bir gecikmə yaralanmanın ağırlaşmasına təsir edəcək. Müharibə əsnasında real bir vəziyyət meydana gəlir və təsirləri ciddi şəkildə hiss olunur. Müharibənin baş verdiyi ərazi stresin sıx olduğu, tələblərin yüksək olduğu və klinik tətbiqlərin avtomatik olaraq edildiyi mühitlərdir.

- Müharibədə ilk yardımın əhəmiyyəti nə qədərdir?

- Yaralanma yerində və ya döyüş sahəsinə yaxın olan ən təhlükəsiz bölgədə ilk yardım və sürətli evakuasiya həyati əhəmiyyət kəsb edir, gecikmə isə ölüm və ağırlaşmanı artırır. İlk yardım qeyri-kafi və ya uyğun deyilsə və ya təxliyə zənciri uzundursa, nəticənin nə olacağına hadisənin mahiyyəti qərar verəcək. Bununla birlikdə, təxliyə müddəti artdıqca xəstəxana ölümləri azalır, çox uzun gecikmələr olduqda, ağır yaralılar xəstəxanaya çatmadan ölür və cərrahlar vaxtlarının çoxunu sağ qalanların septik komplikasiyaları ilə keçirirlər. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, son 30 ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, yeni aeroportların tikilməsi 2-ci Qarabağ müharibəsində yaralıların evakuasiyasını asanlaşdırdı və tezləşdirdi.
Bu gün Azərbaycanın ərazi bütövlüyü naminə döyüş meydanında qəhrəmancasına vuruşan və yaralanan şanlı Vətən övladlarına xidmət etmək müqəddəs borcumuzdur. Bütün şəhidlərimizi hörmətlə anırıq və hər birinə unudulmaz qələbə üçün bir ömür minnətdarıq!





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova