Unudulmaz alim Fikrət Mirsəlimov

Unudulmaz alim Fikrət Mirsəlimov

Azərbaycanın təbabət elmində özünəməxsus yeri olan görkəmli alim, fəaliyyəti, əməlləri ilə yaddaşlarda daim yaşayan vətənsevər ziyalı, ölkəmizin endokrin cərrahiyyəsinin banilərindən biri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Fikrət Mirmehdi oğlu Mirsəlimovun anadan olmasının 90-cı ildönümüdür. Onu tanıyan minlərlə insanın xatirində ancaq müsbət təəssüratlar qoyub gedən Fikrət Mirsəlimov 1929-cu il sentyabrın 18-də Bakıda, Azərbaycanın Əməkdar həkimi, məşhur alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirmehdi Mirmövsüm oğlu Mirsəlimovun ailəsində anadan olub. Azərbaycanda patoloji fiziologiyanın banilərindən biri və tibb elminin bu sahəsi üzrə ilk professoru olan Mirmehdi müəllim zəngin dünyagörüşünə, geniş erudisiyaya malik, bir neçə xarici dil bilən, ədəbiyyatın, tarixin, Azərbaycan muğamlarının dərin bilicisi, çox işıqlı və böyük ziyalı idi.
Fikrət Mirsəlimov həm nəsildən gələn dərin maarifçilik genlərinin təsiri, həm də fitri istedadı, bir fərd kimi müsbət enerji daşıyıcısı olduğuna görə böyük şəxsiyyətə, böyük alimə çevrilə bildi.
1947-ci ildə Bakıdakı 6 nömrəli məktəbi qızıl medalla bitirən Fikrət elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Hələ tələbə ikən cərrahiyyə sahəsinə meyil göstərən F.Mirsəlimov təhsil dövründən şəhər tibbi yardım stansiyasında feldşer kimi əmək fəaliyyətinə başlayıb. Tibb İnstitutunu qırmızı diplomla bitirdikdən sonra isə Orta Asiyaya – Tacikistana təyinat alıb, İbn Sina adına Düşənbə Tibb İnstitutunun Cərrahiyyə kafedrasının nəzdində klinik ordinaturaya daxil olub.
İstedadlı, intizamlı və çalışqan, sənətini sevən, məqsədyönlülüyü və cəsarətliliyi ilə fərqlənən gənc həkim tez bir zamanda Vətəndən uzaqlarda etimad və hörmət qazanır, Tacikistan Səhiyyə Nazirliyinin əmri ilə tibbi yardımın təşkili məqsədi ilə Leninabad vilayətinin bir rayonunda, bərbad vəziyyətdə olan xəstəxanaya baş həkim göndərilir. Böyük çətinliklərlə üzləşən 25 yaşlı doktor təşkilatçılıq bacarığını, iradə və məsuliyyət hissi nümayiş etdirərək, bu tapşırığı qısa bir zamanda müvəffəqiyyətlə yerinə yetirir – çoxprofilli xəstəxana işə salınır və sakinlərin istifadəsinə verilir.
Sınaqdan ləyaqətlə çıxan Fikrət doktoru geriyə Düşənbəyə çağırırlar və yarımçıq qalmış ordinaturanı bitirdikdən sonra o, 1957-ci ildə İbn Sina adına Tibb İnstitutunun Cərrahiyyə kafedrasına assistent vəzifəsinə qəbul edilir.
Düşənbədə yaşadığı dövr alimin yaradıcılığında elmi yeniliklərlə zəngin bir mərhələ olub. F.Mirsəlimov 1959-cu ildə “Sadə və tireotoksik ur zamanı nişanlanmış atomlar – radioaktiv fosfor istifadə edildikdə kapilyar qan dövranının vəziyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bu dissertasiya ilə onun gələcək fəaliyyətində endokrin cərrahiyyə sahəsində dərin elmi yaradıcılığın əsası qoyulur.
1961-ci ildə Vətənə dönən F.Mirsəlimov Azərbaycan SSR Elmlər Akademiyasının Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda baş elmi işçi vəzifəsində çalışmağa başlayır. Daim elmi axtarışlar eşqi ilə yaşayan Fikrət müəllim böyük əzm və fədakarlıqla elmin qarşısında duran və həllini gözləyən ən aktual problemləri tədqiqat obyekti seçir. Bu dövrdə onun bir cərrah kimi püxtələşməsi və təkmilləşməsində görkəmli professorlar Zülfüqar Məmmədov və Xanlar Hacıyevin böyük rolu olub. F.Mirsəlimov onları öz müəllimləri sayır, həmişə hörmət və minnətdarlıqla xatırlayırdı. Öz iş kabinetində atasının portretinin yanında bu iki insanın da şəkilləri dururdu. Qazandığı uğurlarla heç vaxt arxayınlaşmayan, həmişə axtarışda olan Fikrət müəllimin gərgin əmək tələb edən səmərəli elmi tədqiqat işləri öz nəticəsini 1968-ci ildə “Böyrəküstü vəzi qabığı və ətraf arteriyalarının obliterasiyaedici xəstəliyi (klinik, funksional, hormonal və histoloji müayinələrin materialları)” adlı doktorluq dissertasiyasında tapa bildi. Uğurla müdafiə etdiyi bu tədqiqatın əsas müddəaları keçmiş Sovetlər İttifaqının mütəxəssislərinin diqqətini cəlb etmişdi. Yorulmaz alim, eyni zamanda, praktik fəaliyyətlə məşğul olan bacarıqlı cərrah idi, endokrin vəzi, qarın boşluğu, qarın boşluğu arxası sahələr, simpatik sütun və sair mürəkkəb əməliyyatları məharətlə icra edirdi. Buna görə də beş il müddətində Bakı şəhəri Səhiyyə İdarəsinin baş cərrahı olmuşdu.
Yüksək elmi təşkilatçılıq və iş qabiliyyətli, zəngin dünyagörüşü və dərin elmi intuisiya sahibi, çox ünsiyyətcil F.Mirsəlimov 1972-ci ildə Akademik M.Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub və iyirmi ildən çox bu məsuliyyətli vəzifəni daşıyıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə institut ixtisaslaşmış, çoxprofilli, nüfüzlu elmi-tədqiqat mərkəzi kimi formalaşıb. Apardığı geniş, çoxşaxəli araşdırmaların samballı və prespektivli nəzəri və praktik nəticələrinin əldə olunması, şübhəsiz, alimin elmi uzaqgörənliyi sayəsində baş verib. İnstitutun maddi-texniki bazasının möhkəmlənməsində, yeni tikilmiş korpusda o zaman SSRİ-də çox az sayda olan ixtisaslaşdırılmış endokrin cərrahiyyə şöbəsinin ən müasir səviyyədə təşkil olunmasında, hormonal, radioizotop, immunoloji və s. laboratoriyaların yaradılmasında Fikrət müəllimin təşəbbüskarlığı çox əhəmiyyətli rol oynayıb. Yeni qurulan bu şöbəyə F.Mirsəlimov 25 il ərzində yorulmadan rəhbərlik edib, burada qısa müddətdə bacarıqlı və perspektivli gənc həkimləri ətrafına toplayıb. O özü də çox mahir, fəal cərrah olaraq, qalxanvari vəzidə və onun ətrafındakı vəzilərdə, yumurtalıqlarda, mədəaltı və böyrəküstü vəzilərdə, qarın boşluğu orqanlarında və s. 15 minə yaxın əməliyyat aparıb.
1982-ci ildə professor elmi adına layiq görülmüş F.Mirsəlimov həmişə yeniliklərə can atardı. Onun elmi maraq dairəsi olduqca geniş və rəngarəng idi. Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə endokrin vəzilərdə bir sıra çox mürəkkəb əməliyyatlar, o cümlədən obliterasiyaedici endarterit zamanı Nazarov əməliyyatı (birtərəfli epinefrektomiya və bel simpatektomiyası), androsteroma, feoxromositoma, insulomanın çıxarılması, İsenko-Kuşinq xəstəliyi zamanı bir və iki tərəfli epinefrektomiya əməliyyatları məhz Fikrət müəllim tərəfindən ilk dəfə icra olunmuşdu.
Professorun uzun illər gərgin məqsədyönlü tədqiqatlarının, eləcə də onun rəhbərliyi altında institutda aparılan elmi araşdırmaların əsas istiqamətləri endokrin vəzi xəstəliklərinin patogenez, diaqnostika və eksperimentlərdə öyrənilməsindən ibarət olub. Onun şəfalı əlləri on minlərlə insanı yenidən həyata qaytarıb.
Geniş erudisiyalı və intelektual insan olan F.Mirsəlimov təbabətin inkişafı üçün hər vasitə ilə çalışıb. O, 1979-1991-ci illərdə “Azərbaycan Tibb Jurnalı”nın baş redaktoru olub. Bu nəşrin köməkliyi ilə o, həkimlərin hazırlığının keyfiyyətinin artırılması üçün, onların tibb elminin nailiyyətləri və inkişafının perspektiv istiqamətləri haqqında məlumatlandırılması üçün böyük qüvvə sərf edib. Jurnalın poliqrafik tərtibatının yaxşılaşması, məqalələrin ingilis dilində qısa xülasəsinin çap olunması onun coğrafi baxımdan yayılma sahəsinin genişlənməsinə (ABŞ, AFR) imkan yaradıb.
Fikrət müəllim ömrünün 61 ilini cərrahlığa, bu illərin 53-nü isə fasiləsiz olaraq M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyətə sərf edib. O özünə və onunla çalışan əməkdaşlara qarşı çox tələbkar, prinsipial, ancaq eyni zamanda, bir o qədər də həssas, səmimi, olduqca sadə və alicənab insan idi. Bilik və təcrübəsini gənc nəsilə çatdırmağı özünə borc bilərək, praktik cərrah-endokrinoloqların və elmi kadrların hazırlanmasına xüsusi diqqət ayırırdı. Onun rəhbərliyi altında 8 elmlər namizədliyi dissertasiyası müdafiə olunmuşdu. O dəfələrlə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Dövlət buraxılış imtahan komissiyasına sədrlik etmişdi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının daimi üzvü idi. Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki seçilmişdi. Görkəmli alim 200-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 5 metodik vəsaitin, 4 ixtiranın müəllifi idi. Fikrət müəllim elmi və digər tədbirlərdə çox lakonik, məntiqli, obyektiv fikir söyləməyi bacaran, aydın düşüncəlı, müdrik ziyalı idi. Uzun illər tibb elmi və təhsili sahəsində böyük xidmətlərinə görə F.Mirsəlimov “Şöhrət Nişanı” ordeni, medallar və fəxri fərmanlarla təltif edilmişdi. Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü.
Fikrət müəllim qayğıkeş və mehriban ailə başçısı, nümunəvi ata, baba və ulu baba idi, heç vaxt dəyanətini itirməyən, etibarlı yoldaş idi.
Vətənə, xalqa və elmə şərəflə xidmət etmiş, sadə və təvazökar insan, zəngin mənəviyyat sahibi Fikrət müəllim 2014-cü ilin iyun ayında dünyasını dəyişdi.
Öz elmi, təhsili və mədəniyyəti sayəsində qəlblərdə parlaq iz qoymuş professor Fikrət Mirmehdi oğlu Mirsəlimov yeni nəsillər üçün ibrət nümunəsi olacaq bir şəxsiyyət ömrü yaşayıb və onu tanıyan minlərlə insanın xatirələrində əbədi yaşayır.

Professor R.Ağayev,
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova