Akademik Vasim Məmmədəliyev: «Mən yaxşı həkimlərə vurğunam»

Akademik Vasim Məmmədəliyev: «Mən yaxşı həkimlərə vurğunam»
İslam dinində insanın öz səhhətinin qayğısına qalması ibadət sayılır. Sağlamlığın qorunması baxımından dinimiz insanların qarşısına bir sıra tələblər qoyur, onlara müəyyən yol göstərir. İslamda təbabət məsələsinin bütün dövrlərdə olduğu kimi, bu gün də insanları maraqlandıran mövzu olduğunu nəzərə alaraq, görkəmli ilahiyyatçı alim, dünyanın müxtəlif ölkələrində 300-dən çox elmi əsəri və 20 kitabı çap edilmiş, Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edən, tanınmış bir şərqşünasla görüşdük. Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, "Şöhrət" ordenli akademik Vasim Məmmədəliyevlə həmsöhbət olduq.

- Necəsiniz, Vasim müəllim?
- Yaxşıyam, şükür.
- Bildiyimiz kimi, İslam dinində insan sağlamlığının qorunması məsələsinə xüsusi önəm verilir. Bu barədə sizin bir mütəxəssis kimi fikirləriniz çox maraqlıdır.
- İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim Allah kəlamı, insanlara doğru yolu göstərən nur mənbəyidir. Bu kitab insanlara cənnət, cəhənnəm haqqında məlumat verən, onlara dünya və axirət səadətini öyrədən, Tanrı qarşısında vəzifə və borclarını başa salan, ədalət, iman hissləri aşılayan hidayət çırağıdır.
Qurani-Kərim bütövlükdə hansısa bir elm sahəsindən bəhs edən əsər deyil, ancaq burada Allahın qüdrətini və əzəmətini insanlara çatdırmaq məqsədi ilə, yeri gəldikcə, bu və ya digər elmi həqiqətlərdən bəhs edilib, elmin müxtəlif sahələrinə dair müasir kəşfləri qabaqlayan bir çox qiymətli fikirlər söylənilib. O cümlədən tibbə, insan sağlamlığının qorunmasına dair.
Allahın kitabında insanın yaradılışı və təşəkkülü, insan nəsli, anatomiya, fiziologiya, bədən xəstəlikləri, ruhi xəstəliklər və s. barədə qiymətli fikirlər söylənilib. O da məlumdur ki, Qurani-Kərimdə astronomiyadan sonra ən çox tibbi biliklərə yer verilib.
Qurani-Kərim hamiləlik və sonsuzluq, qadınların adət halı, bu halda olduğu zaman qadınla yaxınlıq etməmək, uşaqların əmizdirilməsi, onun müddəti, müəyyən tibbi səbəblərə görə süd qardaş-bacılarının bir-biri ilə evlənməsinin uyğun görülməməsi, süd anası ilə evlənməyin mümkün olmaması, yaşı ötmüş qadınların hamilə ola bilməməsi, bəzi xəstəliklərin necə əmələ gəlməsinə dair, qısa da olsa, müəyyən məlumatlar verib.
Qurani-Kərimin sağlamlıq barədə əsas prinsipi hifzüs-səhhə - sağlamlığın qorunmasıdır. Qurani-Kərim hifzüs-səhhəni ruhi sağlamlığı qoruma, yoluxucu xəstəliklərdən, zərərli yemək və içkilərdən qorunma, bədənin təmizliyi və sağlam olması, normal qidalanma ilə izah edir. Quranda Həzrəti Musanın ruhi və əxlaqi gözəlliyi ilə yanaşı, onun fiziki baxımdan qüvvətli olması da tərifəlayiq cəhət kimi göstərilib.
İslam aləmində "tibbi-nəbəvi", yəni Peyğəmbər tibbi adlanan xüsusi bir sahə də var. Bu sahədə sağlamlıq haqqında Quran ayələri və Peyğəmbərimizin (s.ə.s) sünnətində tibbin yeri, onun tibbi görüşləri, bu barədə hədislər geniş şəkildə işıqlandırılıb. Əlbəttə ki, tibbi-nəbəvi bütünlükdə tibb elmini əhatə edə bilməz. Ancaq orada müasir tibbin nailiyyətləri ilə uyğun gələn bir çox məsələlər öz əksini tapıb.
İslam dini insanın öz sağlamlığının qayğısına qalmasını ibadətin bir növü kimi qəbul edir. Qurani-Kərim insanlara Allaha inamı, yüksək mənəvi keyfiyyətləri aşıladığı, ibadət və əxlaq qaydalarını öyrətdiyi kimi, həm də onlara öz sağlamlıqlarının qeydinə qalmağı, bədənlərini təmiz saxlamağı tövsiyə edir.
İslam dini insanların həm daxili, həm də xarici təmizliyinə çox böyük önəm verir. Allahın kitabında dəfələrlə namazdan əvvəl dəstəmaz alınması, bədən üzvlərinin yuyulub təmizlənməsi buyurulub və ibadət edən insanın həm daxilən, həm də xaricən təmizlənməsi vacib bilinib. Peyğəmbər (s.ə.s.) özü də təmizliyə xüsusi diqqət edib. Baxmayaraq ki, Peyğəmbərimizə (s.ə.s.) Allah ilahi təmizlik bəxş etmişdi, o, fiziki, cismani təmizliyinə də böyük önəm verirdi, bədənini təmiz saxlayır, gündə bir neçə dəfə yuyunur, dişlərini təmizləyirdi. Peyğəmbərin (s.ə.s) hədislərində bu məsələlərə daha ətraflı toxunulub, onların bir çoxu təfərrüatı ilə izah edilib.
Peyğəmbərimiz (s.ə.s.) onun duası ilə şəfa tapacağına inanan və bu səbəbdən yanına gələn xəstələrə dua etməklə yanaşı, onlara müəyyən müalicə vasitələri də tövsiyə edib. Məsələn, peyğəmbər (s.ə.s.) heyvanın sinədəki rahatsızlığı, ağrını aradan qaldırdığını, ürəyi qüvvətləndirdiyini buyurub.
Tibbi-nəbəvidə balın faydaları barədə geniş məlumat verilib. Qurani-Kərimin "Nəhl" surəsində (68-69-cu ayələr) belə buyurulub: "Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların qurduqları yerlərdə özünə ev tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get!" O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!"
Peyğəmbərimizin (s.ə.s.) balla əlaqədar bir çox hədisləri var. Məsələn, "Şəfa iki şeydəndir. Biri Quran oxumaqda, digəri isə bal şərbəti içməkdədir", "Sizlərə kərə yağı, bal, xurma və zirəni tövsiyə edirəm. Çünki bunlar ölümdən başqa hər dərdə dərmandır", "Bal şərbətindən daha üstün dərman ola bilməz", "Bal şərbəti könüldəki kədəri, çətinliyi aradan qaldırar və gözün görmə duyğusunu da qüvvətləndirər", "Böyrək sancısı böyrəkdəki sinirdəndir, hərəkət etdiyi zaman sahibini xəstə edər. Bu xəstəliyi ilıq su və bal şərbəti ilə müalicə edin", "Doğumdan sonra qadınlar üçün yaş xurma, xəstə şəxslər üçün isə bal kimi şəfa yoxdur" kimi tövsiyələr bu gün də çox əhəmiyyətlidir.
Eyni zamanda, tibbi-nəbəvi qaynaqlarında balın qaraciyər, dalaq, mədə-bağırsaq orqanlarındakı narahatlıqları aradan qaldırmaq, təmizləyici xüsusiyyətlərinə də toxunulur. Zehnin möhkəmlənməsi, qanın təmizlənməsi və s. kimi bir çox hallarda xüsusilə tövsiyə edilir.
Tibbi-nəbəvidə ət istehlakı haqqında son dərəcə balanslı məsləhətlər verilir. Ətin ümumiyyətlə tövsiyə edilən bir qida olduğu, lakin həddən artıq istehlak edilməməsinin vacibliyi bildirilir. Burada ətdən tamamilə uzaqlaşmaq və hədsiz ət istehlak etmək bəyənilməyən davranış kimi qəbul olunur. Ətlərin növləri və xüsusiyyətlərinə görə qəbul edilməsi, bəzilərinin daha rahat yeyilə biləcəyi, bəzilərinin isə daha az istifadə edilməsinin zəruriliyi göstərilir.
Peyğəmbərimiz (s.ə.s.) balla, sirkə ilə, zeytunla, göbələklə müalicəyə çox böyük əhəmiyyət verib. Göbələyin suyunun gözə şəfa olduğunu da deyib. İslam aləmində bundan çox geniş istifadə olunub.
Peyğəmbərimiz (s.ə.s.) qan aldırmağa da çox böyük əhəmiyyət verib, bunu ən gözəl müalicə vasitəsi hesab edib və deyib: "Merac gecəsində mələklərdən hər hansı bir topluma rast gəldimsə, onlar mənə, ey Məhəmməd, sizə xəstəliklərdən müalicə olunmaq üçün qan aldırmağı məsləhət görürük. Sən ümmətinə qan aldırmağı tövsiyə et". Və yaxud deyir: "Cəbrayılın mənə verdiyi xəbərə görə, insanların müalicə vasitəsi kimi istifadə etdikləri şeylərin ən faydalısı qan aldırmaqdır".
- Namazın insan sağlamlığına çox böyük faydalarının olması barədə də çox eşitmişik. Bu məsələ ilə bağlı sizin fikirlərinizi də öyrənmək istərdik.
- Bəli, namazın insan sağlamlığına faydası danılmaz həqiqətdir. Namaz insanı gigiyena qaydalarına riayət etməyə məcbur edir. İnsan onu heçdən yaradan Tanrının hüzuruna təmiz getməyə borcludur. Dəstəmaz insanın təmizliyi üçün ən gözəl vasitədir. Namaz insanı cismən və ruhən təmizləyir, ona rahatlıq verir.
Namazın hərəkətlərinin də insan sağlamlığına faydası böyükdür. Təbii ki, Allah namazı idman vasitəsi kimi yaratmayıb. Amma bunun arxasında böyük hikmətlər dayanır. O, həm Allaha ibadəti bizə öyrədir, eyni zamanda, bizim fiziki cəhətdən sağlam olmağımıza kömək edir.
- Bəs, orucluğun insan sağlamlığına faydası ilə bağlı deyilənlərə münasibətiniz necədir?
- Mən ildə bir dəfə 1 ay müddətində oruc tutmağın təkcə dini baxımdan deyil, tibbi nöqteyi-nəzərdən də zəruri olduğunu düşünürəm. Oruc tutmaq insan sağlamlığına çox faydalıdır. Ramazan ayında oruc tutan insanların bütün orqanizmi təmizlənir, il boyu dayanmadan işləyən orqanlar istirahət edir. Bir ay müddətində insan nə qədər az yeyirsə, bədən üzvləri də o qədər çox istirahət edir. İldə 11 ay yeyən insan müqəddəs Ramazan ayı müddətində günün müəyyən vaxtını yeməkdən-içməkdən Allah yolunda, Allah rizasını qazanmaq üçün könüllü surətdə imtina edir. Nəticədə, orqanizm bundan yararlanır. Bədən üzvləri möhkəmlənir, ürəyin, qaraciyərin, böyrəyin fəaliyyəti yaxşılaşır, hüceyrələrin müqavimət qabiliyyəti artır, insanın sinir sistemi sakitləşir. İnsan çox yeyəndə ürəyin işi də çətinləşir. Ümumiyyətlə, istər namaz, istərsə də orucluq özündə çox böyük hikmətlər ehtiva edir.
Allah yolunda oruc tutmaq, ümumiyyətlə, az yemək, insan bədəninə çox böyük fayda verir. Müqəddəs Ramazan ayında oruc tutan insan bundan sonra özünü daha yüngül, gümrah hiss edir. Orucluq Allahın insanlara bəxş etdiyi ən böyük sağlamlıq vasitələrindən biridir. Orucluq həm canla, həm də malla edilən ibadətdir.
İldə bir dəfə oruc tutan insanlar təbii şəkildə, sağlam arıqlayırlar. Onu da qeyd edim ki, bu gün bir sıra Avropa ölkələrinin klinikalarında insanları arıqlatmaq üçün Davud peyğəmbərin orucundan istifadə edirlər. Davud peyğəmbər bir gün yeyərdi, bir gün oruc tutardı. Piylənmə prosesi sürətlə gedən insanların sağalmasında bu üsul geniş tətbiq olunur.
Ümumiyyətlə isə, islam dinində insanlara az yemək məsləhət görülür. Allah buyurub ki, "Yeyin, için, amma israf etməyin. Çünki Allah israf edənləri sevməz". Bu o deməkdir ki, artıq yemək doğru deyil. Peyğəmbərimiz (s.ə.s) özü də az yeyərdi. Doymamış əlini süfrədən çəkərdi.
Peyğəmbər tibbində yemək yeməyin, su içməyin də xüsusi qaydaları göstərilib. Belə ki, burada yeməyi çox çeynəmək, suyu bir neçə dəfəyə, özü də gündüz ayaq üstə, gecə isə oturaq vəziyyətdə içmək və s. məsləhət görülür.
İslamda tibbi nöqteyi-nəzərdən çox gözəl fikirlər, tövsiyələr var. Təəssüf ki, bunlara əməl edənlər azdır.
- Tibbin inkişafı bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən problemlərə də yol açıb. Ana bətnində olan körpələrin cinsiyyətinin öncədən təyininin mümkün olması selektiv abortlara səbəb olub. Bu cür hallar dinimizdə qəbul ediləndirmi?
- Qeyd edim ki, dinimizə görə hamiləliyin süni şəkildə kəsilməsi böyük haramdır. İslamda buna yalnız o vaxt icazə verilir ki, uşağın ana bətnində qalması qadının sağlamlığına həqiqətən də zərər verə bilər. Əgər həkimlər konsilium nəticəsində obyektiv şəkildə müəyyənləşdirsələr ki, uşağın bətndə qalması ana üçün həyati təhlükə törədir, bu zaman aborta icazə verilir.
Uşağın cinsiyyətinə görə, valideynin arzusundan asılı olaraq, abort edilməsi isə ən böyük günahlardan biridir.
Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Uşağın oğlan və ya qız olması məsələsi, təəssüf ki, hələ də bəzi ailələrdə müəyyən anlaşmazlıqlara, bəzən isə çox ciddi problemlərə, hətta boşanmalara səbəb olur. Kişilər bu məsələdə qadınları günahkar bilirlər. Öncə qeyd edim ki, qız övlad Allahın verdiyi ən gözəl paydır. Digər tərəfdən, müasir tibb elmi sübut edir ki, uşağın qız və ya oğlan olması qadından asılı deyil. Müasir elmin təsdiq etdiyi bu həqiqəti Qurani-Kərim 14 əsr bundan əvvəl bəyan edib. Quranın bildirdiyinə görə, ana bətninə düşən uşağın oğlan və ya qız olması kişidən asılıdır. "Qiyamət" surəsinin 36-39-cu ayələrində Allah deyir: "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı". Kişinin ifraz etdiyi nütfə, yəni spermatozoid erkəklik və ya dişilik xüsusiyyətləri daşıyır. Əgər yumurtaya aktiv təsir göstərən, yəni onu mayalandıran spermatazoid dişilik xüsusiyyəti daşıyırsa, rüşeym dişi olur, erkəklik xüsusiyyəti daşıyırsa, rüşeym erkək olur. Mayalanma zamanı uşağın cinsiyyətini təyin edən, yəni məhz erkəklik, yoxsa dişilik xüsusiyyəti daşıyan spermatozoidin yumurta hüceyrəsini mayalandırmasını müəyyənləşdirən isə məhz Allahın qüdrətli əlidir. "Nəcm" surəsinin 45-46-cı ayələrində də buna açıq-aydın işarə edilib: "İki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur". Göründüyü kimi, dünyada hər şey Allahın təqdiri ilə olur. Uşağın cinsiyyətinin təyinində qadının heç bir rolu yoxdur. Allah uşağın cinsiyyətinin təyinində kişidən istifadə edir. Özündə erkəklik və dişilik xüsusiyyətləri daşıyan spermatozoidlərdən məhz hansının ananın yumurta hüceyrəsi ilə birləşməsində kişinin də heç bir rolu yoxdur. Bu hər şeyi öz əzəli elmi ilə ehtiva edən Allahın təqdiri və tədbiri ilə mümkün olur.
- Milli Məclisdə reproduktiv sağlamlıqla bağlı qanun layihəsi ciddi müzakirələrə səbəb olmuş, bir çox mübahisəli fikirlər ortaya atılmışdı. Sizin bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- İslam dininə görə qadının uşağı ancaq öz ərindən olmalıdır. Əgər bunun üçün hansısa donordan istifadə edilirsə, bu, gizli zinanın bir formasıdır və dinimiz bunu heç cür qəbul etmir.
- Müasir tibbin inkişafı orqan transplantasiyası əməliyyatlarının həyata keçirilməsinə də imkan verib. Bu gün dünyada, o cümlədən ölkəmizdə belə əməliyyatlar geniş şəkildə həyata keçirilir. Belə əməliyyatların aparılmasına dini mövqedən yanaşma necədir?
- Əlbəttə ki, bu, çox yaxşı haldır. Sadəcə, burada bir məsələ diqqətdən qaçmamalıdır. Xəstəyə orqan verən donor və ya onun yaxınları bunu pul müqabilində etməməlidirlər. Yəni məqsəd pul qazanmaq deyil, insan həyatı qurtarmaq, insana kömək olmalıdır.
- Sizcə, xəstəlik insan üçün imtahandır, cəzadır, xəbərdarlıqdır, yoxsa...?
- Xəstəlik elə xəstəlikdir. İnsanlar buna həmişə hazır olmalıdırlar. Bəzən xəstəliyi həqiqətən hansısa pis əməlin cavabı və ya insanın bu dünyada sınağa çəkilməsi kimi qiymətləndirirlər. Bəlkə də bu fikirlərdə doğruluq payı var, bəlkə də yoxdur. Ümumiyyətlə, həm bu, həm də digər məsələlərlə bağlı bizim bildiyimiz və bilmədiyimiz bir çox məqamlar var.
- İslam dininə görə, insanın zərərli vərdişlərə yiyələnməsi, insanı tədricən öldürən maddələr qəbul etməsi günahdırmı?
- İslam dinində sağlamlığa zərər olan hər bir şey qadağan olunur. O şey ki, sağlamlığa zərərdir, dinimiz onu haram buyurur. Gərək insanlar zərərli vərdişlərdən çəkinsinlər, pis əməllərdən uzaq olsunlar.
- Bəs islamın intihara münasibəti necədir?
- İntihar islamda çox pis, bəyənilməyən əməllərdən biridir. Bəzi islam alimləri özünü öldürən insanın müsəlman qəbiristanlığında basdırılmasını doğru hesab etmirlər. İnsan Allahın verdiyi canı, onun əmanətini sona qədər qorumalı və Allah istədiyi zaman təhvil verməlidir.
Bir neçə məsələyə də aydınlıq gətirmək istərdim. Bəzən ağır xəstələr dəhşətli ağrılara dözməyərək həkimlərdən eftanaziya etməsini, iynə vuraraq onu öldürməsini istəyirlər. Belə hallar yolverilməzdir. Həmin xəstələrə güclü ağrıkəsicilər vurula bilər, ancaq öldürücü dərmanlar verilməməlidir. Bəzi alimlər tədqiqatlar aparırlar ki, hansısa ağır xəstəliyi olan insanın istəyi ilə onu dondurub, həmin xəstəliyin müalicəsi tapıldıqdan sonra həmin şəxsi diriltməyə nail olsunlar. Bu da dinimizdə qəbul olunan məsələ deyil. Bu, Allahın işinə qarışmaqdır.
- Bəs, həkimlərin insanı müalicə etməsi Allahın işinə qarışmaq sayılırmı?
- Xeyr. Peyğəmbərimiz (s.ə.s) özü xəstələnəndə həkimlərə müraciət etmiş və ümmətinə də xəstələndikdə həkimə müraciət etməyi tövsiyə etmişdir. Həzrəti Məhəmməd (s.ə.s): "Ey Allahın bəndələri, müalicə olunun. Allah verdiyi hər bir dərdin dərmanını da yaratmışdır, lakin bunu bəziləri bilir, bəziləri isə bilmir", - deyə buyurmuşdur.
Bir səhabə Peyğəmbərdən (s.ə.s): "Biz xəstəliklərdən qorunuruq, dua edirik və müalicə olunuruq. Bunlar qəzavü-qədəri dəyişdirirmi?" - deyə soruşmuş, Peyğəmbər (s.ə.s.) də ona: "Qorunma, dua və müalicə də qəzavü-qədərdir", - deyə cavab vermişdir.
Quran belə hesab edir ki, xəstəliyə tutulan hər kəs müalicə olunmalı, Allahın mərhəmətindən ümidini kəsməməlidir. Çünki hər dərdin bir dərmanı var, həkimlər bu dərmanı tapmaqda insanlara kömək edirlər. Bu, Allahın işinə qarışmaq deyil, çünki son nəticədə xəstənin sağalıb-sağalmaması, ölümdən qurtulub-qurtulmaması yalnız Allahın əlindədir. Quran ayələrinə nəzər salsaq, bunun bir daha şahidi olarıq. Məsələn, "Hicr" surəsi, 56-cı ayədə deyilir: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən ümidini kim üzə bilər?!" Yaxud "Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Allahın özündən başqa heç kəs (səndən) sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır, rəhm edəndir" ("Yunus" surəsi, ayə 107). Daha bir misal: "Xəstələndiyim zaman mənə ancaq Allah şəfa verir" ("Şuəra" surəsi, ayə 80).
- Həkim xəstəni sağaldırsa və bunun qarşılığında pul alırsa, bu günahdırmı?
- İstənilən adama öz zəhməti qarşılığında verilən pul onun halal qazancıdır. Əgər həkim dövlət müəssisəsində işləyirsə və zəhmətinin qarşılığı olaraq maaş alırsa, o zaman xəstədən pul istəməməlidir. Amma həkim evdə xəstəyə baxırsa, əlbəttə, zəhmətinin qarşılığında pul alacaq. Burada heç bir pis şey yoxdur.
- İmanın insan psixologiyasına təsiri barədə nə deyə bilərsiniz?
- İman, Allaha səmimi etiqad insan psixologiyasına çox müsbət təsir edir. İnsan əgər ürəkdən inanaraq, qəlbən, Allahı sevərək ibadət edirsə, rahatlıq tapır. Amma inamsız olub, özünü imanlı kimi göstərən insanlara ibadətin heç bir müsbət təsiri olmaz.
- Həkimlərimizə nə arzulayardınız?
- Mən özüm həkim ailəsində böyümüşəm. Atam həkim, anam isə tibb işçisi olub. Hər 3 bacım həkimdir. Həkimlərə çox böyük hörmətim, ehtiramım var. Peyğəmbərimiz (s.ə.s.) iki elm olduğunu buyurub. Biri din, digəri isə bədən elmi. Həkimlər müqəddəs işlə məşğuldurlar, insanların sağlamlığının keşiyində dururlar. Mən yaxşı həkimlərə vurğunam.
Mən özüm də xəstə olanda həkimlərimizə üz tuturam. Bu gün müstəqil dövlətimizdə çox savadlı həkimlər çalışır. Gənclərimiz xarici ölkələrdə təhsil alıb gəlirlər. Azərbaycan səhiyyəsi dünyanın inkişaf etmiş ölkələrinin səhiyyəsi səviyyəsinə çatıb. Artıq ölkəmizdə ağır ürək əməliyyatları, böyrək, qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir. Əvvəllər olduğu kimi, xəstələrimiz bəzi ağır xəstəliklərin müalicəsi üçün xaricə üz tutmaq məcburiyyətində deyillər. Bu və digər uğurlar dövlətimizin son dövrlər qazandığı nailiyyətlərdir. Hazırda Azərbaycan təbabəti çox sürətlə inkişaf edir, bu sahədə uğurlu dövlət siyasəti aparılır.
O ki qaldı həkimlərə arzularıma, onlara nə arzulaya bilərəm ki - yalnız cansağlığı!

Ü.FƏRZƏLİYEVA
31 may 2012-ci il. №09-10





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova