«Ən böyük arzum həkim olmaq idi»!
Habil Əliyev: «Amma indi fikirləşirəm ki, nə yaxşı ki həkim olmamışam»
Xalq artisti Habil Əliyev! Onun titullarını saymaqla qurtarmaz. Əslində, onları bir-bir sadalamağa heç gərək də yoxdur. Böyük ustad, Azərbaycan musiqi sənətinin əvəzolunmaz simalarından biri, kamançadan söz düşən kimi gözlərimizin önündə canlanan Habil Əliyevi tanımayanmı var?! Əlbəttə, hamımız onun sənətinə də, özünə də, hələ bir duzlu-məzəli söhbətinə-sözünə də yaxşı bələdik. Amma təbii ki, bu dahi sənətkarın hamıya məlum olmayan tərəfləri də var və onunla hər ünsiyyət bu maraqlı şəxsiyyətin yeni-yeni cəhətlərini bizlərə tanıdır. Bəli, müsahibimiz Habil Əliyevdir. Amma onunla kamança barədə, musiqi sənəti haqqında danışmayacağıq. Söhbətimizin əsas mövzusu həkimlik, səhiyyə və sağlamlıqdır…
- Habil müəllim, artıq 84 yaşı tamamlayıb 85-ə qədəm qoymaq üzrəsiniz. Nə var, nə yox? Necəsiniz?
- Çox sağ olun, minnətdaram. Allah deyib durmuşam. 84 az yaş deyil. İndi uzunömürlülük baxımından elə çətin dövrdür ki, çox yaşayanlara həkimlər özləri də təəccüb qalırlar…
- Siz incəsənət adamısınız. «Tibb qəzeti»nə müsahibə vermək sizin üçün maraqsız deyil ki?
- Tam əksinə! Bu həqiqətən çox ürəyimcədir. Mən musiqiçi olsam da, ailəmiz həkimlərdən ibarətdir. Üç qızım və hər üç kürəkənim, həmçinin bacım oğlu, bacım qızı hamısı həkimdir. Üstəlik, həkim olmaq mənim özümün də ən böyük arzum idi. Amma alınmadı…
- Maraqlıdır, Habil Əliyev kimi bir sənətkarın yanında onlar niyə musiqi yox, təbabət sahəsinə üz tutublar?
- Onlarda həkimlik peşəsinə marağı mən yaratmışam. Hələ uşaq vaxtı, orta məktəbdə oxuduğum illərdə mənim ən böyük arzum həkim olmaq idi. Həmişə hesab eləmişəm ki, yuxarıda Allahdır, aşağıda həkim! İnsan həyatı üçün bunların hər ikisini eyni səviyyədə görmüşəm. Amma müharibə vaxtlarına düşdü, oxuya bilmədim. Daha doğrusu, oxumağa imkan olmadı. Çünki ailəmizin dolanışığı mənə baxırdı, ona görə də kamançaynan çörək qazanırdım. Kamança çala-çala onları qoymadım acından ölməyə.
Düzdür, həkim ola bilmədim, amma hər zaman ailədə həkimliyi təbliğ edirdim ki, bu peşə Allahın vasitəçisidir. Xudavəndi-aləm həkimin əli ilə insanın həyatını xilas edir, onu yaşadır.
Sonra Tanrı qismət elədi, qızlarımın üçü də həkim oldular. İkisi pediatrdır, biri isə nevropatoloq. Bilirsiniz, həkimlik elə bir sənətdir ki, onun ayrıca adamları var. Məncə, onlar elə həkim olmaq üçün doğulurlar…
- Habil müəllim, həkim olmaq istəyirdiniz, amma ola bilmədiniz! Sizə ikinci dəfə şans verilsəydi…
- Dayan! Bilirəm nə deyəcəksən. Yox, əsla yenə də həkim olmağı arzulamazdım. Allaha min şükür ki, həkim olmamışam! İndi görürəm ki, kamançanın dalınca düşməkdə daha doğru addım atmışam. Əlbəttə, mən öz sənətimi ucuz tutmaq istəmirəm. Amma belə şey olarmı ki, həkimliklə dolana bilmə, kamança ilə dolan? Axı necə ola bilər ki, kamança çalmaq həkimlikdən yuxarıda dayansın?!
Həkimlərdən danışanda onların arasında mənim uşaqlarım da gedir. İndi onların timsalında tibb işçilərinin işinə, vəziyyətinə baxıram… Həkimlərin işi çətin, məsuliyyətlidir, hesab eləyirəm ki, onlar dolanışıq baxımından əziyyətsiz yaşamağa, daha artığına layiqdirlər. Onların indiki maddi vəziyyəti heç də istənilən səviyyədə deyil, bu da bir sənətkar kimi, ən əsası da həmişə həkim olmaq arzusu ilə alışıb-yanan bir insan kimi mənim çox xətrimə dəyir, məni incidir.
Uşaqlarım Tibb İnstitutuna qəbul olmaq üçün gecə-gündüz oxuyurdular, özlərini öldürürdülər. Onların instituta girməsi evimizdə bayrama çevrildi. Oxuyub həkim oldular. Amma sonra nə oldu? Elə məqamlar oldu ki, əgər mənim uşaqlarım yalnız həkimliyin ümidinə qalsaydılar, dolana bilməzdilər. Mən kamança ilə onlara çox kömək elədim. Həkimlik bu imişmi? Belə olarmı?
Bir xeyli müddət bundan əvvəl kürəkənlərimdən biri dolanışıq ucbatından ailəvi şəkildə xaricə getmək istədiklərini dedi. O zaman çox pərt oldum, uşaqların uzaq düşməsini istəmirdim. Onların bir iş tapıb, burada qalıb işləmələri üçün çalışdım, bir şey alınmadı. Beləcə, uşaqlar ailəvi Hollandiyaya getdilər, orada yenidən təhsillərini davam etdirdilər. İndi düşünürəm ki, yaxşı ki o vaxt gediblər. İndi orada özlərinin klinikası var. Vəziyyətləri yaxşıdır, hətta bizə də kömək eləyirlər.
Əlbəttə, mən bütün bunlarla heç də onu demək istəmirəm ki, indi bizdə həkimlərin vəziyyəti dözülməzdir. Sağ olsun hörmətli prezidentimiz İlham Əliyevi, səhiyyənin inkişafı üçün əlindən gələni edir. Oqtay Şirəliyev nazir olandan sonra isə həkimlərin vəziyyəti xeyli düzəldi, maaşları bir neçə dəfə qaldırıldı, onlara gözəl iş şəraiti yaradıldı. Amma məncə, həkimlər daha artığına layiqdirlər! Həkimin yaxşı yaşaması millət üçün baş ucalığıdır. Həkim el anasıdır, el atasıdır! Bundan böyük ad, bundan böyük sənət, bundan böyük sahə yoxdur! Mən dünyanı gəzmişəm, daha doğrusu, kamança aparıb gəzdirib məni. Oradakı həkimləri necə görmüşəmsə, öz həkimlərimizi də elə görmək istəyirəm.
- Gəlin, söhbətimizə bir az rəng qataq… Siz ürəyi sözlə, zarafatla dolu olan, maraqlı bir insansınız. Həkimlərimizin bugünkü yaşayış tərzini necə xarakterizə edərdiniz?
- Qısaca olaraq belə: Bir ata-bala həkim imiş. Bir gün ata öz işini oğluna tapşırır. Oğlu axşam işdən sevinclə qayıdaraq deyir: «Ata, sənə bir yaxşı xəbərim var. Sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə sağaltdım». Atası əsəbləşərək deyir: «Sən neylədin? Mən 30 ildir ailəmi o xəstənin hesabına dolandırırdım».
- Böyük bir ömür yolu keçmisiniz. Səhiyyəmizin o dövrü ilə bu gününü necə müqayisə edərdiniz? Əvvəlki həkimlər necə qalıb yaddaşınızda? O zamankı həkimlərə etibarınız daha çox idi, yoxsa indikilərə?
- Sözsüz ki, o dövrün həkimlərinə etibar daha çox idi. Dəqiq deyə bilmərəm bu nədən irəli gəlir. Mənim həkimlərin gücü, biliyi barədə danışmağım doğru olmazdı. Çünki mən bu sahənin adamı deyiləm. Sadəcə olaraq, məndə belə bir təəssürat var ki, o vaxtın həkimləri daha etibarlı və təcrübəli idilər. Məsələn, o vaxt Ağdaş rayonunda Tarxov soyadlı bir rus həkim var idi. Xəstəni onun yanına aparırdılar, baxırdı, yoxlayırdı, bir az sorğu-sual edirdi, sonra da bir dərman yazırdı, bununla da xəstə sağalırdı. Bir də Ağdaşda Ənvər həkim var idi. Bax, bu iki həkimin sayəsində nəinki Ağdaşdan, hətta ətraf rayonlardan da Bakıya xəstəxanaya gedən olmazdı. Amma məni qınamayın, deyəsən, o vaxt xəstəliklər də indiki qədər çox deyildi... Yəqin elə buna görədir ki, indiki həkimlərin işi çətindir.
- Habil müəllim, indiyə qədər xəstəxanaya çoxmu yolunuz düşüb?
- Bəli! Demək olar ki, lap bu yaxınlara qədər mənim həkimsiz günüm olmayıb. Qaraciyərimdə və öd kisəmdə ağrılar olurdu, bir də həmişə zəhərlənmədən əziyyət çəkirdim. 5-6 il əvvəl «Kaspar» xəstəxanasında (Mərkəzi Dənizçilər Xəstəxanası – red.) öd kisəmi çıxartdılar, ondan sonra zəhərlənmədən canım qurtardı.
Bir sözlə, mən həkim yanında olanda həmişə özümü yaxşı hiss eləmişəm. Amma bu yaxınlarda başa düşdüm ki, tez-tez həkimə getmək elə özü bir xəstəlik imiş. İnsan niyə bu qədər həkimə bağlanmalıdır ki? Gərək fikirləşəsən, nəyi yeyəndə ağrıyırsan, nəyi yeyəndə yox. Axı, insanın ən yaxşı həkimi elə özüdür.
- Sizə daimi nəzarət eləyən həkiminiz varmı?
- Yox, belə bir həkimim yoxdur. Bu indi çıxıb, hərənin öz həkimi var. Əvvəllər belə şey nə gəzirdi? Məsələn, əksər hallarda heç ehtiyac da yaranmırdı ki, mütləq gərək filan ixtisaslı həkimə müraciət edəsən. Həkimə gedirdin, vəssalam.
- Həyatınızda elə bir həkim olubmu ki, onu heç vaxt unuda bilmirsiniz?
- Əlbəttə, olub! Hələ Ağdaşda yaşadığım vaxtlar idi, təxminən 17-18 yaşım vardı. Qarın yatalağı xəstəliyinə tutuldum. Dayım o vaxt rayonda tanınmış, adlı-sanlı adam idi. Məni müalicə eləmək üçün Bakıdan Ağdaşa Axundov soyadlı bir həkim gətirdi. O mənə baxdı, müayinə elədi. Sonra mənim xəbərim olmadan dayıma deyib ki, “çox təəssüf, xəcalətli qaldım yanınızda, xəstəyə heç bir kömək edə bilmirəm”. Beləcə, o, Bakıya qayıtdı. Sonra elə oldu ki, mən ölmədim. Allahın işidir də… Doğrudur, o həkim məni tibbi cəhətdən müalicə edə bilmədi, amma mən bu gün də hesab edirəm ki, mənim sağalmağımın səbəbkarı məhz həmin həkim oldu. Ona olan inamım, onun Bakıdan Ağdaşa gəlməsinin məndə yaratdığı ruh yüksəkliyi məni sağaltdı. Ona görə də mən həmin həkimi heç vaxt unutmuram, unuda da bilmərəm…
Bir daha deyirəm ki, mən həkimlikdən uca, ondan müqəddəs bir sənət tanımıram. Həkim Allahın yaratdığı insanın sağlamlığının təminatçısıdır, onu yaşadır… Bundan böyük sənət ola bilərmi? Məncə, yox!
- Yəqin razılaşarsınız ki, sağlamlıq baxımından çox çətin bir dövrdə yaşayırıq. Uzunömürlü bir insan kimi, belə bir zamanda sağlam olmağın əsas şərtini nədə görürsünüz?
- Sözsüz ki, mən bu bərədə elmi fikir irəli sürə bilmərəm. Bu, mütəxəssislərin işidir. Amma onu deyə bilərəm ki, müasir dövrdə insan gərək yaşamasın ki, sağlam olsun! Qidalar, hava, su, ətraf mühit o qədər korlanıb ki, sağlam olmaq çox çətindir! Əlini, ayağını hara atırsansa, hamısı sağlamlığa ziyandır. Belə bir şəraitdə gəl indi sağlam ol görüm, necə olursan?!
- Həkim olmasanız da, musiqidə öz sözünü demiş, ondan başı çıxan bir adam kimi, sizcə, musiqinin insan sağlamlığına müsbət təsiri varmı? İndi bu barədə çox danışılır. Hətta mütəxəssislər vokaloterapiya və yaxud muğam-diaqnostika kimi müəyyən ideyalar da irəli sürürlər…
- Ola bilər! Amma məncə, əvvəlki ifaçıların muğamları, musiqiləri insanın sağlamlığına müsbət təsir edə bilər, indikilər yox! İndikilər camaatın sağlamlığına ziyan vurmasın, xeyirini istəmirəm…
- Siz ifa edəndə sanki kamançanı ağladırsınız, necə deyərlər, dinləyicini yandırıb-yaxırsınız. Necə bilirsiniz, bəlkə bu kövrək nötlar insan sağlamlığına ziyandır?
- Haqlısınız, mən kamança çalanda öz dünyama qapılıram, öz düşüncələrimi, öz dərdimi, kədərimi, sevincimi ifadə edirəm. Ürəyimdən keçənləri, dilimə gətirib deyə bilmədiyim dərdlərimi kamanın dili ilə deyirəm. Bu da bir çox hallarda yanğılı olur. Amma məncə, deyib-gülməyin, sevincin sağlamlığa müsbət təsiri olduğu kimi, ağlamağın da özünəməxsus xeyiri var. Ağlayanda ürək boşalır, sakitləşir, insanın gərginliyi, stressi aradan qalxır… Deməli, ağlamağın da sağlamlığa xeyiri var.
Yaxşı yadımdadır… 60-cı illərin axırları idi. Filarmoniyada rəsmi tədbir vardı. Yığıncaqdan sonra konsert olmalı idi. Biz musiqiçilər bədii hissəni gözləyirdik. Rəsmi hissə bitdi. Azərbaycan KP MK-nın katibi rəhmətlik Şıxəli Qurbanov səhnə arxasında musiqiçilərlə bir-bir hal-əhval tutmağa başladı. Mənə çatanda dedi: “Yuxarılarda söhbət gedir ki, Habil kamanda ağlayır, xalqı ağladır. Sovet insanı ağlamamalıdır”. Sonra nəfəsini azacıq dərib əlavə etdi: “İşində ol, Habil, bu xalq ağlamasın, neyləsin?..”
Bir sözlə, mən kamançada öz dərdlərimi çalıram. Kimin mənim kamança çalmağımdan xoşu gəlirsə, mənim o adama yazığım gəlir! Çünki, deməli, o da mən dərddədir.
- 84 yaşda, maşallah, hiss olunur ki, gümrahsınız. Belə uzunömürlü olmağınızın əsas səbəbini nədə görürsünüz?
- Sevgidə! Xalqın mənə və kamançaya olan sevgisidir məni yaşadan. Bu xalq mənə çox şey verib. Elə dövlətimizdən də yerlə göy qədər razıyam. Həm rəhmətlik Heydər Əliyev, həm də Prezidentimiz İlham Əliyev mənim əməyimi hər zaman yüksək qiymətləndiriblər.
Heydər Əliyev mənə «Şöhrət» ordeni verəndə mən ona dedim ki, “Möhtərəm prezident, mən kamança çalmaqda çox yanılmışam. Əslində, mən elə bir sahədə çalışmaq istərdim ki, xalqımıza, dövlətimizə bir xeyrim dəysin”. Onda Heydər Əliyev mənə dedi ki, «Habil, bura qədər yaxşı danışmışdın, burada korladın. Sən bu xalqa elə xeyir vermisən ki, başqa sahələrdə bunu edə bilməzdin. Tar çalan, kaman çalan çoxdur, amma Habildən yoxdur».
Onu da deyim ki, Ağdaşda mənim adıma gözəl bir Musiqi Məktəbi tikiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məni qəbul eləmişdi. Onda mən ona dedim: «Mehriban xanım, bir şey mənə dərd olub. O vaxt mən oxuyanda Ağdaşdakı Musiqi Məktəbi 2 otaqlı evdə yerləşirdi. Sonra o uçub-dağıldı. Lap sonralar isə Ağdaşda təzə xəstəxana tikdilər, köhnə binada isə müxtəlif idarələr yerləşdirildi. Vərəm şöbəsinin otaqlarını da Musiqi Məktəbinə verdilər! İndi həmin məktəb vərəm şöbəsində yerləşir». İnanırsınız, mən onun qəbulundan çıxan kimi Mehriban xanım Ağdaşa zəng eləmişdi. 6-7 ayın içində bir məktəb tikdilər ki, Azərbaycanda tayı-bərabəri yoxdur. Özünə də mənim adımı verdilər. Həmin məktəbin açılışına Prezidentimiz İlham Əliyev də gəlmişdi. Bütün bunlardan sonra mənim yaşamamağa haqqım yoxdur!
- Həyatda sizi qorxudan nəsə bir şey varmı?
- Ömür-gün yolaşım Şərqiyyə xanımı itirməkdən çox qorxuram… Təsəvvürümə belə gətirə bilmirəm ki, o olmasa, mən neyniyərəm?
- Siqareti çox çəkirsiniz. Bayaqdan bəri fikir verirəm, demək olar ki, közü-közə calayırsınız… Qorxmursunuz ki, bu, səhhətinizdə problem yaradar?
- Siqaret çəkməyə lap uşaq yaşlarımdan başlamışam. Çətin dövr idi. Dərd, kədər, iztirab… Siqaret çəkməkdə təxminən 75 illik «stajım» var!
Qoy, bu siqaretlə bağlı bir söhbət danışım… Bir dəfə İrana getmişdik. Orada bir çox tanınmış adamlar mənimlə görüşə gəlmişdilər. Söhbətləşirdik… Aradabir mən onlar üçün kamança çalırdım. Hərdən də siqaret çəkirdim. Bunlar mənim siqareti çox çəkdiyimi görüb, narahat olublar. Fikirləşiblər ki, bunu Habilə necə deyək ki, xətrinə dəyməsin. Nəhayət, bir nəfər mənə yaxınlaşıb dedi ki, «Habil müəllim, ağsaqqallar deyirlər ki, siqareti çox çəkir, bu onu öldürə bilər». Onda onlara dedim ki, «həkimlər mənə deyirdilər siqaret çəkmə, bu səni öldürəcək. İndi həmin həkimlər hamısı ölüblər, mən isə hələ yaşayıram»…
Amma zarafat bir yana, mən də bilirəm ki, siqaret ziyandır. Uşaq vaxtı bunu başa düşsəydim, heç çəkməyə başlamazdım. Cavanlara da məsləhət görmürəm siqaret çəksinlər. Amma Allah saxlayanda saxlayır...
-Habil müəllim, səmimi müsahibə üçün çox sağ olun! Sizə və ailə üzvlərinizə dərd-bəlasız uzun ömür və möhkəm cansağlığı arzulayırıq.
- Minnətdaram. Mən də eyni arzuları sizə ünvanlayıram…
Q.NURİYEV
***
Bəstəkar Zakir Bağırov Fiarmoniyanın bədii rəhbəri işləyən vaxt bir gün Habil Əliyevlə üz-üzə gəlir. Salamlaşdıqdan sonra o, ciddi şəkildə deyir:
-Habil, tarını köklə, gedirik Bolqarıstana.
Habil Əliyev dillənir:
-Zakir müəllim, mən tar çalmıram, kamança çalıram.
O təəccüblə cavab verir:
Baho, keçdin kamançaya?!
***
Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə qarşılaşır. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim, nolub?
Nazim Ağayev gileylənir:
-Həkimdən gəlirəm. O mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb, məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev deyir:
-Nazim, həkim gözünün içinəcən yalan danışır. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!
***
Ağdaşda bir xanəndə Veyis varmış, qocalıbmış. Bir gün Habil Əliyev Ağdaşda onunla rastlaşır, çox sınıxdığını görüb soruşur:
-Veyis kişi, nolub, niyə belə sınıxmısan?
Veyis kişi asta-asta dillənir:
-Habil, demə, demə, bir xəstələnmək xəstələndim ki, öldüm, getdim o dünyanı görüb qayıtdım.
Habil Əliyev zarafata keçir:
-Əşşi, zülümnən o boyda yolu getmişdin, bir də zəhmət çəkib niyə geri qayıtdın, nə vardı burda?
***
70 yaşın tamamında dostlarından biri Habil Əliyevi təbrik edib, deyir:
-Habil müəllim, maşallah, cavan qalmısınız.
O cavab verir:
-Hə, sovet-alman müharibəsi vaxtı yeməyə bir şey tapılmırdı, çox vaxt ac qalırdım. Ona görə də mədə-bağırsağım az işlənib, təzə qalıb.
26 yanvar 2011-ci il. №01-02