Rauf Canıbəyov: “Cərrahlıq özü də incəsənətdir”

Rauf Canıbəyov: “Cərrahlıq özü də incəsənətdir”

Budəfəki həmsöhbətim qeyri-adi istedada malik maraqlı şəxsiyyət, ixtisasca cərrah olan və bu sahədə uzun illər fəaliyyət göstərən, eyni zamanda, özünü həm də incəsənətdə tapan, müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri ilə tamaşaçılarını heyran edən, bəzən nostalji, bəzən heyrət, təəccüb, bəzən kövrəklik, kədər, sevgi... aşılayan rəssamdır. O, həmişə özündən danışarkən rəssamlıq təhsili olmadığını xüsusi vurğulayır, bu sahədə bir gün belə hansısa peşəkardan dərs almadığını, qəlbindən gələn, şüurunda əks olunan duyğularını çəkdiyini deyir. Biz isə düşünürük ki, onun duyğularına valeh olmamaq, onunla birgə həmin hissləri yaşamamaq mümkün deyil. Beləliklə, müsahibim əsərləri ilə heyrətləndirməyi bacaran Rauf Canıbəyovdur.

- Söhbətimizə ənənəvi sualımızla başlayaq. Səhhətiniz necədir?
- Təşəkkür edirəm, yaxşıyam. Hələ şikayətim yoxdur, özümü tam sağlam hiss edirəm.
- Sağlamlığınızın qayğısına qalırsınız?
- Özüm həkim olsam da, əksər azərbaycanlılar kimi, tez-tez həkimə müraciət etməyi xoşlamıram. Amma çalışıram təbiətin qanunlarına zidd getməyim. Buna baxmayaraq, heç də hər şey özümüzdən asılı deyil. Əgər hazırkı dövrdə gündəlik fəaliyyətimizin, ünsiyyətimizin, yaşadığımız ətraf mühitin əksər hallarda zərərli vərdişlərdən və ünsürlərdən ibarət olduğunu nəzərə alsaq, görərik ki, onlardan tam uzaq qalmaq mümkün deyil.
- Doktor, müsahibələrinizin birində qeyd etmisiniz ki, məktəb illərində diplomat olmağı arzulamısınız. Amma tamamilə fərqli sənətə – həkimlik peşəsinə yiyələnmisiniz. Niyə fikrinizdən yayındınız?
- Təvazökarlığı kənara qoysaq, deyə bilərəm ki, əksər uşaqlar kimi, mən də erkən yaşlarımdan bir çox sahələrə – texniki fənlərə, incəsənətə, xüsusən rəssamlığa, biologiyaya, tibbə maraq göstərmişəm. Amma artıq orta məktəbin yuxarı siniflərinə çatanda diqqətimi daha çox beynəlxalq əlaqələr, diplomatiya sahəsi, bu istiqamətdə perspektivlər cəlb edirdi. Nəhayət, təhsilimi bu yöndə davam etdirməyə qərar verdim. O zaman Moskvada Sovet İttifaqının tərkibindəki respublikaların hərəsinə MİMO-ya – Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq üçün ildə cəmi iki yer ayrılırdı. Həmin yeri qazanmaq isə heç də asan başa gəlmirdi. Onun üçün müəyyən xarici dil bilikləri, yüksək təhsil səviyyəsi, şəxsi və psixoloji keyfiyyətlərin, tərcümeyi-halın tələblərə uyğun olması və sair şərtlər qoyulurdu. Belə ciddi seçimə baxmayaraq, məqsədimə çatdım – saysız-hesabsız mərhələlərdən keçdikdən sonra iki yerdən birini mən qazandım. Amma elə bu uğurla diplomatiyaya olan ehtirasım sanki söndü və qısa zamanda, ruhən mənə daha yaxın olan tibb sahəsinə yönəldim. Sənəd qəbulunun sonuncu günü işlərimi Azərbaycan Tibb İnstitutuna verdim və daxil oldum. Təhsilimi başa vurduqdan sonra uzun illər cərrah işlədim.
- Amma bu sahəni də tərk etdiniz və növbəti dəfə rəssamlığı fəaliyyətinizin ana xəttinə çevirdiniz. İllərinizi həsr etdiyiniz sənətinizdən uzaqlaşmaq çətin olmadı?
- Əlbəttə, çətin idi. Amma bu dəfə situasiya fərqli oldu. Mən birdən-birə, istəyərək cərrahiyyədən uzaqlaşmadım. İşlədiyim yeri tərk etmək məcburiyyətində qaldım. 1992-ci ildə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə aramızda anlaşılmazlıq yarandı. Hətta bir müddət Səudiyyə Ərəbistanına gedib cərrah-mütəxəssis vəzifəsində çalışdım. Orada da çox qala bilmədim. Vətənə qayıtdıqdan sonra isə bir neçə il müxtəlif özəl klinikalarda əməliyyatlar apardım. Amma belə iş prinsipi məni qane etmədi və tədricən səhiyyədən uzaqlaşmağa başladım. Mövcud vəziyyət mənim üçün kritik nöqtəyə çatanda isə – 2004-cü ildə cərrah kimi fəaliyyətimi tam dayandırdım.
Ancaq təbabətdən tam uzaqlaşmamışam, ümumi profilli həkim kimi dənizdə tibb xidməti göstərirəm.
Düşünürəm ki, tibbin hansı sahəsində çalışmasından asılı olmayaraq, həkim hər zaman pasiyentlərinin mənafeyini qorumalı, ancaq onların sağlamlığını düşünməli, vicdanlı olmalıdır. Pul, siyasət, qohumbazlıq, rüşvətxorluq, vəzifəyə pərəstiş və bu kimi təbabətə zidd ünsürlər qarşısında güclü dayanmağı bacarmalıdır. Əks halda, təbabət də, həkimlərə olan hörmət də bitər.
- Geriyə baxanda heyifsiləndiyiniz, əməliyyat etmək üçün darıxdığınız vaxtlar olur?
- Doğrusunu deyim ki, indi olduğum yerdən geriyə baxanda, heç nəyə heyifsilənmirəm. Cərrah kimi çalışdığım dövrdə həyatım kifayət qədər aktiv, zəngin keçib, saysız-hesabsız əməliyyatlar aparmışam. Üzərimə düşən vəzifəni məsuliyyətlə və sevgi ilə yerinə yetirmişəm. Həkimlərin əksəriyyəti kimi, cəmiyyətə faydalı olmaq, gücüm və imkanlarım çərçivəsində insanların sağlamlığını qorumaq naminə var qüvvəmlə çalışmışam. Amma indi desəm ki, o günlər üçün darıxıram, yalan olar.

- Əsərlərinizdəki qadınların estetik cəhətdən gözəl görünüşlü, ideal bədən quruluşlu olmasında sizin plastik cərrah kimliyinizin təsiri varmı?
- Mən özümü təkcə plastik cərrah kimi təqdim etməzdim. Çünki fəaliyyətim dövrundə cərrahiyyənin bütün sahələrində əməliyyatlar həyata keçirmişəm. İstər plastik cərrahiyyə, istərsə də digər cərrahi müdaxilələr zamanı pasiyentə həm konkret patologiyanın tələblərinə uyğun, həm də incəsənət əsəri üzərində iş prinsipi ilə yaxınlaşmışam. Axı, cərrahlıq özü də incəsənətdir.
- Məlumdur ki, son dövrlər plastik cərrahiyyə çox inkişaf edib. Amma təəssüf ki, bu inkişaf ancaq qüsurların aradan qaldırılmasına xidmət etmədi, həm də plastik əməliyyatların dəb halını almasına gətirib çıxardı. Sizcə, bu tendensiya insanlarda fərdiliyin, özünəməxsusluğun, fərqliliyin tədricən aradan qalxmasına səbəb olurmu?
- Deyərdim ki, özünəməxsusluq təkcə xarici görkəmdən asılı deyil. Plastik və estetik əməliyyatlara olan tələbatın artması bu gün tibb elminin durmadan inkişafı və imkanlarının genişlənməsi ilə əlaqədardır. Çünki inkişaf istər-istəməz təklifi artırır. Məncə, müasir imkanlar çərçivəsində istənilən şəxsin öz təkrarolunmaz xarici simasını dəyişdirmək istəməsi onun ən təbii haqqıdır. Dəb məsələsinə gəlincə isə qeyd edim ki, bu, etnos, coğrafi mövqe, sosial və digər səbəblərdən asılı olaraq, hər zaman dəyişilib və dəyişiləcək. Fikrimcə, əsas məsələ odur ki, insanlar mənəvi və ruhi özünəməxsusluğunu itirməsinlər.

- Rauf bəy, bəs, rəssamlığa marağınız necə yarandı?
- Düzü, bu barədə xüsusi düşünməmişəm. Sadəcə, uşaqlıqdan rəsm çəkməyi xoşlayıram. Bu həvəsimi görən valideynlərim də rəsm çəkmək üçün lazım olan hər avadanlığı alırdılar. Əvvəlcə qələm, kömür, tuş və boyalarla çəkirdim. Sonralar gildən də istifadə edirdim. Ağac üzərində oyma işlərim də var. Bir sözlə, əlimin altında olan hər şeydən yararlanmışam. Amma bunların hamısından çox, boyalar məni cəlb edib. Onların ətrini həmişə, elə indi də sevirəm. Hazırda yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işləməyə üstünlük verirəm.
- Əsərlərinizin arasında rəqs edən qadınlar diqqətimi xüsusilə cəlb edir. Hətta balerina və ya rəqqasə kimi təsvir etmədiyiniz qadınların da görüntüsündə rəqs elementləri aydın sezilir. Bu nə ilə əlaqədardır? Sizcə, qadınlar rəqs edərkən daha gözəl və füsunkardırlar?
- Məncə, qadınlar rəqs edib-etməmələrindən asılı olmayaraq, hər zaman gözəl və füsunkardırlar. Bu mənim səmimi fikrimdir. Sadəcə, rəqs insan bədəninin plastikasını və emosional varlığını daha əlvan əks etdirir.

- Bir də rəsmlərinizdə İçərişəhər sevgisi hiss olunur. Bu bağlılığı, sevgini, xatirələrinizi sözlə necə təsvir edərdiniz?
- İçərişəhər mənə ruhən çox yaxın və əzizdir. Biz əvvəllər İçərişəhərdə yaşamışıq. Sonradan evimizin bünövrəsi altında qədim hamam aşkarlandı və biz Nizami küçəsinə köçürüldük. Amma yenə də, Qoşaqala qapısından təxminən 3 dəqiqəlik məsafədə qalırdıq. Uşaqlıq, yeniyetməlik dövrüm İçərişəhərdə keçib və o illərdə yaşananlar indiyə kimi gözlərimin önündədir. Orada gəzməyi, köhnə binaları seyr etməyi, çoxəsrlik tarixi olan daşlara toxunmağı sevirdim.

- Köhnə Bakı üçün darıxırsınız?
- Əlbəttə ki, mən köhnə Bakı üçün, onun tıxacsız, sakit küçələri üçün, mehriban və ünsiyyət ənənələri olan sakinləri üçün darıxıram. Çox şey üçün darıxıram. Amma zamanı dayandırmaq olmaz. Hər şey – insanlar da, dəyərlər də, elə şəhərlər də dəyişir. Bu günün Bakısında da məni sevindirən çox şeylər var. Məsələn, təkcə bulvarımız nəyə desən dəyər. İnkişaf, düşünülmüş rekonstruksiya, sözsüz ki, lazımdır. Ancaq bu rekonstruksiya plastik əməliyyatdan sonra bəzi orqanların silikonla doldurulmasına bənzəməməlidir. Gərək hər şey ahəngə uyğun olsun. Bakının hər zamankı fərdi və təkrarolunmaz simasını əsaslı şəkildə dəyişmək düzgün deyil. Düşünürəm ki, yeni-yeni göydələnlər şəhərin lap ürəyində deyil, haradasa kənarda, ətraf bölgələrdə tikilməlidir. Bu sahədə Avropa ölkələrinin təcrübəsinə əsaslanmaq olar. Onlar da daim rekonstruksiya işləri aparırlar, amma heç kimə ümumi ahəngi pozmağa, şəhərin tarixi obrazını dəyişməyə icazə verilmir.
- Rauf bəy, adətən xanəndələrin Qarabağdan, rəssamların isə Bakıdan, daha dəqiq desək, Əmircandan olduğunu deyirlər. Bir çox hallarda istedad, o cümlədən rəssamlıq qabiliyyəti genetik yolla ötürülür. Sizin ailənizdə, nəsildə kimdəsə bu qabiliyyət olub?
- Bəli, ailəmizdə professional rəssam olmasa da, rəsm çəkmək qabiliyyəti ilə seçilənlər var idi. Məsələn, atamın yaxşı şəkil çəkmək istedadı olub. Amma buna heç vaxt ciddi iş kimi yanaşmayıb.
- Bəs, siz bu istedadınızı kiməsə ötürmüsünüz?
- Qızım hazırda Azərbaycan Dövlət İncəsənət Universitində təhsil alır və onun incəsənətə böyük marağı var.
- Sevimli rəssamınız kimdir?
- Yaradıcılığı qarşısında baş əydiyim sevimli rəssamlardan biri Rembrandtdır. Ümumiyyətlə isə, böyük sənət ustalarının hər birinin işlərinə baxmağı xoşlayıram və onların hər birinin mənim qabiliyyətimə hansısa bilik zərrəsi əlavə etdiyini düşünürəm.
- Ən çox hansı rəngi sevirsiniz?
- Hər rəngin öz yeri və öz gözəlliyi var.
- Sonda həkimlərimizə arzularınız...
- Məncə, insanı inam və ümid yaşadır. Həkimlərimizə hər zaman inamlı, ümidli və vicdanlı olmağı arzulayıram.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova