“Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuda “dəyirmi masa” keçirilib
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumların gündəliyinə həmişə təbabət, bioetika, elmi-texniki nailiyyətlərin təbabət sahəsində istifadəsi kimi problemlərin müzakirəsi daxil edilir. Bu baxımdan builki IV Bakı Beynəlxalq Humanitar Forumu da istisna olmadı. Forum çərçivəsində “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda “dəyirmi masa” keçirildi.
Tədbirin moderatoru – Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov toplantıda altı Nobel mükafatı laureatının iştirak etməsini mühüm hadisə kimi dəyərləndirib. Mövzunun aktuallığından bəhs edən Ə.Əmiraslanov məlumat verib ki, “dəyirmi masa”da üç panel üzrə molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ilə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
“Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri” mövzusundakı birinci paneldə Nobel mükafatı laureatı, professor Keri Benks Mullis biotexnologiyanın yaranma tarixindən, müxtəlif ölkələrdə bu sahədə aparılmış tədqiqatlardan, eləcə də öz təcrübələrindən danışıb. Molekulyar biologiyanın yüksək elm sahəsinə çevrildiyini diqqətə çatdıran alim vurğulayıb ki, biotexnologiyalar artıq həyatımızın bütün sahələrinə nüfuz edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı, professor Ariye Varşel isə bioloji molekulların funksiyasının öyrənilməsi və xəstəliklərlə mübarizədə müasir texnologiyalardan istifadə sahəsində qazanılan uğurlardan bəhs edib. O, son 40-50 ildə dünyada bakterial dərman rezistentliyi ilə mübarizədə əldə olunmuş irəliləyişlərdən danışıb. Həmçinin insanların ömrünün azalması səbəblərinin əsasən yoluxucu xəstəliklərlə bağlı olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, müasir dövrdə tibb sahəsində antibiotiklərə qarşı müqavimətin artması ən kəskin problemlərdəndir və onun həllində əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür.
Elmi tərəqqinin əsasında fundamental tədqiqatların dayandığını söyləyən Nobel mükafatı laureatı Kurt Vütrix ötən əsrin fundamental tədqiqatlarının XXI əsrdə biologiya və tibbi diaqnostikadakı əhəmiyyətindən bəhs edib, bildirib ki, elmin qloballaşdığı müasir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi xüsusilə vacibdir.
Professor Tomas Kristian Züdhof kök hüceyrələrinin yaradılmasındakı çətinliklərdən, eləcə də bu hüceyrələrin neyronlara çevrilməsi texnologiyalarından söz açıb.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
“Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri” mövzusunda ikinci panel də maraqlı müzakirələrlə yadda qalıb.
Nobel mükafatı laureatı, professor Ervin Neyer 1976-1981-ci illərdə ion kanalları ilə bağlı aparılmış tədqiqatlardan danışaraq bildirib ki, bu araşdırmalar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır. Hazırkı dövrdə dünyada yüzlərlə laboratoriya bu tədqiqatlardan yararlanır.
Professor Rudolf Martin Tsinkernagel isə məruzəsində immun çatışmazlığı virusu və vərəmə qarşı peyvəndin olmaması səbəblərini izah edərək deyib ki, həmin infeksiyalara qarşı vaksinlərin yaradılması ehtimalı ya çox azdır, ya da bu mümkün deyil. Ümumilikdə peyvəndlərin əhəmiyyətindən danışan alim bununla bağlı əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılmasının zəruriliyini vurğulayıb.
Toplantıda həmçinin professor Karol Sikoranın “Xərçəng: biotexnologiya üçün müvəffəqiyyət tarixi”, professor Enriko Proiettinin “Xərçəng əleyhinə peyvəndlər xərçəngin müalicə və profilaktikası üçün yeni eradır”, professor Nikolay Zefirovun “Dərman kimyası: biologiya və kimyanın qovuşmasında olan elm” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb. Məruzələrdə son illər xərçəng xəstəliyinin müalicəsi sahəsində aparılmış tədqiqatlardan, gen terapiyası və onun əhəmiyyətindən danışılıb, habelə əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb. Bu sahədə dünyada, o cümlədən Azərbaycanda mühüm işlərin görüldüyü diqqətə çatdırılıb.
Professor Gümrah Əliyevin “Yatmış gen ürək-damar, sinir və onkoloji xəstəliklərin inkişafının müasir alternativ nəzəriyyəsi kimi”, professor Afiq Bərdəlinin “İnflammasomaya bağlı irsi xəstəliklər və hədəf müalicəsi” mövzularında məruzələri maraqla qarşılanıb.
“Müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektləri”nə həsr olunan üçüncü panel iclasda isə professor Riçard Bört “Kök hüceyrələr: “ölülər” “dirilərə” yardım edir”, professor Nuru Bayramov “Transplantologiyada kök hüceyrələr” mövzularında məruzələrlə çıxış ediblər.
Alimlər müasir dövrdə tibbin yüksək inkişafı nəticəsində bəzi genetik xəstəliklərin qarşısının alınmasının mümkünlüyünə diqqət çəkərək, son illər bu istiqamətdə, habelə orqan transplantasiyası sahəsində böyük uğurlar əldə olunduğunu qeyd ediblər. Məruzələrdə hüceyrə müalicəsinin əhəmiyyətindən, bu sahədə qazanılmış uğurlardan, kök hüceyrələrinin tibb sahəsində geniş istifadəsindən də bəhs olunub.
“Dəyirmi masa”ya yekun vuran akademik Əhliman Əmiraslanov tədbirdə tibb sahəsi üçün son dərəcə dəyərli və aktual məsələlərin müzakirə edildiyini, dünya təbabətində əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verildiyini vurğulayıb. Dünyanın məşhur alimlərinə Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə minnətdarlığını bildirən akademik “dəyirmi masa”da aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.