Dərmanların içlik vərəqəsi Azərbaycan dilində olmalıdır
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkəmizdə dərmanların istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyətli müəssisələrə xəbərdarlıq edib.
Bu haqda bizə AEM-in mütəxəssisi Ulduz Eyvazova məlumat verdi. Bildirdi ki, AEM yalnız dərman təminatını deyil, əhalinin dərman vasitələrindən düzgün istifadəsini təşkil etmək üçün də lazımi addımlar atır: “Bu mühüm işlər sırasında ölkə ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi də var. Mərkəz dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununa əsaslanır. Həmin Qanunda isə istifadə təlimatının Azərbaycan dilində olması zəruri tələb kimi öz əksini tapır”.
İçlik vərəqinin istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitə olduğunu vurğulayan müsahibimiz qeyd etdi ki, dərmandan düzgün istifadə onun müalicəvi effektini təmin edən əsas şərtlərdəndir: “İstifadə təlimatı dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsi, farmakonəzarətin həyata keçirilməsi baxımından da əhəmiyyətli rola malikdir. Belə ki, istehlakçılar üçün nəzərdə tutulan istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi və digər bu kimi məlumatlar öz əksini tapır. Bununla yanaşı, orada dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması qaydaları (temperatur rejimi və və digər şərtlər), yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsi ilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar yer alır. Bütün bunlar çox vacib informasiyadır və hər kəs üçün başa düşülən dildə olmalıdır. Buna görə də ölkəmizdə dərmanların istifadə təlimatlarının Azərbaycan dilində olması vətəndaşların konstitusion hüququdur”.
Ulduz Eyvazova eyni zamanda vurğuladı ki, içlik vərəqləri anlaşılan və sadə dildə yazılmalıdır: “Bunu nəzərə alaraq, AEM əlaqədar dövlət qurumlarına, əczaçılıq topdan və pərakəndə satış müəssisələrinə, dərman vasitələri istehsalçılarının nümayəndəliklərinə dəfələrlə xəbərdarlıq edib. Bu məqsədlə həm müəyyən toplantılar keçirilib, həm xəbərdarlıq Mərkəzin rəsmi saytı və facebook səhifəsində yerləşdirilib, həm də ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib”.